“İnanıram ki, azarkeşlər yağışa baxmayaraq, gələcəklər”
Çempionlar Liqasının qrup mərhələsində sabah “Atletiko”nu qəbul edəcək “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev oyunöncəsi mətbuat konfransında iştirak edib.
"Qafqazinfo" xəbər verir ki, Qarayev onları çətin oyun gözlədiyini deyib:
“Atletiko” barədə ancaq xoş sözlər söyləmək olar. Bu komanda son vaxtlar alqışalayiq oyun göstərir. Qrupun ən aqressiv oyun sərgiləyən komandasıdı. Yəqin ki, sabah da belə oyun sərgiləyəcəklər. Sabah yaxşı oyun göstərib, doğma azarkeşlərimiz önündə yaxşı nəticə qazanmağa çalışacağıq”.
- Hazırda mövcud olmayan şəhəri təmsil etmək sizin üçün nə deməkdi?
- Əlbəttə, bu mənə çətinlik yaradır. Ancaq “Qarabağ” bu ağrını unutdura bilir. Ümid edirəm ki, tezliklə öz doğma şəhərimizdə çıxış edəcəyik. Qarabağ adı bizə əlavə güc, məsuliyyət verir ki, oyunlara daha ürəklə hazırlaşaq.
- Bu yaxınlarda Almaniya millisinə qarşı çıxış etdin. Milli ilk hissədə bu yığmaya qarşı inamlı çıxış etdi. Bu oyunda qazanılmış təcrübə “Atletiko” ilə oyunda sizə nə dərəcədə kömək edəcək?
- Millidə oynamaq “Qarabağ”da çıxış etməkdən fərqlidi. Orda bütün ölkəni, bayrağı təmsil edirsən. Orda yaxşı çıxış etdik. Ancaq rəqibin təzyiqinə davam gətirə bilmədik və ardıcıl qollar buraxdıq. Ümumiyyətlə, “Qarabağ”da qazandığımız təcrübə millidə, millidə qazandığımız təcrübə isə “Qarabağ”da bizə kömək edir.
- Artıq 4-cü ildi “Qarabağ” qrup mərhələsində çıxış edir. Əvvəllər futbolçularımızın xaricdə çıxış etməməsinin səbəbini mötəbər yarışlarda şans qazanmamaları ilə izah edirdik. Dörd ildi “Qarabağ”ın əsas heyət üzvü olaraq qrup mərhələsində çıxış etsən də, xaricdən təklif yoxdu. Bunun səbəbini nədə görürsən?
- Yəqin ki, bu 4 il ərzində o səviyyəyə çatmamışam ki, belə təklif olmayıb. Təkcə mənə yox, heç bir azərbaycanlı futbolçuya belə təklif gəlməyib. Avropada oynamağı çox istərdim. Əvvəllər də bu cür təklif olacağı təqdirdə heç düşünmədən qəbul edəcəyimi demişdim. O ki qaldı bu problemin səbəbinə, bunu mən də bilmirəm.
- “Roma” ilə oyunda yağışın yağması və nəqliyyatla bağlı problemlər azarkeşlərə narahatlıq yaratdı. Buna görə bu dəfə biletlər tam satılmayıb. Onların bu oyuna gəlməsi üçün azarkeşlərə hansı çağırışı etmək istərdiz?
- “Roma”dan sonra Bakıda iki böyük komandaya qarşı oyunumuz qalıb. Bu oyunlar Bakıda futbol bayramına çevrilməlidi. Hava bu cür oyunları buraxmaq üçün əsas olmamalıdı. Hələ sabaha kimi vaxt var. İnanıram ki, azarkeşlərimiz yağışa, küləyə baxmayaraq, stadiona gəlib, bizə dəstək olacaqlar.