Sevişməsi yox, kimi sevməsi önəmlidir...
Qan Turalı
Yazıçı adının bir dəyəri var.
Hörməti var.
Biz hətta istəməsək belə bu adı cəmiyyət bizim üstümüzə qoyur.
Təbii haldır.
Çünki XIX əsrdən etibarən Azərbaycanda yazıçı demək ancaq roman yazmağı ifadə etmirdi.
Nizaminin, Füzulinin dövründə sənətkarın belə missiyası yox idi.
Dövr isə dünyada və bizdə sürətlə dəyişdi.
Misal üçün, Axundovu xatırlayaq.
Əlifba islahatı üzərində yorulmadan çalışdı.
Dini cəhalət əleyhinə mübarizə apardı.
Qori seminariyasının Azərbaycan şöbəsinin açılması yolunda çox zəhmət çəkdi və buna nail oldu.
Mirzə Cəlil, Üzeyir bəy, Haqverdiyev təkcə Axundovun ədəbi irsinin varisləri olmalıdılar.
Onlar həm də Axundovun bizim öyük əmək verdiyi seminariyanın məzunları idilər.
Elə Mirzə Cəlilin özü də təkcə yazıçı deyildi.
"Molla Nəsrəddin"in redaktoru idi.
Öz yaradıcılığına çəkdiyi zəhmətin min qatını bura çəkdi.
İlk əsərini yazandan sonra "inanmıram oxuyan ola" dedi, amma gedib alverə qurşanmadı.
O oxucunu yaratmaq üçün çalışdı.
Mədəni intibaha can atdı.
Eləcə də Sovet dövrünün ziyalıları...
Bütün neqativ çalarlara baxmayaraq yalnız şair deyildilər, yazıçı deyildilər.
Dilimizi qorumaq bahasına mübarizə apardılar.
Milli varlığı qorumaq üçün dayanmadan çalışdılar.
Mirzə İbrahimov misal üçün.
Ali Məclisin sədri kimi çox yüksək postunu Ədəbiyyat İnstitutunun şöbə müdirliyinə dəyişdi.
Sadəcə olaraq elmdə, məişətdə dilimizin daha çox işlənməsi naminə bu qurbanı verdi.
Bəlkə də çox böyük yazıçı deyildi amma haqqında Leninqradda dissertasiya yazdığı Mirzə Cəlilin şüuru ona dərin təsir göstərmişdi.
Bir sözlə, yazıçılıq təkcə əsər yazmaq deyil.
Həm də ədəbiyyatın ali missiyasını gerçəkləşdirməkdir.
İnsana insan olduğunu xatırlatmaq, ən ağır vəziyyətlərdə belə insanın mənəvi mahiyyətini unutdurmamaqdır ədəbiyyat.
Ədəbiyyat məqsəd deyil, vasitədir.
Ətrafıma baxıram, bu missiyadan xəbərsizik.
Şəxsi eqo hər şeyi üstələyib.
Həqiqət hayqıran səslər unudulub.
Məqsəd itib, vasitəyə nökərçilik edirlər.
Xalqın maarifi üçün qazanılmalı olan tribuna şəxsi mənafelərin əlinə verilib.
Elə Türkiyə də bizimlə eyni gündə deyilmi?
Bir zamanlar Türk yazıçılarının yolu mütləq həbsxanadan keçərdi.
Nazım Hikmət, Attila İlhan, Necib Fazıl, Sabahattin Ali, Əziz Nesin...
Onlar öz əsərlərinə görə həbs yatmırdılar.
Onlar inandıqları dəyərlərlə yaşayırdılar.
İnsan ləyaqəti uğrunda savaşırdılar.
İndi Pamuk belə misilsiz istedadına baxmayaraq ədəbiyyatla alver edir.
"Türklər erməniləri öldürüblərmiş".
Elif Şəfəq hətta özünü belə ötüb keçir, biseksual imiş evli ana...
Bəlkə Amerikada yazıçı missiyasına ehtiyac yoxdur.
Ya da Avropada.
Hərçənd ingilis yazıçı Harold Pinterin Nobel nitqinə baxın, Amerika və İngiltərəni İraq işğalına görə ittiham etdi.
Bizlər isə...
Sadəcə ədəbiyyatın şöhrətinə aldanmışıq.
Şöhrət də bir şöhrət ola...
Şöhrət özünü sevməkdir.
Ədəbiyyat isə təmənnasız insan sevgisi tələb edir...