Nazirlər Kabinetinin indiyədək Surət Hüseynovun təsdiqlədiyi reqlament əsasında fəaliyyət göstərdiyi məlum olub

 



 

Nazirlər Kabineti Aparatı işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb.

“Report” xatırladır ki, bununla bağlı Azərbaycan Prezidentinin fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilib.

Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib:

Baş nazirin xidməti; Baş nazirin birinci müavininin xidməti; Baş nazirin müavinlərinin xidmətləri; Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti; Nazirlər Kabineti Aparatı rəhbərinin müavininin xidməti; Hüquq şöbəsi; Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi; Humanitar və sosial məsələlər şöbəsi; Beynəlxalq əlaqələr şöbəsi; Sənaye və energetika məsələləri şöbəsi; Neft və kimya məsələləri şöbəsi; Kənd təsərrüfatı məsələləri şöbəsi; Ekologiya məsələləri şöbəsi; Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi; Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi; Regionların inkişafı məsələləri şöbəsi; Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi; Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi; Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi; Mətbuat xidməti; İşlər idarəsi.

Nazirlər Kabineti bu vaxta qədər sabiq Baş nazir Surət Hüseynovun 1994-cü ildə təsdiq etdiyi Müvəqqəti Reqlament əsasında fəaliyyət göstərirmiş. Bu fərmanda Azərbaycan Prezidentinin verdiyi tapşırıqdan sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” layihələri hazırlanıb və dövlət başçısının 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsdiq edilib.

Bu sənədlər Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi, operativliyinin təmin edilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədilə qəbul olunub.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin həyata keçirilməsi üçün onun fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

Nazirlər Kabinetinin kollegial orqan olduğu nəzərə alınaraq, Qaydada Nazirlər Kabinetinin iclaslarının planlaşdırılması, hazırlanması və keçirilməsinə xüsusi diqqət ayrılıb. Belə ki, Baş nazir tərəfindən bəyənilmiş iclas gündəliyinin layihəsi və müvafiq materiallar iclasın tarixindən azı 5 iş günündən əvvəl Nazilər Kabinetinin üzvlərinə, habelə iclasda iştirak edəcək digər şəxslərə göndəriləcək. İclasda Nazirlər Kabinetinin üzvləri şəxsən iştirak etməlidirlər. Üzvlərin azı yarısı iştirak etdikdə Nazirlər Kabinetinin iclası səlahiyyətli hesab olunacaq. İclasda baxılan məsələlərə dair qərarlar üzvlərin sadə səs çoxluğu ilə qəbul olunacaq. Nazirlər Kabinetinin iclası, bir qayda olaraq, açıq keçiriləcək.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”də isə Aparatın fəaliyyət istiqamətinin müvafiq səlahiyyətlərin Nazirlər Kabineti tərəfindən həyata keçirilməsinin təşkil və təmin edilməsindən ibarət olduğu müəyyənləşib, həmçinin Aparatın vəzifələri, hüquqları və fəaliyyətinin təşkili ilə bağlı digər məsələlər öz əksini tapıb.