“Bu, kənd təsərrüfatının sürətli inkişafını təmin edəcək”



 

“İnfrastruktur layihələri arasında meliorasiya məsələləri indi ön plandadır. Bu layihələrin icrası artıq öz səmərəsini verib. Bu il nəzərdə tutulub ki, 150 min hektar yeni sahəyə suyun verilməsi təmin edilsin və biz bu hədəfə çatmalıyıq. Gələn il isə ən azı bu günə qədər suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə olmayan 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir ki, bu proses daha da sürətlə getsin. Beləliklə, suvarılan torpaqların həcmi hər il artacaq. Bu da təbii ki, özlüyündə kənd təsərrüfatının sürətli inkişafını təmin edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

“Bizim torpaq fondumuz məhduddur. Kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaq”, - deyən dövlət başçısı qeyd edib ki, onların arasında əlbəttə, aqrotexniki tədbirlər, laboratoriyaların qurulması, torpağın düzgün təhlili və suvarma məsələləri var. Ona görə meliorativ tədbirlər həm növbəti ilin Dövlət İnvestisiya Proqramında, həm də ondan sonrakı illərdə daim prioritet olmalıdır.

Prezident deyib: “Bu il kənd təsərrüfatı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilmişdir. Mənim sədrliyimlə müxtəlif sahələr üzrə müşavirələr keçirilmiş, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq - bütün bu məsələlər çox geniş müzakirə edilmişdir. Dövlət proqramları hazırlanmış, təsdiq olunmuş və bütün hədəflər müəyyən edilmişdir. Bu proqramlar çox konkret xarakter daşıyır. Orada həm icra mexanizmləri, maliyyə vəsaiti nəzərdə tutulur. Əlbəttə ki, gələn ilin dövlət büdcəsində bu proqramların reallaşması nəzərdə tutulmalıdır”.