Əli Həsənova açıq məktub - “Görün, hansı hala çatmışıq ki...”
Xəbər verdiyimiz kimi oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib. Konfransda dilçi alimlər, Milli Məclisin deputatları, KİV-lərin rəhbərləri və nümayəndələri iştirak ediblər. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz çıxışında Azərbaycan dilini yaşadanların Azərbaycan vətəndaşları və xarici ölkələrdə yaşayan soydaşları olduğunu qeyd edib , Azərbaycan dilinin gözəlliklərini, zənginliklərini qorumaq üçün bütün azərbaycanlıları dilə məsuliyyətlə yanaşmağa çağırmışdı. Konfrans ölkə ictmiayyəti və xaricdə yaşayan soyadaşlarımız arasında geniş rezonans doğurub, səslənən fikirlər ətarfında müzakirələr aparılıb. “Qafqazinfo” xaricdə yaşayan ictimai fəal Ağalar Qutun mövzu ilə bağlı ovqat.com-da dərc olunmuş açıq məktubunu təqdim edir:
Hörmətli Əli müəllim!
XI əsrdə yaşamış ulu Mahmud Kaşğarinin öz əsərinə “Kitabi divanu lüqati-t türk” (Türk sözləri divanı kitabı) adı qoyması sayəsində dünya dilçilik elmində və türkologiyada azərbaycanca, özbəkcə, türkməncə, uyğurca, qazaxca, qırğızca və başqa bu kimi dillərin hamısı “türk dilləri” ümumi sərlövhəsi altında toplanılmışdır. Azərbaycanlı, özbək, türkmən, uyğur, qazax, tatar, başqırd və başqa bu kimi xalqlar üçün etnoqrafik (məsələn, “türklər” deyə) ümumi sərlövhə yoxsa da, Kaşğarinin əsəri sayəsində linqvistik (“türk dili” deyə) ümumi sərlövhə vardır. Hind-ari dillərinin bir-birinə bir ailənin üzvləri kimi qohumluğundan çıxış edilərək, hind-aricə danışan fars, rus, ingilis və b. xalqlar ümumi bir irq adı (“ari” irqi) altında toplanıldığı kimi, bəlkə gələcəkdə azərbaycanlı, özbək, türkmən, uyğur, qazax, tatar, başqırd və b. bu kimi xalqlar üçün də onların dil qohumluğundan çıxış edilərək ümumi etnoqrafik millət adı yaradıla bilər. Ancaq bu, uzaq gələcəyin ehtimallarından biridir, üstəlik, burada mövzumuz da bu deyil.
Yuxarıda adı çəkilən və çəkilməyən məlum xalqlardan hansınınsa təkbaşına özünə “türk”, özünün lokal dilinə isə “türkcə” adı götürməsi ona bənzəyir ki, Alma, Armud, Heyva, Nar, Gavalı və b. meyvələrdən biri – olsun Armud – öz adını dəyişdirmək istəyir və özünə, sözgəlişi, oğuzca, hunca, subarca kimi bir ad qoymaq əvəzinə, “Meyvə” adını götürür. Halbuki “meyvə” ümumi sərlövhədir, kimsənin təkbaşına adı ola bilməz. Hansısa Armud özünə Meyvə adı götürürsə, bəs, onda o birilər nədir? Bəyəm, Alma meyvə deyil, ya Heyva meyvə deyil?! Bu yaxınlarda Arif Rəhimzadənin “Biz türk deyilik” sözü ətrafında yaranan səs-küyün də səbəbi bu idi. Bütün bu qarışıqlığa səbəb – tarixən böyük bir çoxluğa aid olan malın, ortaq sərvətin, ümumi sərlövhənin birisi tərəfindən təkbaşına mənimsənilmiş olmasıdır.
“Türkiyə türkcəsi” ifadəsi də yanlışdır. Çünki onlar öz dillərin əsla belə adlandırmırlar, nə rəsmi, nə də gündəlik danışıqda. Çünki dövlət orada dili rəsmən “türkcə” adlandırmışdır, “Türkiyənin türkcəsi” yox. Yaranan qarışıqlığı aradan qaldırmaq üçün ya gərək Türkiyə öz tarixi yanlışını düzəltsin – dövlət sənədlərində dəyişiklik edərək, öz dilini Türkiyənin türkcəsi adlandırsın (bu, olmayacaq!), ya da gərək biz öz dilimizə ayrı ad tapaq, çünki bilindiyi kimi “azərbaycanca” və yaxud “Azərbaycan dili” kimi coğrafi adlar uğurlu deyildir. Mənim öz dilimizə ad kimi təklif edəcəyim bir variantım var, ancaq onu indi buraya yazmayacağam.
Bu baxımdan mərhum prezident H.Əliyevin dilimizə indən belə “türkcə” adı verilməsinə razı olmaması çox-çox doğru qərar idi! Əks halda, dövlət dilimizin Türkiyə tərəfdən assimilyasiyasını özümüz öz əlimizlə legitimləşdirmiş olacaqdıq.
Dilimizi “Azərbaycan türkcəsi” adlandırmaq “türkcə” adlandırmaqdan da pis variantdır. Çünki onda belə çıxır ki, bizim dilimiz Türkiyənin dili ilə eyni səviyyədə dayanan dil yox, onun hansısa bir budağı – ləhcəsi (dialekti) statusundadır.
Əli müəllim!
Hamının neftin qiymətini, bank kreditlərinin faizini, korrupsiya yoluyla mənimsənilmiş pulların həcmini, növbəti devalvasiyanın vaxtını və b. hesabladığı bir vaxtda, camaatımızın türkiyəlilərin dilini güclü və enerjili, ingilislərin dilini qazancgətirici, rusların dilini mədənilik, ana dilimizi isə “kəndçilik” saydığı bir dövrdə Siz bir tədbir təşkil edirsiniz və kimsədən çəkinmədən açıq mətnlə orada belə deyirsiniz: “Bizim dilimiz üçün əsas təhlükə nədir? Bəzi dairələr kampaniyaya başlamışdı ki, Azərbaycanda Türkiyə türkcəsinə qadağa qoyulub. Ancaq bir məqamı nəzərə almaq lazımdır. Ukrayna dili üçün türk dili təhlükə deyil, rus dili təhlükədir. Türkiyə də Azərbaycana qardaş, müttəfiq dövlətdir. Ancaq qazaxın qazax, özbəkin özbək dili varsa, niyə Azərbaycan dili yaşamasın? Niyə bu dili məhv etməliyik?!”
Əli müəllim, Sizin “Dilimizə təhlükə Türkiyə türkcəsindən gəlir” fikriniz, üzr istəyirəm, bizi yaxşı mənada təəccübləndirdi. Mən Sizi bu tarixi mövqeyinizə görə bərk-bərk, özü də ayaq üstə alqışlayıram!
Xəbəriniz olsun ki, əksər xəbər saytları və internet tv-lər həmin tədbir haqqında gen-bol məlumat versələr də, ancaq həmin cümlələrinizi oxuculardan və tamaşaçılardan gizlətdilər. Bu, şəxsən bizə tanış mənzərədir, çünki biz də bu mövzuda yazdığımız məqalələri hər dəfə, çap etməsələr də, qəsdən 50-60 sayta göndərməyimizə baxmayaraq, onlardan olsa-olsa ancaq 4-5-i yazımızı oxuculara çatdırır.
Əli müəllim!
Azərbaycan sadə kəndlisi bir yana dursun, hətta oxumuşlarımızın da əksəriyyəti xəbərsizdir ki, onların indi eşidib bildikləri və türkcə saydıqları önəm, özəl, durum, ilginc, toplum, açıqlamaq, açıqcası, kavram, kural, yazar, eyləm və b. kimi minlərlə sözlər – 1932-ci ildə Türkiyə dövlətinin xüsusi fərmanla, rəsmi adıyla desək, “lisani-osmani”dən (“osmanlıca”dan yox, “osmani dilin”dən!) quraşdırtdığı qondarma sözlərdirlər. Yeni dil yaratmaq kimi vacib tarixi vəzifəni, məsələn, böyük türkoloq Ə.Hüseynzadəyə və yaxud o vaxt artıq Türkiyədən qovulub çıxarılmış M.Rəsulzadəyə yox, Beyrutda ermənidilli məktəbin direktoru işləyən və ermənicə məqalələr yazan, sonralarsa İstanbulda ingilis dili müəllimliyi edən Aqop Martayan adlı şəxsə tapşırdılar...
“Azəri türkcəsi” adlı kitabın da müəllifi olan həmin bu Aqop Martayan bir neçə ilin ərzində özündən minlərlə söz quraşdırsa da, yeni dil yaratma prosesində Azərbaycan dilinin söz fondundan bircə söz də götürmədi. O dövr Azərbaycan dili M.F.Axundovun, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, Ü.Hacıbəyovun və b. dili olsa da, görünür, yaramırmış...
Əli müəllim!
Biləcəyiniz kimi, dilçilikdə iki dil növü ayırd edilir: təbii dil və süni dil. Təbii dil dedikdə, bir xalqın kulturası içərisində yüz illər ərzində öz-özünə doğulub-böyüyən dil başa düşülür. Süni dil dedikdə isə, buraya yol-hərəkət qaydaları kimi sırf ünsiyyəti təmin edən konvensional işarələr toplusu kimi “dil”lər nəzərdə tutulur. Hansısa elmin terminoloji dili də müəyyyən dərəcədə süni dildir. Süni dil – əslində dil yox, kommunikasiya işarələri toplusudur.
Son 20-30 ildə dilimizə soxulan və yeridilən bütün bu kommunikativ işarələr də bir xalqın yaratdığı təbii sözlər olmayıb, konkret bir şəxs – Aqop Martayan tərəfindən qondarılmış kommunikativ süni işarələrdirlər. Aqop Martayan zər atma üsuluyla, sözgəlişi, “ön”ü “əm”ə yapışdırıb, “önəm” deyə bir söz qondarıb; “öz”ü “əl”ə yapışdırıb “özəl” deyə bir söz quraşdırıb və s.
Biz bütün bunlarla demək istəmirik ki, Aqop Martayan erməni olduğu üçün onun quraşdırdığı dil də qəbuledilməzdir. Türkologiyanın görkəmli professoru Ervand Sevortyan da erməni idi və ümumtürk dillərinin etimologiyasının öyrənilməsində bəlkə də ondan çox əmək qoyan doğruçu alim olmamışdır; əgər gələcəkdə hansısa ortaq türk dili birliyi yaranacaqsa, bu alimin adı orada hörmətlə yad ediləcəkdir. Ancaq Aqop Martayan türk dillərinin keçmişində arxaizm kimi uyuyub qalan yüzlərlə söz dura-dura, onları diriltmək əvəzinə özündən yeni sözlər quraşdırmaqla, türkiyəliləri ümumtürk dilinin keçmişindən qoparmışdır; Aqop Martayan özbəyin, qazaxın, türkmənin, bizim və b. dilindən sözlər almamaqla türkiyəliləri bütün türkdilli xalqlardan ayrı salmışdır; Aqop Martayan yeni sözlər düzəldərkən sözlərin etimolojik-tarixi mənasını nəzərə almadığı üçün yanlış, bəzən gülməli sözlər düzəltmişdir. Sözün düzü, adam şübhələnir də ki, bir nəfər bir belə səhvi doğrudanmı bilməyərəkdən etmişdir. Ancaq istənilən halda burada bizim məqsədimiz Aqop Martayan yaradıcılığını və yaxud türkiyəlilərin dilini analiz etmək deyildir, biz öz dilimizi bu qorxulu virusdan nə üçün qorumalı olduğumuzu izah etmək istəyirik.
Əli müəllim!
Gəlin, qabaqca bir dəqiqləşdirmə aparaq. Anadolu kəndlisinin dili bizə necə təhlükə ola bilər?! Onlar ərəbcə “sabah” əvəzinə “yarın”, farsca “asan” əvəzinə “qolay”, ərəbcə “hamilə” əvəzinə “gəbə” deməklə bizdən daha arı-duru ana dilimizcə danışmış olurlar. Bizim unutduğumuz, onlarınsa yaşatdığı, az da olsa belə bir neçə sözü, sözsüz, alıb dilimizə qaytarmalıyıq. Deməli, biz birinci növbədə ümumiyyətlə “türk dili” və yaxud “türkcə” anlayışını ötən əsrin 30-cu illərində Türkiyədə yaradılmış qondarma yeni dildən ayırd etməliyik; bunun üçün biz bu qondarma yeni dilə şərti olaraq “aqopca-türkiyəcə” adını veririk. Dilimizə təhlükə – məhz aqopca-türkiyəcədir.
Aqopca-türkiyəcə sözlər dilçilik elmi baxımından yol-nəqliyyat nişanları kimi kommunikativ işarələrdirlər. Dünyada heç bir türkoloq və yaxud dilçi Türkiyədə 30-cu illərdə konkret bir şəxs tərəfindən quraşdırılmış o qondarma sözləri nə semantik, nə tarixi, nə morfoloji baxımdan öz tədqiqatına, etimoloji analizlərinə daxil edir.
Əli müəllim!
Ana dili – xalqın mənəvi genidir (R.Dawkins-in “mem”i kimi). Dilimiz bu saat aqopca-türkiyəcənin radiasiyası altındadır. Bu radiasiyanın genetik təsiri kimi ölkəmizdə yaranan ilk mutantlar və yaxud ilk satqınlar – özlərinə “yazar” adı verən tayfadır. Ancaq onlar özlərinə yazar dedikdə, anlamaq mümkün olmur ki, bununla özlərinə müəllif demək istəyirlər, ya yazıçı, yoxsa publisist; çünki aqopca-türkiyəcə yazar sözü bunların hamısını birdən ifadə edir. Yeri gəlmişkən, dilimizin necə “zənginləşdiyini” görürsünüzmü?!.
Ancaq bunu da deməliyik ki, ana dilimizin anasını ağladan bu “yazar” sürüsü məhz Sizin hakimiyyətin – cəmiyyəti qolay idarə etmək məqsədiylə – kütləvi savadsızlaşdırma və kitabsızlaşdırma siyasəti nəticəsində belə çoxalıb, mediaya daraşdılar. İdmançılara yox, klassik ana dilimizdə, məsələn, Mövlud Süleymanlının dilində ədəbi nümunələr yaradanlara dil mükafatları təyin edilmiş olsaydı, belə olmazdı; 1992-ci ildə BMT tribunasında dövlət rəhbəri kimi Ə.Elçibəyin ana dilimizdə çıxış etməsi ənənəsi davam etmiş olsaydı, belə olmazdı; türkiyəli dövlət nümayəndələriylə görüşdə “Nasılsınız?” yox, “Necəsiniz?” deyilsəydi, belə olmazdı; dövlət vəsaiti ilə çəkilən serialların, filmlərin, edilən dublyajların, bütövlükdə televiziya və medianın, yazılan dərsliklərin və s. dilinə aqopca-türkiyəcənin bulaşdırılmasının qarşısı alınsaydı, belə olmazdı; ana dili nazirliyi qurulmuş olsaydı, belə olmazdı...
İndi həmin “yazar”lar yerbəyerdən deyir ki, aqopca-türkiyəcə sayəsində leksik xəzinəmiz (söz fondumuz) artır, deməli, dilimiz zənginləşir. Onlardan soruşmaq gərəkdir: Çoxluq haçan zənginlikdir, haçan zibillik? Bəyəm şişmək kökəlməkdir?! Nəsimilərin, füzulilərin “nəhnü-qəsəmna”, “xari-muğilan”, “ərşi-münəqqəş” kimi ərəbcə və farsca tərkibləri leksik xəzinəmizi zənginləşdirdimi, zibillədimi? Nəsimilərin, füzulilərin dəyəri – onların öz üçdilli şeirlərində anadilli sözlərimizi işlətməklə dilimizi qoruyub saxlamaqlarıyla ölçülürsə də, Dədə Qor Qutun, “Qutadqu Bilik”in bir çox sözlərini unutdurub, qəzəl janrının tələbləri xətrinə, yerinə ərəbcə və farscalarını qoyanlar da elə onlar – nəsimilər, füzulilər oldular. Sözgəlişi, Füzuli “məngi” (məngü) sözümüz əvəzinə ərəbin “əbədi” sözünü işlədəndə, dilimizin leksik xəzinəsi guya zənginləşirdi, nəticə isə bu oldu ki, “əbədi” “məngi”ni (“məngü”nü) udub unutdurdu. Və yaxud Nəsimi “örən” (orun) sözümüz əvəzinə ərəbin “məkan” sözüylə şeir qoşanda da, eyni məntiqlə dilimiz guya zənginləşirdi, halbuki bu zənginlikdə “məkan” “örən”i (“orun”u) dildən didərgin salıb keçib oturdu onun yerində. Yaxşı ki, Azərbaycan kəndlisi öz “dodağ”ını Nəsiminin “ləb”indən, öz “saç”ını Füzulinin “zülf”ündən qoruyub saxlaya bildi.
Dilimiz aqopca-türkiyəcə sayəsində son illərdə ərəbcələşməkdə, farscalaşmaqdadır. Məsələn, “baxmayaraq” əvəzinə ərəbcə “rəğmən”; “onsuz da” əvəzinə ərəbcə “zatən”; “necə” əvəzinə yarımərəbcə “nasıl (nə asıl); “dayaq” əvəzinə farsca “dəstək”; “dayaq durmaq” əvəzinə “dəstəkləmək” və s.
Bu, oğuzcanın gəlib qıpcaqcaya birləşməsi deyil ki, deyəsən: Dilimiz daha da böyüyür. Bu, dəmirdən, kauçukdan, plastikdən hazırlanmış cansız və qorxunc bir robotun təbii, canlı və zərif bir orqanizmanı boğub udmasına bənzəyir. Ancaq deyəsən bu robot bu işi özbaşına görmür, elə bil onu kimlərsə uzaqdan pultla idarə edir.
Məsələn, xəbəriniz varmı ki, mərhum akademik Ağamusa Axundovun ziyankar rəhbərliyi altında hazırlanan dördcildlik izahlı lüğətimiz nə gündədir? İstər folklor nümunələrimizdə, istərsə də Orta əsrlər ədəbiyyatımızda gen-bol işlənilən sayrı, qılaf, sanılı, nəsnə, bölməcə, görklü, çavlı və s. kimi dilimizin ən qədim onlarla sözünü, Dədə Qor Qutun yom, dölək, yarçımaq, yerindirmək, udlu, umur, dirim, toxunc və s. kimi onlarla sözünü, habelə Qızılbaşlar (Səfəvilər) dövləti aparatının saxlov (qazamat), ayaqçı (qasid), eşikağası (dövlət məmuru), atminən (yavər), gəzər (patrul) kimi inzibati terminlərini Lüğətə salmazkən, Lüğətin 2006-cı il nəşrinə gündəm, anlam, ortam, qarşılıq, ödül, ana yasa, özgün kimi neçə-neçə aqopca-türkiyəcə qondarma sözü ağu kimi usdufca yeridiblər. Yeni doğulan nəsillər bu sözləri ana dilimizin sözləri sayacaqlar. Həm də ona görə ki, Lüğətin köhnə nəşrlərini yox, məhz aqopca-türkiyəcəyə bulaşdırılmış 2006-cı il nəşrini internetə yerləşdiriblər ki, onları tutuşdurmaq mümkün olmasın.
Təkcə təbii sözlərimiz süni sözlərlə əvəzlənilmir, dilimizdə semantik dəyişmə də aparılır. Məsələn, bu yaxınlarda “yazar”lardan biri öz xəbərinə belə bir ad qoymuşdu: “Ərdoğan yenidən AKP-nin başına döndü.” Biz bu cümləni belə anladıq: “Ərdoğan yenidən AKP-nin başına dolandı, yəni o, AKP-yə yalvardı, AKP-ni əzizlədi.” Xəbərlə tanış olduqda isə aydın olurdu ki, sən demə bu, “başına dönməy”i “geri qayıtmaq” mənasında işlədibmiş, deməyəsən, Ərdoğan öz partiyasına sadəcə olaraq qayıdıbmış! Nəvaziş, yalvarış, əzizləmə bildirən, öz-özlüyündə isə çox əski bir kultumuzun dilimizdə qalan izi kimi “başına dönmək” (“başına dönərəm”) feilimizə qayıtmaq mənası verməklə, göründüyü kimi, ifadənin özünü qabıq kimi saxlayıb, içini dəyişdirirlər.
Başqa bir misal. Klassik Azərbaycan dilində “düzən” sözümüz rusca “step” sözünün anadilli əvəzidir. Məsələn, klassik azərbaycanca “Avrasiya düzəni” – “Avrasiya step(lər)i” deməkdir. İndi hansısa bir Aqop zəratma yoluyla “düzən” deyə bir söz düzəldib və heç kimi də vecinə almadan bu sözə nizam mənası verib və həmin aqopca-türkiyəcənin radiasiyasına məruz qalan yeni mutant dilimizdə “Avrasiya düzəni” artıq “Avrasiya nizamı” mənasını bildirməyə başlamışdır. Artıq step sözü əvəzinə düzən sözünü işlətmək mümkün deyil, çünki hamı onu nizam kimi anlayacaq!
Əli müəllim!
İki il bundan qabaq İran hökuməti qədim farscanın (qədim farscanın başlanğıcı e.ə. 5-ci əsrdən – I Daradan o yana keçmir) unudulmuş arxaizmləri hesabına müasir farscanın zənginləşdirilməsi üçün külli miqdarda vəsait ayırdı.
Sovet hakimiyyətinin beynəlmiləlçi olmasına, tarixi inkişafın subyekti kimi xalqları yox, sinifləri götürən marksizm ideologiyasına söykənməsinə, millilikləri silməyi qarşısına məqsəd qoymasına baxmayaraq, 1920-ci illərdən etibarən, sonralar isə daha intensiv olaraq Azərbaycanın ən müxtəlif rayon və kəndlərinə, hətta azərbaycanlıların yaşadığı Ermənistana, Gürcüstana, Dağıstana, Cənubi Azərbaycana dilçi ekspediyalar göndərilirdi. Bilirsinizmi nə üçün? Xalqın arasında işlənilən, ancaq kitablara, lüğətlərə düşməyən dialekt və şivə materiallarını yığmaq üçün və sonra onlardan anadilli terminologiya yaratmaq üçün. Bəs biz müstəqil olduğumuz son 25 ildə dilimiz üçün nə etmişik, onu aqopca-türkiyəcənin ayaqları altına atmaqdan başqa?!
Görün, hansı hala çatmışıq ki, orta yaşlı yazıçılarımızın artıq bir neçəsi öz müsahibələrində deyirlər ki, “Başqa dil bilsəydik, o dildə yazardıq, potensial oxucu sayı beş milyon olan bir xalqın heç kimə gərək olmayan dilində yazmazdıq.”
Cənubi Azərbaycanda yaşayan 30 milyondan çox xalqımızın müstəqil dövlət qurmaq istəyən təbəqəsi, bunu heç də maddi baxımdan daha yaxşı yaşamaq üçün istəmir; onlar orada maddi baxımdan pis də yaşamırlar. Onlar ana dillərincə təhsil ala, məktub yaza, elmi yaradıcılıq edə bilmək üçün müstəqil olmaq istəyirlər. Eyni sözlər Rusiyada yaşayan tatarlar, başqırdlar və b. barəsində də deyilə bilər. Elə bizim özümüzdə də, milli müstəqillik uğrunda mübarizənin 1950-ci illərin sonlarından etibarən közərən ilk işartıları – rus dilinin ana dilimizi sıxışdırmasına müqavimət kimi başlanmışdı. Deməli, xalqlar üçün təkbaşına ana dili – hətta müstəqil dövlət qurmaq istəmək üçün kafi səbəbdir.
Dünyada təqribən altı mindən çox dil var, ancaq bu say get-gedə azalır: dillər ölür. Proqnozlara görə bu əsrin sonunda qloballaşan dünyada yüzlərlə dil yox olmuş olacaq. Ləhcələr isə daha sürətlə məhv olmaqdadırlar. Birbəbir, sözbəsöz, mənabəməna dəyiş(diril)ərək onilliklər ərzində əriyərək yoxa çıxması real görünən dillərdən biri də bizimkidir. Bu proses başlayıb, artıq üçüncü onillikdir ki, davam edir: aqopca-türkiyəcə dilimizi udur. Hörmətli Əli müəllim, son bəyanatınızdan məlum oldu ki, Siz bu fəlakəti artıq görmüsünüz, qalır tədbir görmək.
14 Oktyabr, 2017-ci il
Almaniya