Rusiya XİN Gürcüstanla vizasız rejimin tətbiqini istisna etmir

 



 

Rusiya gələcəkdə qarşılıqlı əsasda Gürcüstanla vizasız rejimin tətbiq olunmasını istisna etmir.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

 

Rusiya XİN başçısının müavini buna nail olmağın hələlik çətin olduğunu söyləyib: "Perspektivdə vizasız rejimin tətbiq olunması imkanlarını istisna etmirik. Lakin buna doğru hərəkət etmək hələlik çətindir. Hər şeydən öncə buna diplomatik münasibətlərin olmaması maneə olur. Məlum olduğu kimi, diplomatik münasibətlər Tbilisinin təşəbbüs ilə dayandırılıb. Müvafiq qərarın qəbulu zamanı sərhədyanı təhlükə, o cümlədən terror təhlükəsinin, eləcə də qeyri-leqal miqrasiyanın artması nəzərə alınmalıdır".

 

Q. Karasin Rusiyanın Gürcüstana aviaekipajlar üçün vizasız rejimin tətbiq olunması haqqında konkret təkliflər verildiyini bildirib: "Məmnuniyyətlə qeyd edirik ki, 2016-cı il ərzində bizim tərəfimizdən verilən vizaların sayı iki dəfə artaraq 40 minə çatıb. Bu il isə bu göstərici daha yüksək olacaq".