Skandinaviya ölkəsində rəqəmsal “korona-pasport”lar tətbiq edilir



 

Danimarkada rəqəmsal “korona-pasport”lar tətbiq olunacaq.

TV2 telekanalı məlumat verir ki, ölkənin Sənaye Konfederasiyası və Krallığın Ticarət Palatası hökumətlə bu barədə razılığa gəlib.

Bildirilir ki, yenilik çərşənbə günü təqdim ediləcək, ilk növbədə işgüzar səfər edənlərə təsir göstərəcək.

“Belə bir pasportda peyvəndlə bağlı məlumatların yerləşdirilməsi ehtimal olunur, daha sonra orada anticisimlərin olması barədə məlumatlar ortaya çıxacaq”, - deyə telekanalda bildirilir.

Belə rəqəmsal sənədlər bir ay ərzində dövriyyəyə buraxıla bilər.

“Korona-pasport”lar bərbər və masajçı kimi peşə nümayəndələrinin işlərini davam etdirmələrinə imkan verəcək, danimarkalılar bu vasitəylə restoranlara, konfranslara, musiqi festivallarına və idman yarışlarına gedə biləcəklər.