İtaliya XİN başçısının müavini: “ATƏT sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə çalışacağıq”
“İtaliya gələn il ATƏT-ə sədrlik edəcək və bu müddətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün çalışacaq”.
“Report” xəbər verir ki, bunu İtaliya Senatının "Palazzo Giustiniani" sarayında "Azərbaycan və İtaliya arasında 25 illik əməkdaşlıq: strateji tərəfdaşlığa aparan yol" adlı konfransda İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova deyib.
O qeyd edib ki, iki ölkə arasında bütün sahələrdə təşəkkül tapan yüksək səviyyəli əlaqələr mövcuddur və İtaliya ilə Azərbaycan strateji tərəfdaşdır.
XİN başçısının müavini əlaqələrin daha da dərinləşməsi üçün İtaliya hökumətinin göstərdiyi səylər, TAP-ın İtaliya üçün strateji əhəmiyyəti, onun nəzərdə tutulan qrafik üzrə realizasiyası üçün hökumətin atdığı addımlar, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da dərinləşməsinin İtaliya tərəfindən tam dəstəklənməsi barədə danışıb.