“Ata, böyüyəndə lotu olacam”
Raminə Eyvazqızı
Məktəblinin hər dərsliyində səhv məlumatları, təhrifləri görəndə deyinirik, ürəyimiz soyumur nöqsanın şəklini çəkib sosial şəbəkəyə qoyuruq. Ardınca bu mövzuda xəbər janrı zənginləşir, doğru-yalan, obyektiv ya da qərəzli şərhlərlə söhbəti bağlayırıq. Və biz fırtına qopardığımız stəkanın suyunu elə özümüz də içirik. Nəticəsi olmayan, səhvləri düzəlməyən nəsnələrdən danışa-danışa çərləyirik.
Elə bilirik ki, uşaqlarımıza dərs verən kitabları, laqeyd təhsili söyməklə ürəyimiz soyuyacaq. Əsla, mümkünü yoxdur. Ətrafda olanlardan heç xəbərdarıqmı? Övladlarımıza dərs verən başqa nümunələr içindəyik! Axı həyatda şəxsiyyət kimi formalaşanda kimi və nələri isə nümunə götürmək məcburiyyətindəsən. Bu bir instinkdir. Əgər ata damağında siqaret övladına siqaretin zərərindən danışırsa, əynində idman forması olmayan müəllim məktəblini idman geyimi gətirmədiyi üçün təhqir edirsə, ana uşağını küçədə adam içində şapalaqlayıb sonra ərinin zorakılığından şikayətlənirsə, nümunələrin nəticəsi bərbad olacaq. Sözsüz, kimsə kiməsə ya zahirən, ya xaraktercə, ya da maddiyyatı cəhətdən bənzəməyə çalışır. Bunu rəqabət və qibtə qaydalarına görə yox, bəzən başqalarının maraqlarını, mənafeyini çeynəyərək edirlər. Artıq qaydasız döyüş tək rinqdə başlayıb bitmir.
Hərdən uşaqlarımla söhbət edəndə ötən əsrin doxsanlarında yaşamadıqları üçün onları qürurlandıram. Doxsanlar uşaqlığımız, yeniyetməliyimiz üçün gözəl abı-hava bəxş etmədi bizə. Dövrün çətinlikləri, doğulan yeni Azərbaycanın sıfırdan başlayan həyatında, açıq müharibə şəraitində çək-çövür etdik. Nə yaxşı ki, ailəmiz başımızın üstündə idi. Uşaqlara yaşadığı zaman üçün şükür etməyi öyrətmişkən, birdən fərqinə varıram ki, əslində ətrafdakı nümunələr daha böyük təhlükədən xəbər verir. Ətraf pis nümunə -axmaq, əliəyri insan, səriştəsiz, bivec ata, ana, valideyn, məmur, qatil, oğru və sairə tipli ikiayaqlı qaynayır. Ən pisi bu nümunələr xəbərə çevrilir. Xəbər dinləmək, oxumaq və TV-də izləmək bir vərdişdir.
Bunu uşaqlara da öyrətmək lazımdır ki, sabah ölkədə nə baş verdiyini soruşanda harasa tələsdiyini bəhanə edib aradan çıxmasın. Amma uşaqların (yeniyetmələrin) hansı xəbəri oxuyub, hansından ötüb keçdiyini bilə bilməzsən, onlar pis xəbərləri daha tez qavrayırlar.
Bir neçə gün əvvəl iki məhbusun qaçma xəbərini eşitdik. Böyük səs-soraq yaradan bu xəbərin ardınca evin tək oğlunun şəhidliyi hamını məyus etdi. Şəhidin traktorçu atasının duruşuna deməyə söz tapmadıq. Halbuki, deyiləcək o qədər söz vardı ki. Təəssüf ki, şəhid xəbərini böyüdə bilmədik, çünki iki ağır cinayət işləmiş avtoritetin qaçması xəbəri gözüyaşlı ailənin ağrısını ört-basdır etməyə yaradı. Qaçan avtoritetlerin xəbəri üstünə, başqa bir lotu azadlığa buraxıldı. Lotu, avtoritet xəbəri o qədər səs-soraq saldı ki, lotu olmağın ləzzətini görmək istəyənlər çoxaldı. Artıq "lotu" nümunəsini gözəl təqdim etməyə başlamışıq. "Qanuni oğrular", "lotu", "avtoritet"in yaxşı-pis xüsusiyyətlərini izah etməmiş, baxacağıq ki, artıq "lotu" valideyni olmusuq. "Ata, böyüyəndə lotu olacam" deyən uşağa, atası "ol bala, şəhid olmaqdansa lotu ol" dəstəyini versə, heç təəccüblənməyin.