Aydın Mirzəzadə:“Rəsulzadə təkcə müxalifətin deyil”



 

Azərbaycan Demokratik Respublikasının (ADR) banilərindən biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə bəzən az qala bir partiyanın nümayəndəsi kimi təqdim olunur. Halbuki, Məhəmməd Əmin Rəsulzadə bütün Azərbaycan xalqının oğludur, o, təkcə nə Müsavat Partiyasının, nə də özünü onun siyasi xələfi adlandıran digər qruplarındır.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bu mövzuda Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- ADR-in əsas qurucuları müsavatçılar olub. Bu gün isə müxalifət iddia edir ki, o zamankı Müsavat Partiyası onların sələfidir. Halbuki, o zamankı Müsavat Partiyası da, Məhəmməd Əmin Rəsulzadə də Azərbaycanındır. Maraqlıdır ki, əksər YAP-çılar da Rəsulzadənin indiki müxalifətə aid sima olduğunu sanki qəbul ediblər. Bu haqda siz nə deyə bilərsiniz?

- İndiki Müsavat Partiyasının əvvəlkinə heç bir aidiyyatı yoxdur. 1913-cü ildən, Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib. Partiyanın özü isə 1911-ci ildə yaradılıb. İndiki Müsavat Partiyası ilə o zamankı tamam fərqli-fərqli təşkilatlar, siyasi qüvvələrdir. Həmin Müsavat Partiyasının həm parlamentdə, həm də hökumətdə təmsil olunan üzvlərinin müstəqil dövlətin qurulmasında, Azərbaycanın beynəlxalq birlikdə tanınmasında xidmətləri olub. Onların içərisində Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məhəmməd Əmin Rəsulzadə kimi Azərbaycan xalqı üçün dəyərli oğullar olub. Həmin dövrdə onlar, çətin situasiyada 23 ay Azərbaycan dövlətinin yaşamasının səbəbkarı olublar.

Bundan irəli gələrək, Azərbaycan cəmiyyətində həmişə müstəqilliyi bərpa etmək meylləri çox güclü olub. 1991-ci ildə müstəqillik elan ediləndə, yeni dövlətin Azərbaycan Demokratik Respublikasının varisi olduğu qeyd olundu.

- Bəzən müasir dövrün şəxsiyyətləri ilə Rəsulzadə və digərləri müqayisə olunur.  Bu müqayisə uğurludurmu?

- Tarixin ayrı-ayrı dövrlərində yaşamış şəxsiyyətləri üz-üzə qoymaq, onları müqayisə etmək düzgün deyil. Hər dövrün özünün şəraiti, şərtləri olub. Hər bir tarixi şəxsiyyət öz dövründə mümkün olanı edib.

Azərbaycan 1991-ci ildə müstəqillik qazansa da, faktiki olaraq bundan sonrakı 2 il müddətində Azərbaycan öz müstəqilliyini itirmək qorxusu ilə üzləşmişdi. Bu qorxu və təhlükə isə Heydər Əliyevin ikinci dəfə hakimiyyəti gəlməsi ilə aradan qalxdı. Heydər Əliyevin Yeni Azərbaycan quruculuğu öz bəhrəsini indi də verməkdədir. Ulu öndərin bildirdiyi kimi, Azərbaycanın müstəqilliyi, dönməzdir, əbədidir.

- Bayaq dediklərinizdən belə qənaətə gəlmək olarmı ki, Rəsulzadə bütün Azərbaycanın oğludur?

- Azərbaycan tarixində rol oynamış şəxsləri bir partiyanın çərçivəsinə sığışdırmaq düzgün deyil. Tarixi şəxsiyyətlər, tarixdə rol oynamış şəxslər bütün xalqın nümayəndələridir. Onların adından sui-istifadə etmək düzgün deyil.

- Aydın müəllim, dediniz ki, bugünkü Müsavat Partiyasının o dövrdə olana heç bir aidiyyəti yoxdur. Bu fikrinizi hansı arqumentlərə əsaslandıra bilərsiniz?

- Həm siyasi ideologiyasına, həm məsələlərə yanaşma tərzinə, həm milli birlik məsələlərinə görə, hazırkı Müsavat Partiyası əvvəlkinin xələfi ola bilməz.

- Belə fikirlər də var ki, hakimiyyət Rəsulzadəyə münasibətdə laqeyddir.

- Mən belə hesab etmirəm. Müstəqilliyimizdə rol oynamış hər bir kəsə sayğı və hörmət var.

- Müsavat Partiyasına iddia edən eyni adlı müxalifət təşkilatının heçmi haqqı yoxdur ki, özlərini onların davamçıları hesab etsinlər?

- Tarixi şəxsiyyətləri özününküləşdirmək, bir partiya maraqları çərçivəsində tanıtmaq lazım deyil. Bu kimi cəhdlər tanınmış şəxsiyyətlərin adından istifadə edib reytinq qazanmaq istəkləridir.