Avstriya səfiri: “Heç kəs Azərbaycan və Ermənistanı hansısa həll variantına məcbur edə bilməz”
Avstriyanın Azərbaycandakı səfiri Aksel Vexin APA-ya müsahibəsi
- Oktyabrın 15-də Avstriyada parlament seçkiləri keçirildi. Bu seçkilərin nəticəsini necə qiymətləndirirsiniz? Seçkilərin nəticələrinin ölkənin ATƏT-də sədrliyinə hansısa təsiri olacaqmı?
- Seçkilər iki vacib dəyişikliklə nəticələndi. Gənc xarici işlər naziri Sebastian Kurzun sədrlik etdiyi Xristian Demokratlar Partiyası federal kansler Kristian Körnün rəhbərlik etdiyi güclü siyasi partiya olan Sosial Demokratlar Partiyasına qalib gələrək Avstriya parlamentində çoxluğa nail oldu. Azadlıq Partiyası 1 faiz geri qalaraq 3-cü yerdə qərarlaşdı və digər iki kiçik partiya da parlamentə daxil ola bildi. Daha bir dəyişiklik ondan ibarətdir ki, Yaşıllar Partiyası 4 faizlik limiti keçə bilməyərək federal parlamentdə təmsil olunmayacaq. Hazırkı vəziyyətdə qarşıda duran ən böyük məsələ güclü hökumət qurmaqdır. Hazırda federal prezident güclü partiyaya koalisiya yaratmaq təlimatı verəcək.
Mən hesab edirəm ki, bu gün Sebastian Kurz hökuməti qurmaq vəzifəsinə rəsmən təsdiq olunacaq. Mənim fikrimcə, ən mümkün yollardan biri 3 güclü partiyadan ikisinin koalisiya hökuməti yaratmasıdır, lakin siyasətdə hər bir manevr nəzərə alınmalıdır. Prezident hazırkı hökumətə yeni hökumət qurulana kimi vəzifəsini davam etdirmək təlimatı verdiyi üçün Avstriyanın ATƏT-də sədrliyini davam etməsinə güclü maneə görmürəm.
- Avstriya Azərbaycanda səfirliyini 2010-cu ildə açıb. Ölkənizin Azərbaycanda səfirlik açmasını labüd edən səbəb nədir?
- Əlbəttə ki, ilk səbəb odur ki, Azərbaycan və Avstriya diplomatik münasibətləri genişləndirmək istəyir. Lakin bizim münasibətlərimizin 25 ilə yaxın tarixi var.
Biz Azərbaycana səfirlikdən daha əvvəl gəlmişik. 2003-2004-cü illərdən İqtisadiyyat Universiteti ilə çox yaxşı münasibətlərimiz mövcuddur. Professor Şəmsəddin Hacıyev bu münasibətlərin təməlini qoyub. Bundan sonra biz elmi sahədə əlaqələri davam etdirdik, daha sonra bu əlaqələr iqtisadi və əlbəttə ki, bütün Aİ-nin strategiyası olan enerjinin diversifikasiyası sahəsində genişləndi. Biz buraya böyük “Nabucco” layihəsi üçün gəlmişdik. Təəssüf ki, bu layihə alınmadı. Lakin mən düşünürəm ki, “Nabucco” layihəsi bizim burada səfirlik açmağımızda əsas təkanlardan biri oldu.
- Müxtəlif sahələrdə iki ölkə arasında əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Bizim çox yaxşı, asan və stabil münasibətlərimiz mövcuddur. Təbii ki, iqtisadi böhran səbəbindən bu sahədə münasibətlərimizdə enmə müşahidə olundu. Bütün digər sahələrdə biz daha çox əməkdaşlıq etməyə çalışırıq. Məsələn, ADA Universiteti ilə əməkdaşlıq sahəsində işlər görürük. Bununla yanaşı, Azərbaycan Turizm və Menecment Universiteti ilə bir çox işlər görmüşük. Təbii ki, təhsil sahəsində daha sıx münasibətlər alman dili ilə bağlı Azərbaycan Dillər Universiteti və Slavyan Universiteti ilə qurulub. Mən düşünürəm ki, rəqəmlər və baza kifayət qədər yaxşıdır ki, biz iqtisadi münasibətlərimizi yenidən gücləndirək.
- Bəs, tərəflər iqtisadi sahədə əlaqələri inkişaf etdirmək üçün hansı addımları atır?
- Bilirsiniz ki, ilk növbədə biz Avstriya şirkətlərini buradakı imkanlar barədə məlumatlandırmalıyıq. Şirkətlərə müəyyən məlumatlar verməli, onların nazirliklər və digər şirkətlərlə əlaqələrini asanlaşdırmalıyıq. Biz ticarət komissiyası ilə birlikdə Azərbaycandakı imkanlar barədə məlumatlar ötürürük. Məsələn, Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıq sahəsində böyük imkanların olduğunu düşünürük. Azərbaycan Dəmir Yollarının sədri Cavid Qurbanovla çox yaxşı əlaqələr var. O, Azərbaycan dəmir yollarının təbliği, genişləndirilməsi və müasirləşdirilməsi sahəsində çox yaxşı işlər görür. Avstriya şirkətləri bu sahədə aparıcı şirkətlərdəndir. Bu baxımdan biz bu sahədə əməkdaşlıq etməyə çalışırıq. Azərbaycan prezidenti İlham Əliyevin iqtisadiyyatın enerji sektorundan kənar diversifikasiyası və Azərbaycanı ticarət mərkəzinə çevirmək kimi uzunmüddətli layihəsi çox ağıllı addımdır.
Əməkdaşlığımız üçün digər sahə əlbəttə ki, kənd təsərrüfatıdır. Biz bu sahədə böyük ixraca malikik. Buraya tək heyvanlar deyil, onların qidalanması üçün yemlər və embrionlar daxildir. Biz meyvəçilik sahəsində də böyük ixraca malikik. Bu yaxınlarda Gürcüstanda ən böyük meyvə şirələri zavodlarından birini açdıq. Bu sahədə əməkdaşlıq üçün böyük imkanlar var. Səfirlik həmçinin kommersiya sahəsində də əlaqələri inkişaf etdirmək və Avstriya şirkətlərinin Azərbaycan daxil olmasını asanlaşdırmaq sahəsində işlər görür.
- Bildiyiniz kimi, Azərbaycan regionda nəqliyyat mərkəzinə çevrilmək niyyətindədir və bu istiqamətdə bir neçə layihə həyata keçirir. Bununla yanaşı, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına töhfə verə biləcək enerji layihələri gerçəkləşdirir. Bu layihələrin Avropa, o cümlədən Avstriya üçün əhəmiyyəti nədir?
- Bu layihələrə böyük marağımız var. Bizim Çinlə ticarət əlaqələrimiz genişdir. Çin Aİ-nin ikinci ən böyük ticarət tərəfdaşıdır. Aİ ticarət xəttinin diversifikasiyası və onun dəniz ticarətindən quru yolu ticarətinə keçməsində çox maraqlıdır. Vyana Avropaya giriş nöqtəsi kimi çox məntiqli seçim ola bilər. Bu sahədə digər imkanlar da var. Belə deyək, ola bilsin ki, Azərbaycan Avstriya üçün növbəti keçid ölkəsi deyil. Bu zaman məhsullar Ukrayna vasitəsilə daşına bilər.Bakı-Tbilisi-Qars vasitəsilə Poti dəniz limanına, oradan isə Varna və Odessaya gəmi ilə aparıla bilər. Buna görə də məhsulların Çindən Avropaya daşınması istiqamətində bir sıra imkanlar mövcuddur.
Əgər Rusiya ilə Ukrayna arasında münasibətlər düzələrsə, daha bir ticarət cığırı Ukrayna və Rusiya vasitəsilə şimala daşına bilər. Bu baxımdan biz bu layihədə çox maraqlıyıq. Biz Vyananın Avropa üçün giriş nöqtəsi olmasını istərdik. Ondan sonra Avstriya malları bütün Avropaya paylaya bilər. Bizim İtaliyaya, Mərkəzi Avropaya, Almaniyaya, Fransaya gedən yaxşı dəmir yolu xəttimiz mövcuddur. Ona görə də bizim tərəfdən də bu sahədə böyük potensial var.
Nəqliyyat mərkəzi olmaq çox məntiqi seçimdir. Siz yalnız Şərq və ya Qərb istiqamətində nəqliyyatı inkişaf etməkdə maraqlı deyilsiniz. Həmçinin Rusiyadan İrana, Bəndər Abbasa, oradan Pakistana və İrana getmək üçün Azərbaycan coğrafi cəhətdən təbi seçimdir. Məsələn, Azərbaycanla Rusiya arasında dağlar çox yüksək deyil, Xəzər boyunca Azərbaycandan keçərək Rusiyadan İrana getmək mümkündür. Lakin Qafqaz dağlarının Gürcüstan hissəsindən keçmək daha çətindir. Biz enerji təhlükəsizliyimizi diversifikasiya etmək istəyirik. Ümumilikdə Azərbaycan Aİ-nin enerji ehtiyaclarının 3 faizini təmin edəcək. Lakin müəyyən ölkələr üçün bu, yüz faizə yaxındır. Çox böyük faiz dərəcəsi deyil, lakin yüksək göstəricidir. 28 üzv ölkə olanda bu, bir qədər fərqli olur. Cənub Qaz Dəhlizi bizim enerji ehtiyaclarımızın diversifikasiyası sahəsində ən maraqlı layihələrdən biridir.
- Son illər Avstriya ilə Azərbaycan arasında bir sıra infrastruktur layihələri reallaşıb. Avstriyadan olan şirkətlər Azərbaycanda bir sıra əhəmiyyətli binaların tikintisində iştirak ediblər. Hazırda bu istiqamətdə hansısa layihələr varmı?
- Deməliyəm ki, hazırda iqtisadiyyatda bir qədər enmə müşahidə olunur. Biz tamamilə geri çəkilməmişik, lakin belə layihələr azalıb. Avstriya şirkətləri bir sıra layihələr həyata keçirir, lakin hazırda o qədər də çox layihə yoxdur. Avstriya şirkətlərindən biri aktiv şəkildə Vergilər Nazirliyinin binasının tikintisinə cəlb olunub. Bununla yanaşı, İçərişəhərdə bərpa işlərində iştirak edən bir neçə Avstriya şirkəti aktiv fəaliyyət göstərir. Bu, təbii ki, 2010-2012-ci illərdəki kimi böyük miqyasda deyil. Çünki hazırda o qədər çox layihə icra olunmur. Ümid edirik ki, gələcəkdə inkişaf əldə ediləcək.
- Avstriya bu il ATƏT-ə sədrlik edən ölkədir. Bu sədrliyin ilk 9 ayı ərzində Avstriya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı addımları atıb?
- Sədrlik postunda olmaq ölkənin qarşısına bir sıra tapşırıqlar qoyur.
Bu da çox aydın olmalıdır ki, hər hansı bir ölkənin icazəsi olmadan sən heç nə edə bilməzsən, orada qərarlar konsensus əsasında verilir. Sən daha çox kompromis həll yolu tapmalısan. Sədr ölkənin əsas vəzifəsi vasitəçilik və ölkələri nəticəyə yönəltmək olur. Sədr ölkə daha çox ölkələrin bir araya gəlib razılıq əldə etməsi işində vasitəçi olmalıdır. Biz müəyyən sahələrdə irəliləyişlərə nail olduq, müəyyən sahələrdə isə yox. Dağlıq Qarabağ münaqişəsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Onlar bu yaxınlarda regionda idilər. Masa üzərində müəyyən həll variantları var, lakin heç kəs tərəfləri bunları qəbul etməyə məcbur edə bilməz. Sədrlik dövründə biz bu işləri asanlaşdırmağa, vasitəçilik etməyə, həll yolları təklif etməyə çalışırıq. Bu, sədrliyin əsas vəzifəsidir. Bundan artığı mümkün deyil. Sədr ölkə olaraq sən ATƏT-də deyə bilməzsən ki, kimsə nəyisə etməlidir.
- ATƏT sədrlərinin Azərbaycan və Ermənistana yay aylarına kimi səfər etməsi artıq tendensiya halını alıb. Lakin avstriyalı sədr Sebastian Kurz hələ də bu səfəri gerçəkləşdirməyib. Bunun səbəbi nədir?
- Düzdür, o, hələ regiona gəlməyib. Çünki biz bir qədər gözlənilməz vəziyyətə düşdük və Avstriyada parlament seçkiləri keçirildi. Ötən həftənin bazar günü bizdə parlament seçkiləri oldu. Xarici işlər naziri Azərbaycana gəlməyib, amma bu il məsələn, keçmiş prezidentimiz Azərbaycanda olub və nazir müavinləri Azərbaycana gəlib. Bu, o demək deyil ki, ATƏT sədri gəlmək niyyətində deyil. Lakin mən səfərlə bağlı dəqiq proqramı bilmirəm.
- Ümumilikdə ATƏT-in Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, insanları danışıqlara cəlb etmək çox vacibdir. Minsk qrupunun təklifləri var. Masa üzərində yüzlərlə təkliflər var. Lakin hər iki ölkə masa arxasına keçməli və bu təklifləri necə həyata keçirməklə bağlı razılığa gəlməlidir. Heç kəs hər iki ölkəni istəmədiyi bir şeyə etməyə məcbur edə bilməz. Təbii ki, insanların danışıqlara cəlb olunması üçün diplomatik yol çox vacibdir. Ümid edirəm ki, onlar bəzi kiçik nəticələr əldə edəcək və bu nəticələri inkişaf etdirərək həllə yaxınlaşacaqlar.
- Gələn ilin ikinci yarısında Avstriya Aİ-yə sədrlik edəcək. Ümumiyyətlə, Aİ ilə Azərbaycan arasında aparılan danışıqları necə qiymətləndirirsiniz? Siz bu əlaqələrin daha da möhkəmlənməsi üçün nə etməyi planlaşdırırsınız?
- Bu danışıqların başlaması üçün üzv ölkələr kimi, biz də öz fikrimizi bildirmişik. Mən düşünürəm ki, danışıqlar çox müsbət şəkildə irəliləyir. Saziş hərtərəfli olacaq. Biz orada digər məsələlərin də əhatə olunmasını istəyirik. Bildiyim qədər, ticarət və enerjidən başqa bu razılaşmaya sosial təhlükəsizlik, ətraf mühit standartları, insan haqları və digər məsələlər də daxil edilib.