İlham Əliyev yeni müavin təyin etdi
Xəzər Dəniz Gəmiçiliyi QSC-nin rəhbərliyində yeni təyinat olub.
Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 5 oktyabr 2017-ci il tarixli sərəncamı ilə Mübariz Cabbarov Xəzər Dəniz Gəmiçiliyi QSC sədrinin birinci müavini təyin edilib.
Mübariz Mustafa oğlu Cabbarov 1968-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. 1988-ci ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini və 2002-ci ildə Novorossiysk Dovlət Dəniz Yolları Akademiyasını bitirib.
1989-1996-cı illərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Yolları İdarəsinin gəmilərində matros, kapitanın 3-cü və 2-ci köməkçisi işləyib. Daha sonra xarici gəmiçilik şirkətlərində kapitanın 2-ci köməkçisindən kapitana qədər yüksəlib.
2004-2005-ci illərdə “BUE Caspian Ltd” şirkətində təhlükəsizlik üzrə inspektor, daha sonra isə təhlükəsizlik üzrə menecerin müavini vəzifəsində işləyib.
2006-cı ilin sentyabrından 2007-ci ilin iyulunadək Böyük Britaniyanın “CMİ Offshore Ltd” şirkətinin Qazaxıstan Respublikasındakı filialının idarəetmə üzrə meneceri, 2007-2017-ci illərdə həmin şirkətin Böyük Britaniya, Qazaxıstan və daha sonra Rusiya Federasiyasındakı ofislərinin direktoru vəzifəsində çalışıb.
2017-ci ilin iyulundan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasının rəisi vəzifəsində işləyib.
Evlidir, iki övladı var.