Aİ və AŞ son iki ildə Azərbaycanda təqribən 5 milyon avro dəyərində layihələr həyata keçirib

 



 

Avropa İttifaqı (Aİ) və  Avropa Şurası(AŞ) Azərbaycan ilə bir sıra layihələr çərçivəsində yaxından əməkdaşlıq edir.

"Report" xəbər verir ki, bu barədə Avropa Şurasının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi, səfir Zoltan Hernyes "Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq" Aİ-AŞ birgə proqramı çərçivəsində illik görüşdə bildirib.

Səfirin sözlərinə görə, Azərbaycanda layihələr söz azadlığı, insan hüquqları, media sahələrində həyata keçirilib, məhkəmə sistemində islahatlar aparılıb, ölkənin Ədliyyə Nazirliyinin əməkdaşlarının peşəkar hazırlığı yüksəldilib.

"AŞ və Aİ Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində iki layihənin müddətini 2018-ci il üçün uzatmaq qərarına gəlib", - Z.Herynes bildirib.

Öz növbəsində, Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas hazırda bu birliyin rəsmi Bakı ilə tərəfdaşlıq haqqında yeni sazişi müzakirə etdiyini xatırladıb.

Onun sözlərinə görə, Aİ həm yeni saziş, həm də "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanda layihələr həyata keçirilməsini davam etdirməyi planlaşdırır.

"2015-2017-ci illər ərzində Azərbaycanda dörd layihə həyata keçirməyə müvəffəq olduq: söz azadlığı, media, məhkəmə sisteminin səmərəliliyi və korrupsiya ilə mübarizə. Bu layihələrin həyata keçirilməsinə təxminən 5 milyon avro vəsait xərclənib", - nümayəndəliyin rəhbəri vurğulayıb.

K.Yankauskas qeyd edib ki, hazırda Aİ layihələrin nəticələrinin yaxşılaşdırılmasını və onların davamlılığını təmin etməyi qarşıya məqsəd qoyub.

"Gələcəkdə korrupsiyaya qarşı mübarizə sahəsində layihələr həyata keçirmək niyyətindəyik. Qanunun aliliyi üzrə islahatların həyata keçirilməsində Azərbaycana kömək edəcəyik, o cümlədən dəyəri 6 milyon avro olan texniki layihə reallaşdırmağı düşünürük", - o deyib.

Nümayəndəliyin rəhbəri həmçinin vurğulayıb ki, Aİ və Azərbaycan bu yaxınlarda saziş imzalayıb və sazişə əsasən, Avropa tərəfi məişət zorakılıqlarının həlli və məişət zorakılığı qurbanlarının reabilitaasiyası üzrə layihələrin həyata keçirilməsi üçün təxminən 3 milyon avro ayırmaq niyyətindədir.