Latviya Seyminin Komissiya sədri: "Azərbaycanla əməkdaşlıq etmək Avropanın gələcəyidir" - MÜSAHİBƏ
Latviya Seyminin Xalq təsərrüfatı, aqrar, regional siyasət və ətraf mühitin mühafizəsi üzrə Komissiyasının sədri, Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupunun sədr müavini Roman Naudinşin "Report"a müsahibəsi.
- Latviya və Azərbaycan arasındakı ikitərəfli əlaqələrin mövcud səviyyəsi necədir? Bir müddət əvvəl bir sıra rəsmi səfər həyata keçirilib. Bu səfərlərin ardından hansı siyasi, iqtisadi və digər layihələrin həyata keçiriləcəyi gözlənilir?
- Hazırda əlaqələr çox yaxşı səviyyədədir. Hesab edirəm ki, əlaqələr heç vaxt pis olmayıb. Azərbaycanla Latviya arasında mövcud olan dostluq münasibətlərini yalnız gücləndirə bilərik. Bunu qarşılıqlı səfərlərdən də görmək olar. Ötən il Latviya parlamentinin sədri Azərbaycana səfər edib və Azərbaycan spikerinin Latviyaya cavab səfəri baş tutub. Daha sonra Prezidentİlham Əliyev Latviyaya səfər edib. Onunla birlikdə öz sahələri üzrə işlər aparan bir neçə nazir də var idi. Prezident İlham Əliyevin ölkəmizə səfər etməsi Latviya üçün çox vacib hadisə oldu.
Bu yaxınlarda Azərbaycanın ədliyyə naziri Riqaya, Latviyanın ədliyyə naziri Bakıya səfər ediblər. Yüksək çinli siyasi xadimlərin qarşılıqlı səfərləri baş tutub. Deməli, siyasi cəhətdən əlaqələrimiz əladır. Parlamentlər səviyyəsində də Milli Məclis ilə çox yaxşı münasibətlərimiz var və fikrimcə, bu, çox yaxşıdır.
Səfərlər zamanı Azərbaycan ilə Latviya arasında turizmin inkişafı məsələsi müzakirə olunub. Çünki Latviya üçün Azərbaycan hələ turzim baxımından kəşf edilmiş ölkə deyil, insanlar ölkəniz barədə çox da məlumatlı deyillər. Bu kontekstdə daha çox işləməliyik, Azərbaycan haqqında Avropada, Latviyada daha çox danışmalıyıq. Azərbaycana səfər edən hər bir şəxs bir də gəlmək istəyir. Çünki ölkəniz unikaldır, çox qonaqpərvərdir, qədim tarixə malik böyük ölkədir. Daha çox latviyalı turistin Azərbaycana getməsini və təbbii ki, Azərbaycandan da Latviyaya daha çox turistin gəlməsini istərdim. Bu mənada bütün il boyu Azərbaycan və Latviya arasında birbaşa uçuşların həyata keçirilməsi məsələsi müzakirə olundu. Bu, daha çox biznes məsələsidir, onlara uçmaq sərf edəcəkmi... Hesab edirəm ki, bu, sərfəlidir və ona görə də bunu etməyə başlamaq lazımdır. Ümid edirəm ki, indi olduğu kimi, yalnız yaz aylarında yox, gələn ilin ortalarında daha çox təyyarə uçuşu həyata keçiriləcək.
Azərbaycanla Latviya arasındakı ticarət əlaqələri də çox vacibdir. Ticarət dövriyyəsi elə də yüksək deyil, üzərində işlənməli çox şey var. Siyasətçilər görüşüb müsbət əlaqələr göstərdikdə biznes də onların ardınca gedir və işləməyin mümkün olduğunu görür. Ticarət əlaqələrimizin yaxşılaşacağına və daha da yaxşı olacağına ümid edirəm.
Eyni zamanda, təhsil məsələləri də müzakirə olunub. Tələbə mübadiləsi proqramları tələbələrin sonradan ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf etdirməsi baxımından çox vacibdir.
Tranzit məsələsi də Azərbaycan və Latviya üçün çox vacib məsələdir. Ölkələrin bir-birindən uzaqda yerləşdiyini, aralarında 3 min km-dən çox məsafə olduğunu düşünmək olar. Amma Çin, Pakistan, Hindistan, İrandan gələn bütün mallar Azərbaycan ərazisindən keçə, daha sonra Qara dənizlə Ukraynaya və oradan da Latviya limanları vasitəsilə Baltik dənizinə çata bilər. Bundan sonra Çin və İrandan da mal alan böyük Skandinaviya bazarına - Norveç, Finlandiya, İsveçə qapı açılır. Azərbaycan malları Baltika, Riqa, Ventspils və s. limanlar vasitəsilə yüklənib-boşaldıla bilər. Bu, inkişaf etdirilməli olan böyük yeni yoldur. Bilirəm ki, Azərbaycan bunun üzərində işləyir. Bu məsələ müzakirə olunub, ümid edirəm ki, inkişaf etdiriləcək.
- Azərbaycan ilə Avropanın enerji tərəfdaşlığının mövcud vəziyyətini necə xarakterizə edərdiniz?
- Azərbaycan Avropa üçün mühüm enerji tərəfdaşıdır. Azərbaycan böyük enerji layihələrini inkişaf etdirir və məncə, bu, strateji cəhətdən düzgün addımdır. Çünki Avropanın cənub hissəsinin enerji resurslarına - əsasən qaz və neft ehtiyatlarına ehtiyacı var. Azərbaycan bu istiqamətdə doğru addımlar atır. Azərbaycan qaz və neft tədarük etsə, bu, Avropa üçün, demək olar, enerji müstəqilliyi deməkdir. Çünki hazırda bir neçə böyük enerji tədarükçüləri var, bunlar böyük dövlətlərdir. Ümid edirəm ki, Azərbaycan da bu baxımdan vacib rol oynayacaq. Təbbi, Azərbaycan kimi zəngin enerji ehtiyatları olan kiçik ölkələrə bu işləri həyata keçirmək çətindir, çox ağıllı davranmaq lazımdır. Qlobal enerji siyasəti böyük rol oynayır, nəhəng dövlətlər bu proseslərə təsir göstərmək istəyirlər, buna görə də Azərbaycana bu istiqamətdə öz siyasətini həyata keçirmək və enerji resurslarını ixrac etmək çətindir. Hesab edirəm ki, Avropa və Azərbaycan öz aralarında çox dürüst çalışmalıdır. Azərbaycanla əməkdaşlıq etmək Avropanın gələcəyidir.
- Azərbaycan avropalı tərəfdaş şirkətlərlə "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının işlənməsi üzrə müqavilənin müddətini 2050-ci ilə qədər uzadıb. Bu layihədən nə gözləyirsiniz?
- Ümid edirəm ki, Avropa Azərbaycanla əməkdaşlıq edəcək və müvafiq olaraq, əlaqələri inkişaf etdirəcək. Avropa bazarında nə qədər çox enerji tədarükçüsü olsa, Avropaya bir o qədər yaxşıdır. Dediyim kimi, Azərbaycan coğrafiya baxımından strateji cəhətdən çox düzgün yerdə qərarlaşıb. Əminliklə demək olar ki, öz regionunda lider dövlət, enerji resursları ilə zəngin ölkə olan Azərbaycan ilə işləmək Avropanın yoludur.
- Son vaxtlar Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan cəbhə xəttində təxribatlar törətməyə üstünlük verir, silahlı insidentləri artırır, mülki vətəndaşları qətlə yetirir. Bu il iyulun 2-də Füzuli rayonunda artilleriya atəşi nəticəsində nənə və onun iki yaşlı nəvəsinin öldürülməsi buna son nümunədir. Yeganə vasitəçi olan ATƏT-in Minsk qrupu 20 ildən çox müddətdə nəticə əldə edə bilməyib. Sizcə, bunun qarşısını almaq və mövcud status-kvonu dəyişdirmək üçün Avropa hansı addımları atmalıdır?
- Təmas xəttində baş verən insidentlər zamanı həlak olanların yaxınlarına başsağlığı vermək istəyirəm. Orada həm hərbçilər, həm də dinc sakinlər həlak olur. Bu, böyük faciədir. Ermənistan bir dövlət kimi, belə hərəkətlər sayəsində uduzur. Düşünürəm ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad edərsə, bu, Ermənistan xalqının və dövlətinin özünün xeyrinə olar. Çox vaxt keçib, torpaqlar işğal altında qalıb, bu, normal hal deyil, dünya ictimaiyyəti bu məsələyə diqqət yetirməli və Ermənistanla daha ciddi danışmalıdır. Dünyada işğalçılara qarşı iqtisadi sanksiyalar tətbiq edildiyini dair nümunələr görürük, lakin Ermənistana qarşı bu cür sanksiyalar yoxdur. Belə çıxır, dünyada ikili standartlar mövcuddur. Dağlıq Qarabağın işğalı barədə susurlar, amma digər münaqişələr barədə bar-bar bağırırlar. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu məsələyə daha çox diqqət ayırmalı və nəhayət, məsələ ilə ciddi məşğul olmalıdır. Çünki Dağlıq Qarabağ tarixən Azərbaycan torpağı olub, işğal olunmuş ərazilərdən nə qədər qaçqın var, insanlar evlərindən qovulublar, onlar yaxınlarının qəbirlərini ziyarət edə bilmirlər. Məncə, bizim dövrümüzdə bu, normal hal deyil. Bəlkə Ermənistandakı yeni nəsil siyasətçilər bu məsələni həll etməyin lazım olduğunu və torpaqları azad etməyin zəruriliyini başa düşəcəklər. Ermənistan bundan yalnız fayda götürəcək.
- Son vaxtlar Avropada "Guardian" agentliyində və bir sıra digər agentlikdə Azərbaycan dövlətinə qarşı kampaniya başlayıb. Bu barədə nə düşünürsünüz və bunun səbəbi nədir?
- Dövlətlərə qarşı antikampaniyalar aparıldığı zaman həmişə bunun arxasında iqtisadi maraqlar dayanır. Gəlin, Belarusa baxaq. Belarus normal demokratik dövlətdir. Belarus məsələsinin arxasında iqtisadi maraqlar dayanır. Eyni şeyləri Azərbaycan haqqında da deyə bilərəm. Əminəm ki, bunun arxasında iqtisadi maraqlar var. Onlar dövlətə təsir göstərmək üçün siyasətçilər, jurnalistlər, nüfuzlu KİV-dən istifadə edirlər, onların məqsədi müəyyən məsələlərin həllinə nail olmaqdır. Təəssüf ki, bu, təkcə Azərbaycana, dediyim kimi, Belarusa qarşı olan yox, eləcə də digər ölkələrə münasibətdə göstərilən ədalətsiz qlobal siyasətdir.
- Azərbaycan mədəniyyəti və rəmzlərinin Latviyada təbliğ edilməsi sahəsində aktiv fəaliyyət göstərdiyinizi bilirik. Azərbaycan diasporunun Latviyada və Avropada Azərbaycanla bağlı həqiqətlərin çatdırılmasındakı fəaliyyətini necə qiymətləndirirsiniz? Ümumiyyətlə, lobbiçiliklə bağlı nə təklif edərdiniz?
- Latviyada diaspor fəaldır. Özüm diaspor üzvü hesab edirəm. Latviyada qarışıq ailədə doğulsam da, azərbaycanlı köklərim var və bununla yalnız qürur duyuram. Diaspor üzvü kimi siyasi baxımdan münasibətləri hər zaman inkişaf etdirəcəyəm, çünki siyasi səfərlər mənim peşəkar fəaliyyətimdir. İnsanlar mənim, Latviyadakı diasporun necə işlədiyini qiymətləndirə bilərlər. Son illərdə Azərbaycan ilə Latviya arasında siyasi dialoq yaradılmasına diqqət yetiririk. İqtisadiyyatlarımızı, dövlətlərimizi inkişaf etdirəcək praktiki addımlar atmağa davam etmək lazımdır. Latviyadakı diasporun işini müsbət qiymətləndirirəm, bunu siyasi səfərlər fonunda da görürük. İşimiz belədir, həmişə daha yaxşısını istəyirik, daha yaxşı nəticə əldə etməyə çalışırıq. Latviyadakı, Avropadakı diaspora işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı vəziyyəti izah etmək lazımdır, bu, çox vacibdir. Çox sayda latviyalı dostum var, onlarla söhbətdə heç kim Dağlıq Qarabağdan başqa, Azərbaycanın daha bir neçə rayonunun işğal edildiyini bilmir. İnsanlar bu barədə bilmirlər və vəzifəmiz onlara, Avropa İttifaqı vətəndaşlarına həqiqətləri çatdırmaq, vəziyyəti izah etməkdir.
- Qitədə yaşayan və işləyən azərbaycanlıları təmsil edən Avropa Azərbaycanlıları Konqresi ilə əlaqələriniz varmı?
- Dürüst olacağam, təəssüf ki, əlaqəm yoxdur, amma yaxın gələcəkdə qurulacağına ümid edirəm. Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi var, mənə elə gəlir, onlar doğru istiqamətdə çalışırlar. Bakıda olan zaman komitə sədri Nazim İbrahimovla görüşdüm, bu, 2014-cü ildə olub. Onun diasporu yaratmaq və onu gücləndirmək ilə bağlı baxışları çox xoşuma gəldi. Azərbaycanda sistemli şəkildə diasporlar üçün forumlar təşkil olunur və bu, düzgündür. Belə əlaqələr quran diasporun tədbirində bir dəfə iştirak etmişəm. Azərbaycan ölkədə müxtəlif beynəlxalq tədbirlər keçirməklə çox düzgün addım atır. Bu, turizm, biznes, gənclər, təhsil və s. ölkəsi kimi Azərbaycan haqqında informasiya yaymağın mümkün olduğu platformadır.
Azərbaycanda "Formula-1" yarışları, Avropa Oyunları, İslam Oyunları, müxtəlif forumlar keçirilib. Bu tədbirlərdə iştirak edənb hər bir kəs vətəninə qayıtdıqdan sonra insanlara nələr gördüyünü, özünü necə hiss etdiyini danışır. Azərbaycanın həmişə qonaqpərvərliklə qonaq qəbul etdiyini bilirəm. Bu beynəlxalq forumları təşkil edən dövlət düzgün iş görür, bütün qəlbimlə sevinirəm, çünki insanlar Azərbaycan haqqında öyrənirlər. Sonuncu dəfə Azərbaycanda olan zaman aqrar sektorun inkişaf etdiyini, çoxlu sayda istixana tikildiyini gördüm. Deməli, Azərbaycan yalnız neft və qaza bel bağlamır, həm də aqrar sahəni düşünür. Bu da savadlı və düzgün siyasətin əlamətidir. Azərbaycanın təkcə qaz hasil edib neft satmadığına, eyni zamanda, digər sənaye sahələrini aktiv şəkildə inkişaf etdirməyə başladığına görə sevinirəm.