Fransa – Argentina: 12-ci dəfə
Bu gün dünya çempionatınını 1/8 final mərhələsinə Argentina – Fransa oyun ilə start veriləcək. “Qafqazinfo”nun məlumatına görə bu komandalar arasında 12-ci qarşılaşma olacaq.
DÇ-nin iki favoritinin duelindən öncə statistikaya görə cənubi amerikalılar üstün durumdadır. İndiyə qədər tərəflər arasında 2-si rəsmi, 9-u yoldaşlıq görüşü olmaqla 11 matç keçirilib. Bu matçların 6-da Argentina, 2-də Fransa qələbə qazanıb. Üç matç isə heç-heçə başa çatıb.
Cənubi amerikalıların 12 qoluna avropalılar cəmi 7 qolla cavab verib.
Bu tərəflərin dünya çempionatında 3-cü qarşılaşması olacaq. Fransa və Argentina ilk dəfə 1930-cu ildə Uruqvayın ev sahibi olduğu mundialda üz-üzə gəliblər. İlk hissəsi qolsuz başa çatan oyunu argentinalılar 1:0 hesablı qalibiyyətlə başa vurub.
Komandalar arasında ikinci görüş isə 48 il sonra baş tutub. 1978-ci ildə Argentinada keçirilən dünya çempionatında ev sahibləri fransızları 2:1 hesabı ilə üstələməyi bacarmışdı.
Rusiyada keçirilən mundial Fransa üçün 15-ci dünya çempionatıdır. Fransızlar yalnız bir dəfə - 1998-ci ildə ölkələrində keçirilən DÇ-ni qalib başa vurmuşdular.
“Xoruzlar” ondan sonra qarıldığı bütün dünya çempionatlarında ən yaxşı halda ¼ finala qədər gələ biliblər. Dünya reytinqində 7-ci yerdə qərarlaşan Fransa mundiallar tarixində 62 matç keçirib. Onlar bu qarşılaşmaların 30-da qələbə qazanıb, 19 dəfə məğlub olublar. 13 matç isə sülhlə başa çatıb. Dünya çempionatlarında 109 qol vuran yığma, qapısında 72 qol görüb.
Argentina isə 17-ci dəfə dünya çempionatında mübarizə aparır. Keçmişdə 1978-ci ildə Argentinada, 1986-cı ildə isə Meksikada çempion olan “tanqoçular” 3-cü dəfə bu kuboku başı üzərinə qaldırmaq niyyətindədir.
Mundiallarda 80 matça çıxan cənubi amerikalılar 43 qələbə qazanıb, 22 dəfə isə məğlub olublar. 15 qarşılaşma isə heç-heçə bitib. Bu matçlarda onlar 134 dəfə rəqib qapılarına yol tapıblar, 89 dəfə isə qola üzülüblər.