Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar



 

Kürdəmir şəhərindəki 9 illik orta məktəbdə kommersiya kursunun fəaliyyət göstərməsi valideynlərin narazılığına səbəb olub. Valideynlər iki təhsil sisteminin bir arada olmasından narahat olduqlarını bildiriblər. Mediada yer alan bu xəbər hələ bir neçə il əvvəl "məktəblərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması" ilə bağlı müzakirələrə yenidən diqqət yönəltdi.

"Ümumtəhsil məktəblərinin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi?" sualı sosial medianın da müzakirə mövzusuna çevrildi.

"Təhsil müəssisələrinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının hüquqi əsası varmı?" sualına aidiyyəti qurumdan cavab, təhsil ekspertlərindən münasibət öyrənməyə çalışdıq.

SeherXeber.org "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün"

Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyindən sorğumuza verilən cavabda bildirilir ki, "Ümumi təhsil haqqında" qanuna əsasən, ümumi təhsil müəssisəsi öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə Nazirlər Kabinetinin müəyyən etdiyi sahibkarlıq növləri və innovasiya fəaliyyəti ilə məşğul ola bilər: "Mövcud qanunvericiliyə görə, sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər". Belə ki, ümumi təhsil müəssisəsi ilə fiziki və ya hüquqi şəxslər arasında birgə fəaliyyət haqqında müqavilələr bağlana, özəl hazırlıq kurslarından və digər tədris mərkəzlərindən təlimçilər cəlb edilməklə məktəbdə ödənişli kurslar təşkil edilə bilər: "Məktəbin binası və ya binanın hər hansı bir hissəsi məktəbin özü və ya təhsili idarəetmə orqanları tərəfindən icarəyə verilə bilməz. Dövlət əmlakının icarəyə verilməsi müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir".

"Qanunda yer alsa da, icra mexanizmi yoxdur"

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyevin fikrincə, məktəblər sahibkarlıq fəaliyyəti ilə məşğul ola, hətta özləri kurslar da aça bilərlər. Amma bu məsələ qanunda yer alsa da, icra mexanizmi yoxdur. Belə ki, bunun üçün məktəblərin özü publik hüquqi şəxs olmalıdır: "Bu istiqamətdə addımlar atılır. Müzakirə olunur ki, bəzi məktəblərə pilot olaraq muxtariyyət verilsin və sınaqdan keçirilsin. Bu sınaqdan sonra məktəblər hər şeyi özləri tənzimləyə bilərlər. Hazırda isə məktəblərdə bu işi tənzimləyəcək nə kadr potensialı, nə də təcrübə var. Bu, narahatlıq yaradan məqamlardır. Nazirliyin də çətinliyi budur". R,Dünyamalıyev hesab edir ki, digər tərəfdən, məktəblərdə fəaliyyət göstərən hazırlıq kursları məktəblərin işinə mane olmamalıdırlar: "Sonra onun qarşısını almaq olmaz. Bu təcrübə ilə məşğul olan dövlət məktəbində işləyə bilməz. Çünki repetitor işi rəsmiləşdirilir və sistemdə onun özəl kursda və ya evində hazırlıqla məşğul olduğu görünür. Fərdi olaraq 1-2 nəfər sistemdən yayına bilər, amma toplu şəkildə repetitorları məktəbə buraxmırlar. Bu baxımdan, Azərbaycanda bununla bağlı bir təcrübə olmadığından bu fəaliyyətin olması əlavə söz-söhbətə səbəb olacaq. Ona görə də bu istiqamətdə qəti bir addım atılmır. Amma gələcəkdə hansısa bir model qurula bilər".

"Məktəblərin əlavə gəlirləri formalaşacaq"

Sahibkarlıq fəaliyyətinin məktəbə xeyrinə gəlincə, İŞ üzvü hesab edir ki, bu zaman məktəblərin əlavə gəlirləri formalaşacaq. Bu vəsait də müəllimlərin əməkhaqqı, məktəbin təmiri və s. məsələlərə sərf olunacaq: "Hazırda məktəblərin təhlükəsizlik xidmətləri ilə bağlı problemlər var. Hər məktəbdə təhlükəsizlik xidməti yoxdur. Valideynlər də bunu tələb edir və bu xidmətə ciddi şəkildə ehtiyac var. Azərbaycanda 4 min məktəb var. Hər məktəbin qarşısına bir polis saxlamaq olmaz. Bunu tənzimləmək üçün məktəbin əlavə gəlirləri olmalıdır. Digər tərəfdən, imkanı zəif olan ailələrə məktəb özü dəstək ola bilər. Bu təcrübə Türkiyədə, ABŞ-də də var. Bu ölkələrdə məktəblərin öz büdcələri mövcuddur. Həmçinin məktəbdə konsultant və psixoloq xidmətini əlavə gəlirlərlə saxlamaq olar". İŞ üzvünün fikrincə, bu məsələdə elə bir mexanizm qurulmalıdır ki, qeyri-şəffaflığa imkan verilməsin.

"Şəffaflıq təmin olunarsa..."

Təhsil üzrə ekspert Nadir İsrafilov bildirir ki, qanunda sahibkarlıq fəaliyyəti üzrə maddə olsa da, hansı işlərin görülməli olduğu konkret deyil. Ziddiyyətin yaranması da buradan qaynaqlanır: "Tutaq ki, əksər məktəblərimiz beş günlükdür. Şənbə və istirahət günləri məktəblər boş olur. Həmin günlərdə idman cəmiyyətləri, ayrı-ayrı sənət kursları və s. məktəbləri icarəyə götürür və məktəbə pul köçürürlər. Həmin vəsait məktəbin fonduna daxil olmalı və təhsil müəssisəsi də öz ehtiyaclarını qarşılamalıdır. Amma bu pullar müqavilə bağlandığı üçün ümumi büdcəyə yönəldilir. Bu da kollektivdə narazılıq yarada bilər. Bu məsələdə şəffaflıq təmin olunmalıdır".

Əlavə söz-söhbətin olmaması üçün

N.İsrafilov hələ sovet dövründən sahibkarlıq fəaliyyəti ilə məşğul olan məktəblərin olduğunu bildirir: "Yevlax rayonunun Xaldan məktəbinin böyük və boş ərazisi vardı. O məktəbin təsərrüfatından alınan məhsuldan məktəbin uşaqları pulsuz qidalanırdı. Biz o məsələni kollegiyaya çıxardıq və qərar SSRİ Maarif Nazirliyinə göndərildi. Məktəbin direktoru Zahid Şöyübova SSRİ Xalq müəllimi fəxri adı verildi. Mən bu məsələni bir necə dəfə irəli sürmüşdüm. Bir sıra ali məktəblərə publik hüquqi şəxs statusu verilib. Yəni məktəblərə də şərait yaratmaq lazımdır ki, özlərini maliyyələşdirsinlər. Hələ mexanizm qurulmadığı üçün bu məsələ müxtəlif söz-söhbətlər və narazılıqlar yaradır. Əlavə söz-söhbətin olmaması üçün məktəbdə sahibkarlıq fəaliyyəti, hansı işlərin görülə biləcəyi ilə bağlı siyahı dərc edilməlidir".