Azərbaycanın məşhur fokusçusu: “Elə sirr bilirəm ki, yüz il qalsa da, heç kimə demərəm”
Modern.az saytı Azərbaycanın məşhur fokusçusu, “Sehrbaz Tofiq əmi” kimi tanıdığımız Tofiq İsgəndərli ilə müsahibəni təqdim edir.
- Siz artıq 35 ildən çoxdur ki, illüziya sahəsi ilə məşğulsunuz. Hazırda Azərbaycanda bu sənətin vəziyyətini necə dəyərləndirirsiniz?
- Vəziyyət ürəkaçan deyil.
- Yəni maraq yoxdur?
- Azərbaycanda bu sənət heç vaxt populyar olmayıb. Düzdür, müəyyən illüzionistlər olub. Amma sənət özü kütləvilik qazanmayıb.
- İllüzionistlər olub dediniz. Bəs indi necə? Məsələn, sizin tələbələriniz varmı?
- Mən konkret kiminsə əlindən tutub bu sənəti ona öyrətməmişəm. Amma yardım etdiyim, məsləhət verdiyim gənclər olub. Onlar məni özləri üçün müəllim hesab edirlər.
- Xarici ölkələrdə bu sənətin məktəbi mövcuddur. İllüzionistlər təlimlər keçir, yeni simalar hazırlayır. Bizdə bu cür məktəb varmı?
- Xeyr. Azərbaycanda illüziyanın konkret məktəbi yoxdur. Ola bilər ki, kimsə özəl bir yer, kurs açsın. Amma dövlət səviyyəsində institutlar mövcud deyil. SSRİ-nin dövründə Moskva və digər bir neçə şəhərlərdə sirk məktəblərinin tərkibində orjinal janr şöbələri var idi. Həmin yerdə illüzionistlər bildiklərini öyrədir və ya yön verirdilər. Bunun pulunu da dövlət ödəyirdi. Mən də burada dəfələrlə kurs açmışam. Həmçinin, öz teatrım var.
- Bəs açdığınız kurs hələ də fəaliyyət göstərir?
- Azərbaycanda illüziya kursu və ya teatrını heç kim açmamışdı. İlk dəfə bunu mən etdim.
Qeyd etdiyim kimi “Tİ- Magic” İllüziya teatrım var. Kursa gələnlər oldu. Sadəcə, kənardan baxanda bu sənət maraqlı, eyni zamanda asan görünür. Amma işin içinə girənlər çətinliyi görəndə yavaş-yavaş çıxıb getdilər.
- Çətinlik nə idi?
- Bəziləri düşünür ki, fokus məsələsi elə “fuf” eləməklə alınan bir şeydir. Amma bunun üçün ciddi məşq etmək, sənətin bicliyini bilmək lazımdır. Hər bir foksun arxasında ya əmək ya da texniki hiylə durur.
- Adətən digər peşəkar insanlar əldə etdikləri təcrübələri heç kimlə paylaşmaq istəmir. Siz necə, bu sənətin bicliklərini kiminləsə paylaşırsınızmı?
- Təcrübəni paylaşmaq olar. Məsələn, mənim professional sirrim var və yüz il qalsa da onu heç kimə demərəm. Uzun müddət bundan qabaq illüziya sənəti ilə bağlı kitab da yazmışdım. 10 kitab nəzərdə tutmuşduq. İkinci kitab yazsam da, hələ çapa verməmişəm. Çünki bunu sənətə hörmətsizlik hesab etdim. Yəni kitab vasitəsilə sənətin sirri açılsa, kütləvilik qazansa, düzgün olmaz.
- Maraqlıdır, yeni fokus nömrələri yaratmısınızmı? Yoxsa ənənəvi nömrələrə müraciət edirsiniz?
- Ənənəvi üsullarla yanaşı, yeni nömrələr də mövcuddur. Məsələn, mənim özümün patentləşdirilmiş 6 eksklüziv nömrəm var. Dövlət bununla bağlı mənə şəhadətnamə verib.
- Yəqin ki, siz də müşahidə etmisiniz. Gənc illüzionistlərin əksəriyyəti xarici ölkələrdəki talant verilişində iştirak edir.
- Onların əksəriyyətini mən göndərmişəm. Yerində saymaqla irəli getmək olmaz. Həmişə onlara demişəm ki, əgər bu sənətin ardınca gedirsinizsə, mütləq kənara çıxmaq lazımdır. Yox, burada toylara, ad günlərinə gedib 20-30 manat qazanacaqsınızsa, əziyyətinizə dəyməz. Bu zaman sadəcə sıravi hoqqabaz ola bilərsiniz.
- Əslində illüziya sənəti dünyada kifayət qədər kütləvilik qazanıb. Niyə bizdə belə deyil?
- 1990-cı illərdə bu sənət Azərbaycanda tam ölmüşdü. Lakin mən televiziya kanallarına çıxdım. Xüsusilə AzTV-nin verilişlərində iştirak etdim. Başqa kimsə yox idi. Bir qədər sonra bu sənətlə məşğul olanlar dolana bilmədiyi üçün hərə bir tərəfə çəkildi. Bircə mən qaldım və çətin də olsa, dözdüm.
- Biz sizi elə həmin verilişlərdən sonra Tofiq əmi kimi tanımışıq. Bəs indiki uşaqlar sizi necə tanıyır?
- Siz qeyd etdiyiniz kimi tanıyanlar da var. Amma əsasən Tofiq İsgəndərli kimi tanıyırlar. Buna baxmayaraq, məni həmişə Tofiq əmi kimi təqdim edirlər. Mənə qalan elə bu ad oldu.
- Əvvəlki uşaqları aldatmaq daha asan idi, yoxsa indiki?
- İndikiləri aldatmaq daha rahatdır. Bilirsiniz, müasir dövrdür. Normal olaraq texnologiya inkişaf edib. Komputer, internet hazırkı uşaqları o qədər kütləşdirib ki, müstəqil düşünə bilmirlər. Məsələn, onlardan vurma cədvəlini soruşsan, o dəqiqə telefonu çıxarıb kalkulyatordan istifadə edəcəklər.
- Bu sənətin təbliğatı istiqamətində hansısa təşəbbüs irəli sürmək fikriniz varmı?
- İnişil ANS telekanalında “Ola bilməz” adlı bir verlişim var idi. Hardasa 4 ay davam etdi. Küçədə fokus göstərirdik. Yaxşı reytinq də qazandı. İnsana yeməyi ac olanda versən, onu daha ləzzətlə yeyər. Amma indi hansısa televiziyada veriliş yayımlasaq, qəbul olunmayacaq. Çünki televiziyaya baxan azdır. Həmçinin camaat başqa səmtə meyllidir.
- İllüziya sənətindən əldə etdiyiniz qazanc sizi qane edirmi?
- Mən Bakı Uşaq Teatrında işləyirəm. Dövlətin verdiyi maaş qənaətbəxş deyil. Gəlirimiz əlavə qazanca bağlıdır. Məsələn, şirkətlərin tədbirlərinə, ad günlərində, bu kimi məclislərdə iştirak etməklə nəsə qazanmaq olur. Hazırda İranda işimi qurmuşam. Orada böyük tamaşalar hazırlayırıq. Məsələn, keçən il Təbrizdə 20 gün 90 dəqiqəlik konsert etdik. Bu, mənim təşəbbüsüm idi. Sponsor tapdıq və bu işə 40 000 manat pul qoyduq.
- Bəs Azərbaycanda?
- Azərbaycanda Rus Dram Teatrında “Ecazkarlar” adlı konsert vermişəm. Tamaşaçılar da kifayət qədər idi və konsert uğurlu keçdi.
- Yenə belə bir planınız varmı?
- Bəli. Sadəcə risk edə bilmirəm. Konsert üçün yer tutmaq lazımdır və bunun maliyyə, reklam xərcləri var. Adam fikirləşir ki, edərəm, birdən alınmaz və ziyana düşərəm. Əgər maliyyə dəstəyi olsa, Azərbaycanda da 20 günlük konsert edə bilərəm.