DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA...” - "TƏŞƏBBÜS" VP



 

Kitabdan hissələr- 12

... Nədən Ayaz Mütəllibov Azərbaycan Xalq Cəbhəsi ilə bir araya gələ bilmirdi və nədən onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevlə münasibətləri həddən ziyadə gərgin idi?
Öncə A. Mütəllibovla Azərbaycan Xalq Cəbhəsi arasındakı münasibətə nəzər yetirək.

Azərbaycan Xalq Cəbhəsi (AXC)
Ötən əsrin 80-ci illərinin ortalarından etibarən SSRİ-də M.Qorbaçovun “Yenidənqurma və Aşkarlıq” siyasətinə rəğmən bir sıra iqtisadi, siyasi və sosial islahat hərəkatları yaranmağa başladı. 74 il yasaq olan mövzular bəzi cəmiyyətlərdə və klublarda cəmlənmiş ziyalılar tərəfindən müzakirə olunurdu. Məhz bu ziyalılar sonra "Xalq cəbhələri" adlanacaq siyasi təşkilatların ideoloji əsaslarını və özəklərini yaratmağa başladı. Azərbaycanda da “Yenidənqurma və Aşkarlıq” yeni bir siyasi mühitin formalaşmasına rəvac verdi. Müxtəlif tələbə təşkilatları, siyasi diskusiya klubları yaranmağa başladı. Bu qurmlarda siyasi mühit dəyişikliyindən irəli gələn bəzi məsələlər, o cümlədən SSRİ çərçivəsində Azərbaycanın suverenliyi məsələləri də müzakirə olunurdu. Qeyd etmək gərəkdir ki, M. Qorbaçovun “Yenidənqurma və Aşkarlıq” siyasətindən ən birinci yararlanan Baltikyanı müttəfiq respublikalar- Latviya, Litva və Estoniya idi. Hələ sovet dönəmində belə bu 3 müttəfiq respublikanın Moskvaya qarşı neqativ münasibəti açıq formada olmasa da, hiss olunurdu. Onlar Azərbaycan, yaxud Orta Asiyanın müttəfiq respublikalar kimi “Kreml aşiqi” deyildi. Əksinə, II Dünya müharibəsindən əvvəl SSRİ-nin tərkibinə zorla qatılmış bu respublikalar Kremli “işğalçı” sayırdı.
Azərbaycan Xalq Cəbhəsini formalaşdırmaq üçün 1988-ci ildə Bakı Alimlər klubunda bir qrup ziyalı tərəfindən Təşəbbüs qrupu yaradıldı. Onun əsas şüarı SSRİ daxilində suverenlik qazanmaq idi. Ardınca təbliğat prosesinə start verildi və "Varlıq", "Çənlibel" kimi yarımleqal təşkilatlar da təşəbbüs qrupuna qoşuldu. 1988-ci ilin avqust-iyul aylarında Azərbaycan Xalq Cəbhəsinin yaradılması haqqında müzakirələr gedirdi və gizli toplantılara gələnlərin sayı get-gedə artırdı
Nəhayət, Azərbaycan Xalq Cəbhəsi 16 iyul 1989-cu ildə təsis olundu və Əbülfəz Elçibəy sədr seçildi.
Təsis konfransında bir sıra qətnamələr qəbul edildi ki, onların biri üzərində dayanmaq fikrindəyəm.
AXC-nin Azərbaycan Sovet Sosialist Respublikasının dövlət suverenliyi haqqında qətnaməsində deyilirdi:
Azərbaycan Xalq Cəbhəsi SSRİ tərkibində qalmaqla respublikanın suverenliyinə nail olmaq perspektivini yalnız inqilabi yenidənqurma proseslərinin davam etməsi şəraitində mümkün hesab edir. Yenidənqurma baş tutmayacağı halda Azərbaycanın dövlət suverenliyi uğrunda mübarizəyə başlayacaqdır.
Konfransda qəbul olunan proqramın "Ümumi prinsipləri"ndə 'Azərbaycan Xalq Cəbhəsinin respublika əhalisinin yenidənqurma və ölkənin həyatının demokratikləşdirilməsi uğrunda mübarizə aparan ictimai təşkilat olduğu qeyd olunsa da, sonradan dəyişiklik edilmiş Məramnamə və Nizamnamədə Azərbaycan Xalq Cəbhəsinin müstəqil, vahid, demokratik Azərbaycan uğrunda mübarizə aparan şəxsləri və qurumları birləşdirən ictimai-siyasi təşkilat olduğu deyilirdi.
Göründüyü kimi təsis olunan zaman Azərbaycan Xalq Cəbhəsinin SSRİ-ni dağıtmaq kimi bir plan olmayıb. Xalq Cəbhəsi Dağlıq Qarabağı xilas etmək və sosializmi yeniləmək istəyirdi.
5 oktyabr 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi rəsmən dövlət qeydiyyatına alındı. Qeydiyyatla bağlı maraqlı bir detala diqqət edin. Nazirlər Kabineti Azərbaycan Xalq Cəbhəsini 1932-ci ildə qəbul olunmuş qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı bir qanuna əsasən qeydə almışdı.
Azərbaycan Xalq Cəbhəsi faktiki olaraq, 1989–1993-cü illərdə Azərbaycandakı ictimai-siyasi proseslər üzərində əhəmiyyətli təsirə malik idi. Soydaşlarımızın Ermənistan ərazisindən vəhşiliklə kütləvi deportasiyası, Dağlıq Qarabağ ərazisində etnik təmizlənmənin geniş vüsət alması və baş verən proseslər zəminində ölkə rəhbərliyinə qarşı yaranmış inamsızlıq AXC sıralarının sürətlə artmasına səbəb oldu.
Xalq Kremldən daha çox Bakıdakı rəhbərlərə qəzəbli idi və Azərbaycanın düçar olduğu bu fəlakətli durumdan Xalq Cəbhəsinin çıxaracağına inanmağa başladı.
1988-ci ilin noyabrın 17-də Şuşada yerləşən əzəmətli palıd, və çinar meşəsi - Topxananın qırılmasına etiraz əlaməti olaraq Azərbaycan xalqı Azadlıq meydanında (keçmiş Lenin meydanı) böyük bir mitinq keçirdi. Mitinqin təşkil olunmasında məqsəd xalqın səsini Mərkəzə - Moskvaya çatdırmaq idi. O dövrün respublika hakimiyyətinin qarşısında xalqın adından əsasən üç tələb qoyulmuşdu:
• Topxana meşəsinin qırılması dayandırılsın;
• Dağlıq Qarabağ muxtar vilayəti ərazisində respublika hakimiyyətinin səlahiyyətləri bərpa olunsun;
• SSRİ Ali Sovetinin növbəti sessiyasında Qarabağ məsələsi müzakirə olunsun, olunmazsa, bizim deputatlar geriyə – Respublikaya qayıtmasınlar.
Topxana meşəsində törətdilən vəhşilikdən sonra Xalq Cəbhəsinin Bakıda düzənlədiyi mitinqlər onun nüfuzunu qat-qat artırdı. Məhz bu mitinqlərdən başlanğıc günü olan 17 noyabr “Milli Dirçəliş” günü olaraq tarixə keçdi. Bu, Azərbaycan xalqının oyanışı, Azərbaycan xalqının formalaşması, milli kimliyini sübut etməsi, millət kimi özünü dərk etməsi idi. 17 noyabrdan dekabrın 5-ə qədər Azadlıq meydanında düzənlənən və yüzminlərin iştirak etdiyi mitinqlərdən sonra Azərbaycan rəhbərliyi Xalq Cəbhəsinin gücünü açıq-aşkar hiss etdi və bu qurumun Azərbaycanda hakimiyyəti ələ keçirəcəyinə potensial təhlükə olduğunu Kremlin diqqətinə çatdırdı.
Qısa zaman kəsimində AXC-nin bütün rayonlarda şöbələri fəaliyyətə başladı. Kəndlərdə, hətta, kəndin məhəllələrində belə Xalq Cəbhəsinin özəkləri yaradılırdı. Xalqda düşüncə dəyişikliyi təzahür etməkdəydi. 72 il SSRİ-nin “qapalı həbsxanasında” yaşayanlar birdən-birə “demokratiya və aşkarlıq” mühitinə düşdükləri üçün ruhları göylərdə uçurdu. Adamlar düşündüklərini qorxub-çəkinmədən danışır, neqativ nə varsa onu dilə gətirir, ölkə rəhbərlərinin fəaliyyəti açıq-aşkar müzakirəyə çıxarılırdı. Xalq Cəbhəsinin məhəllə özəklərindən başlamış ta ki, Cəbhənin İdarə Heyətinə qədər demokratiya və plüralizm hökm sürürdü. Dağlıq Qarabağda və ölkədə cərəyan edən proseslər Azərbaycan Xalq Cəbhəsini daha məsuliyyətli addımlar atmağa vadar edirdi. Mitinqlər və tətillər təbii ki, Azərbaycana rəhbərlik edənlərin ürəyincə deyildi. Moskvanın diqtəsi ilə işləyən Əbdürrəhman Vəzirov Xalq Cəbhəsini susdurmaqda aciz idi. Artıq ölkəboyu “cəbhələşmə” prosesinin qarşısının alınması mümkün olmadığından Kremldən yardım istənilirdi. Nə istəyirdi Xalq Cəbhəsi? Əslində onların istədikləri respublikanın başında dayanan şəxsin Kremlin deyil, xalqın tərəfini tutması idi. Ayaz Mütəllibov bir yana, Əbdürrəhman Vəzirov belə ermənilərin xalqımızın başına gətirdikləri faciələrə rəğmən vəzifə kreslosundan ikiəlli yapışmasaydı, bütün xalqın gözündə qəhrəmana çevrilərdi. Onlar bunu bacarmadı. Tam əksinə, əvvəl Ə. Vəzirov, sonra Ayaz Mütəlibbov milli oyanışa görə ayağa qalxmış xalqın yenidən dizi üstə düşməsi üçün əllərindən gələni etdilər. Onlar hər vəchlə oyanış hərəkatını boğmağa cəhd etdikcə, xalq Xalq Cəbhəsinə dəstəyini artırırdı. 1980-ci illərin sonu-90-cı illərin əvvəlində Azərbaycanda iqtisadi durum olduqca bərbad vəziyyətdə idi. İnsanlar zəruri ərzaq məhsullarını almaqda zorlanırdı. Ancaq buna baxmayaraq kimsə maddi cəhətdən pis yaşadığına görə səsini çıxarmırdı. Nədən ki, ortada ermənilərlə savaş dayanırdı. Vətənpərvərlik hissi aclığın, işsizliyin önə çıxmasına imkan vermirdi. O illərdə Azərbaycan Xalq Cəbhəsinin ən böyük xidməti xalqda vətən, dövlət və millət sevdasını yaratmaq oldu.
Xalq torpaqlarını, qürurunu qorumaq üçün döyüşmək istəyirdi. Xalq ölüm bahasına da olsa vətəni qorumaq istəyirdi. Başında dayanan lideri, komandiri yoxdu xalqın.
Azərbaycan Xalq Cəbhəsi bu boşluğu doldurmaq niyyətindəydi. Ancaq Ə. Vəzirov və A. Mütəllibov buna imkan vermirdi. Obyektivlik üçün qeyd etmək fikrindəyəm, Ə. Vəzirov Xalq Cəbhəsinə olan münasibətdə A. Mütəllibov qədər sərt və barışmaz deyildi. Ona görə ki, Ə. Vəzirov proseslərə nəzarət edə bilmədiyini özü də anlayırdı və hər kəs bilirdi ki, təsadüfi bir kadr kimi əlinə düşən ilk fürsətdə Azərbaycanı tərk edəcək. Başqa sözlə onun ürəyindən münaqişəni yoluna qoyduğu halda Azərbaycana hökmdarlıq etmək keçmirdi. Adam olsa-olsa yüzdə 20 faiz azərbaycanlı idi. Yüzdə 80-i isə rus təfəkkürünə, rus mentalitetinə aid olduğu açıq görünürdü.
Ayaz Mütəllibov tipik bir partokrat kimi vəzifə kreslosunda böyümüşdü. Kreslonun dadını çox yaxşı bilirdi. Ona görə də nəyin bahasına olursa-olsun Xalq Cəbhəsinin səsini kəsmək istəyirdi. O, respublika rəhbəri kimi Xalq Cəbhəsini boğmaq üçün əlində olan bütün resurslardan istifadə etdi. Ancaq buna nail ola bilmədi. O illər Xalq Cəbhəsi elə xalq demək idi. Xalqa qalib gəlmək isə baş tutası bir iş deyildi. Ayaz Mütəllibov Qanlı Yanvar faciəsindən sonra Azərbaycanın başına gəldi. Tarixin ironiyasına fikir verin, o, qanlı Xocalı
faciəsindən sonra hakimiyyəti tərk etmək zorunda qaldı və ikiəlli tutduğu kreslosu Azərbaycan Xalq Cəbhəsinin ixtiyarına keçdi...

Ayaz Mütəllibovun AXC-dən sonra digər bir savaşı da vardı. Bu savaş Heydər Əliyevlə olan savaş idi.
Ayaz Mütəllibovun Heydər Əliyevlə münasibəti nədən gərgin idi?
1987-ci ildə Mixail Qorbaçov vəzifədən uzaqlaşdırdıqdan sonra sovet vətəndaşları H. Əliyevdən ilk dəfə 1990-cı ilin yanvar ayının 21-də xəbər tutdu. Sovet Ordusunun Bakında törətdiyi qanlı faciənin ertəsi günü H. Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və mətbat konfransı keçirərək SSRİ rəhbərliyini sərt sözlərlə ittiham etdi. Yanvar ayının 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlişi və oradakı sərt çıxışı həm də, H. Əliyevin böyük siyasətə yenidən qayıtmasının miladı idi.
Bu mübahisədən sonra Kremlin onu rahat buraxması mümkün deyildi. Kreml ilk addımını "Pravda" qəzetində atdı. Dərc olunmuş «Əliyevçilik, yaxud xoş əyyamların xiffəti» məqaləs ilə H.Əliyevə qarşı siyasi təqib başlatdı. Bunun ardınca nələrin gələcəyini hər kəsdən yaxşı Heydər Əliyevin özü bilirdi. Kommunist rejiminin mahiyyətinə dərindən bələd olan Heydər Əliyev Moskvada yaşamağa davam etməyin həyatı bahasına başa gələcəyini bildiyi üçün ilk fürsətdə oradan ayrılmağı planlaşdırdı.
O, 1990-cı il iyulun 20-də Azərbaycana döndü. Bu dönüşdən ən çox narahat olan Ayaz Mütəllibov oldu. Bakıda qardaşının evində qalan H. Əliyev A. Mütəllibovun “narahatlığına” rəğmən planlanan təxribat barədə məlumat aldıqdan sonra 22 iyul 1990-cı ildə Naxçıvana getdi. Ayaz Mütəllibov H. Əliyevin Bakıda yaşamasına əngəl olmaqla aralarında olan körpüləri yandırmış oldu.
22 iyulda Naxçıvandakı Lenin meydanında toplanmış 10 minlərlə naxçıvanlının önündə H. Əliyev çıxış etdi. Naxçıvandakı bu çıxış eyni zamanda H. Əliyevin böyük siyasətə qayıtmasının təsdiqi idi. 1990-cı ilin sentyabr ayının 30-da Azərbaycan SSR Xalq deputatlarının və yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri keçirildi və H. Əliyev həm, Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin, həm də, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (MSSR) Ali Sovetinin deputat seçildi. 1990-cı il noyabr ayının 17-də H.Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası öz işinə başladı. Sessiya "Naxçıvan MSSR-in adının dəiyşdirilməsi haqqında", "Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında", "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" qərarlar qəbul etdi. Sessiyada qəbul oluna qərarla Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu.
Təbii ki, Naxçıvan Muxtar Respublikasının qəbul etdiyi bu qərarlar Ayaz Mütəllibovu Kreml qarşısında pis durumda qoyurdu. Kremlin SSRİ-nin saxlanmasına dair referendum keçirməsinə hazırlaşdığı bir zamanda Naxçıvanda atılan addımları neytrallaşdırmaqda gücsüz olan A. Mütəllibov Bakıda yaşayan Naxçıvan əsilli elm adamlarını və yüksək vəzifə sahiblərini H. Əliyevlə danışıqlar aparmağa göndərdi. Lakin A. Mütəllibovun gözlədiyi nəticə hasil olmadı.
Azərbaycan SSR Ali Sovetinin 1991-ci il mart ayının 7-də keçirilən sessiyasında SSRİ-nin qorunub saxlanması barədə referendumda Azərbaycanın iştirakı məsələsinin müzakirəsində çıxış edən H.Əliyev bunun əleyhinə səs verdi.
Mart ayının 14-də isə Naxçıvan MR Ali Məclisinin sessiyası SSRİ-nin saxlanmasına dair Ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi barədə qərar qəbul etdi.
Qeyd etmək gərəkdir ki, Naxçıvanda bu qərarlar qəbul olunarkən MR Ali Məclisinin sədri H. Əliyev deyildi. H. Əliyev 1991-ci il sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. O. Sədr seçildikdən 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan MR Ali Məclisində Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında Qərar qəbul olundu. Bu qərarla və sonradan qəbul edilmiş digər qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması təmin olundu. Xüsusi olaraq qeyd etmək gərəkdir ki, H. Əliyev Naxçıvan Ali Məclisinin Sədri olduğu müddətdə Ermənistanın Muxtar Respublikaya təcavüzünün qarşısını almağı bacardı. Onun Türkiyə və İranla hətta, Ermənistan rəhbərləri ilə apardığı danışıqların müharibənin qarşısının alınmasında böyük rolu oldu. Bakıda bəzi siyasətbazlar bu danışıqları qərəzli olaraq “mərkəzdən xəbərsiz separat danışıqlar” adlandırdı. Ancaq hadisələrin gedişi göstərdi ki, blokada vəziyyətində olan Naxçıvanda müharibənin qarşısının alınması Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edib.
Ayaz Mütəllibovun respublika rəhbəri olaraq, Naxçıvanda qəbul olunmuş qərarlara neqativ münasibəti sırf siyasi uzaqgörən olmadığının sübutu idi. Dağılma ərəfəsində olan kommunist rejiminin yaşaması üçün əlindən gələni əsirgəməyən A. Mütəllibov bir rəhbər kimi müharibə vəziyyətində olan ölkədə bütün qüvvələrin birləşməsi üçün gərəkli addım atmaq əvəzinə H. Əliyevə qarşı savaş açmışdı. Tərəfdarlarının Ali Sovetin sessiyalarında H. Əliyev çıxış edərkən nümayiş etdirdikləri tərbiyəsizlik yəqin ki, çoxlarının yadındadır. Bir vaxt H. Əliyevlə əl tutub görüşmək üçün sıraya düzülən vəzifəli şəxslərin H. Əliyev tribunada olarkən, etiraz olaraq ayaqlarını yerə döyməsi, səs-küy salması çox-çox miskin bir mənzərə idi. A. Mütəllibovu 1977-ci ildə Bakı Şəhəri Nərimanov rayonu partiya komitəsinin ikinci katibi vəzifəsinə məsləhət bilən və onu 1979-cu ildə respublikanın yerli sənaye naziri vəzifəsinə təyin edən Heydər Əliyev olmuşdu. 1991-ci ildə Ali Sovetin sessiyalarında H. Əliyevə qarşı gerçəkləşən anormal hərəkətlərin ssenari müəllifi də məhz A. Mütəllibov idi. Bu bir nankorluq idi. A. Mütəllibovun himayəsi altında fəaliyyət göstərən “Qardaşlıq” adındakı cəmiyyət A. Mütəllibovun H. Əliyevlə apardığı intriqaya rəğmən Bakıda antinaxçıvan toxumu səpməkdəydi. Adındakı “qardaşlıq” kəlməsinin anlamından xəbərsiz olanların hərəkətlərinin çox ağır fəsadları ola bilərdi. Yaxşı ki, tarix bu acıları xalqa yaşatmadı. Ayaz Mütəllibovun Heydər Əliyevə düşmən münasibətinin qurbanına çevrilən yüzlərlə yox, minlərlə, onminlərlə naxçıvanlı blokada vəziyyətində olan Muxtar Respublikaya getmək üçün günlərlə aeroportda yatır, ölüsünü belə Naxçıvanda dəfn etmək üçün aparmağa təyyarə tapmırdı. Ölkənin başında dayanın öz vətəndaşlarına qarşı anormal münasibəti həm, o rəhbərin, həm də, xalqın faciəsindən başqa bir şey deyildi. Böyük alman mütəfəkkiri İmmanuel Kant özünün fəlsəfi-hüquqi nəzəriyyələrində qeyd edir ki, “Güclü dövlətin iki mühüm təminatı mövcuddur – xalq tərəfindən dəstəklənən mütərəqqi ideologiya və bu ideologiyanın daşıyıcısı olan xarizmatik lider”. Filosofun bu fikirlərini Azərbaycanda o illərdə yaşananlar təsdiq etməkdəydi.
H. Əliyev Naxçıvan Ali Məclisində üçrəngli bayrağımızı qaldırır, “Sovet Sosialist” söz birləşməsini atmaqla Naxçıvan MSSR-i Naxçıvan Muxtar Respublikasına çevirir və SSRİ-nin saxlanmasına dair Ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi barədə qərar qəbul edir. Ayaz Mütəllibov isə SSRİ-nin saxlanmasına dair Ümumittifaq referendumuna hazırlaşır və növbəti addım kimi Azərbaycan SSR-də prezideti seçkisini planlaşdırır. Dövlətçilik prizmasından baxdıqda kimin hansı mövqedə dayandığı və nə qədər siyasi uzaqgörən olduğu açıq-aşkar görünmürmü?
1990-cı illərdə Azərbaycanda iqtisadi durum ağır idi. Blokadada olan Naxçıvan Muxtar Respublikasında isə bu durumu həddən ziyadə acınacaqlı saymaq olardı. Azərbaycanın rəhbəri olduğu iki ildən artıq bir müddətdə A. Mütəllibov bir dəfə də olsun blokada olunmuş Naxçıvan səfər etmədi. Azərbaycanın rəhbəri həm də Azərbaycan ordusunun Ali Baş Komandanıdır. A. Mütəllibovun Ali Baş Komandan olaraq xalq üçün hansı bir işə imza atdığını xa tırlayan varmı?
Onun başı bir tərəfdən Kremlin qulluğunda dayanmağa, digər tərəfdən H. Əliyev və Xalq Cəbhəsi ilə “müharibəyə” qarışdığından xalqın təhlükəsizliyini və düşməndən müdafiəsini təmin etmək barədə qəti qərarlar verə bilmirdi. Ən başlıcası isə Azərbaycanın daxilində gedən bu “müharibələr” Ermənistanın xeyrinə idi.
“Ağacı içindən qurd yeyər” deyib atalar. Dünyadakı er məni lobbisi, Kremldəki erməni mafiyası, “Daşnaksütün” partiyası, Yerevandakı erməni millətçiləri və Ermənistanın başında dayanan rəhbərlər sıx birləşərək Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” planını gerçəkləşdirir, biz isə içəridə biri-birimizə qarşı “müharibə” vəziyyətindəyik. Belə bir durumda vətən torpaqlarının işğalının qarşısını almaq mümkün deyildi və xalq bu işğal üçün münbit şərait yaradan rəhbərləri heç vaxt unutmayacaq.
Elə buradaca, bir məsələ barədə fikirlərimi bölüşmək fikrindəyəm. H. Əliyev 2 il Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, 13 il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsini icra edib. 5 il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü olub. O, SSRİ tarixində Kremldə ən yüksək vəzifə tutan Azərbaycan vətəndaşı idi.
H. Əliyev Azərbaycana qayıdanda 67 yaşında idi və evi olmadığı üçün qardaşının evində qalmağa qərar vermişdi. Lütfən, hər bir oxucu vicdanına söykənərək aşağıdakı suala cavab versin. O qayıdış günü Ayaz Mütəllibov Heydər Əliyevi oturduğu kabinetə dəvət edib yemək, ya da, çay süfrəsi arxsaında Azərbaycanın düçar olduğu ağır durumun müzakirəsini aparsaydı və ona Bakıda adına layiq bir mənzil verib mühafizəsini təmin etsəydi, onların arasındakı münasibət sonradan neqativ, yaxud pozitiv istiqamətdə davam edəcəkdi?
Obyektivlik naminə qeyd etmək gərəkdir ki, H. Əliyevə qarşı “savaşı” ilk olaraq A. Mütəllibov deyil, Ə. Vəzirov başlatmışdı. H. Əliyev M. Qorbaçov tərəfindən “vurlduqdan” sonra Bakıda H. Əliyev əleyhinə kampaniyanın başında dayanan Ə. Vəzirov Naxçıvan əsilli vəzifə sahiblərinə və elm adamlarına qarşı “naxçıvan klanı” adı altında kampaniyaya start vermişdi. Bu, çox iyrənc bir kampaniya idi.
Ayaz Mütəllibov dövlət və xalq üçün böyük əhəmiyyət kəsb edəcək bir addımı ata bilmədi. Əgər o, Azərbaycanın başının üstünü təhlükə aldığı bir zamanda xalqın həmrəyliyi naminə özündən əvvəl respublikaya rəhbərlik etmiş bir şəxsə hörmət və ehtiramla yanaşmağı bacarsaydı, bu gün Azərbaycanın siyasi mühitində çox sağlam bir hava olacaqdı. O, bunu etməməklə ən böyük səhvlərindən birinə imza atdı.
Çox təəssüf ki, Ayaz Mütəllibovdan sonra dövlətin başına keçmiş Əbülfəz Elçibəy də bu səhvi təkrar etdi...

"TƏŞƏBBÜS" VƏTƏNDAŞ PLATFORMASI