“Prezident mənə dedi ki, qorxma...” - Allahşükür Paşazadə
“Müstəqillik qazananda cəmi 17 məscidin olduğu Azərbaycanda hazırda 2 min məscid var. Bu, ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin apardığı siyasətin, dinə yanaşmasının nəticəsidir”.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bunu Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşlarının 7 mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib.
QMİ sədri keçən il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunmasını xatırladıb:
“Mən bunu eşidəndə bir az qorxdum. Qonşuluğumuzda 80 milyonluq Türkiyə, İran kimi müsəlman dövlətləri var, 9 milyonluq bir dövlət deyir ki, dünyada islam həmrəyliyi yaradacağıq. Mən bunu prezident İlham Əliyevə dedim, dövlət başçısı cavab verdi ki, qorxma, bacararıq. Bu, uzaqgörənlikdir. Azərbaycanda həm İslam Oyunlarının keçirilməsi, həm “İslam həmrəyliyi ili” elan olunması çox önəmli idi.
Mən bu ay xaricdə iki böyük tədbirdə olmuşam. O tədbirlərdə Azərbaycana böyük qiymət verirdilər. Bu hörmət ölkəmizdə ifadə, dini etiqad azadlığının olması ilə bağlıdır. Bəziləri ölkəmizə qara yaxmaq istəyirlər. Mən onlardan soruşuram ki, bu dövlət, xalq üçün nə etmisiniz?! Məscidlərimizin sayı 17-dən 2 minə çatıb. 800 məscid qeydiyyatdan keçib, 1000-dən yuxarı din xadimlərimiz var. Bu yaxınlarda İlahiyyat İnstitutu açılıb. Bu ildən inşallah, Bakıda və başqa regionlarda mədrəsələrimiz açılacaq. Dövlət dindarlar üçün hər cür şərait yaradıb. Bu gün əsas məqsədimiz öz dövlətimizi, dövlətçiliyimizi qorumaqdır. Bizi başqa yola çəkmək istəyən, xaricdən bizə təsir etmək istəyən insanlar dövlətimizi, xalqımızı istəməyənlərdir. Dövlətimizi, xalqımızı istəyən insanlar belə işlər görməzlər”.