Dr.Səbinə Mirzəyevanın təşəbbüsü ilə konfrans keçirilib - Fotolar



 

Dünən “Fairmont Baku” otelində “Baku Medical Plaza”nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyevanın təşəbbüsü ilə “Sağlam nəsil naminə hamilələrlə görüş” adı altında açıq konfrans təşkil olunub.

"Qafqazinfo" xəbər verir ki, saat 16:00-da start verən konfrans 3 saatdan artıq müddətdə davam edib. Konfransda tanınmış aparıcı mütəxəssislərdən “Baku Medical Plaza”nın Endokrinologiya şöbəsinin müdiri, endokrinoloq Dr. Hidayət Məmmədzadə, Azərbaycan Tibb Universitetinin Terapiya Klinikasının həkim-dietoloqu Dr. Tutu Zeynalova, Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova da iştirak ediblər.

300-dən artıq ana olmağı planlayan xanımlar, artıq ana olmağa namizəd olan hamilələr, həmçinin bir və daha artıq övladı olan gənc analar konfransda iştirak ediblər.

Yüksək səviyyədə təşkil olunan elmi-tibbi konfransa ölkənin müxtəlif xəstəxanalarında, poliklinika və özəl klinikalarında çalışan həkimlər də qatılıblar.
Bu ödənişsiz konfransın əsas məqsədi əsasən hamilə xanımları maraqlandıran bütün mövzularda aparıcı mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq, hamilə xanımların suallarını cavablandırmaq və tibb elminin sağlam hamiləliklə bağlı son yeniliklərini müzakirə etmək olub.

Əvvəlcə Dr.Səbinə Mirzəyeva konfransı açıq elan edərək, hamiləliklə bağlı ən önəmli mövzuları əhatə edən xüsusi mühazirəsi ilə çıxış edib.

Ölkənin tanınmış cərrah mama-ginekoloqlarından olan Səbinə xanım 3 əsas mövzuya toxunub. Belə ki, o, “Hamiləlik və onunla bağlı hər şey”, “Riskli hamiləliklər” və “Qeysəriyyə sonrası təbii doğuş” başlıqlı əsas mövzularla bağlı detallı məlumat verərək, qeyd edib ki, təbii doğuş qarşıya qoyulan məqsədyönlü bir iş deyil, bu təbii və düzgün tərzdə hamiləliyin başa çatdırılması və uşağın dünyaya gətirilməsi prosesidir:

“Üstünlüyü nə qədər yüksək olsa da, qeysəriyyə sonrası vaginal doğum yalnız cərrahi bacarığı və tibbi savadı olan mütəxəssis tərəfindən icra olunmalıdır. Vaginal doğumun ana üçün üstünlükləri psixoloji nöqteyi-nəzərdən daha pozitiv nəticə, əlavə cərrahi müdaxilənin olmaması,  itirilən qanın həcminin az olması, klinikada yatış müddətinin nisbətən qısa olması, qadının fizioloji doğum sonrası qısa müddət ərzində toparlanması, ana ilə körpə arasında dəri təmasından irəli gələn bağın yaranmasıdır”.

Dr.Səbinə Mirzəyeva cərrahi əməliyyatın ana və körpə üçün təhlükəsiz olmasına bu qədər əminlik yarandıqdan sonra qadınların yenidən vaginal doğumu tərcih etmələrinə səbəb  və qeysəriyyə sonrası vaginal doğum üçün əks göstərişlər barədə də  izahlı məlumatlar verib.

Daha sonra endokrinoloq dr.Hidayət Məmmədzadə “Hamiləlik zamanı endokrin xəstəliklər” haqqında geniş məlumatla çıxış edib:

“Hamiləlik zamanı ana və döl arasında bir-birinə təsir edən geniş həcmli endokrin-metabolik dəyişikliklər hamiləliyin davamı, dölün inkişafı, böyüməsi, doğum və südəmizdirmə proseslərinə zəmin yaradır. Yadda saxlamaq lazımdır ki, hamiləlik xəstəlik deyil, fizioloji prosesdir”.

Dietoloq Dr. Tutu Zeynalova “Hamiləlik və laktasiya dövründə qidalanma və sağlam həyat” mövzusunu əsas götürərək, hamilə qadının qidalanması ilə bətnindəki körpənin sağlamlığı arasındakı mühüm əlaqədən danışıb:

“Körpənin fiziki və zehni cəhətdən inkişaf etməsi və böyüməsi ananın hamiləlik müddətində yetərli və balanslı qidalanması sayəsində mümkündür. Hamiləlik müddətində ananın yetərsiz və balanssız qidalanması körpədə müxtəlif problemlərə yol aça bilər. Zamanından öncə erkən doğum, az çəkili uşağın dünyaya gəlməsi, fiziki və əqli cəhətdən inkişaf etməmiş körpənin dünyaya gəlməsi, ölü doğuşların səbəbi məhz budur”.

Dr.dyt.Tutu Zeynalova həmçinin hamiləlik zamanı qidalanmanın qızıl qaydaları və sağlam həyat tərzi ilə bağlı izahlı məlumatları konfransda iştirak edən 200-dən artıq hamilə qadınla bölüşüb.

Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova da öz növbəsində hamiləlik zamanı psixoloji məsələlərə toxunub:

“Hamiləlik qadın həyatının ən önəmli dönəmidir. Bu dönəmdə hamilələri qorxutmaqla onları nələrdənsə qorumaq düzgün deyil.  Bir hamiləyə “Filankəs hamilə idi balıq yedi və zəhərləndi” kimi nümunələr gətirərək, onları psixoloji stressə salmaq olmaz. Hamilə qadınlar da bu 9 ay müddətində öz körpələrini hiss etməyə, onları danışdırmağa cəhd göstərməlidirlər.  Hamilə olduğunu öyrənən qadın ilk günlərdən bətnindəki körpə ilə ünsiyyət qurmağa çalışmalıdır. Çünki körpə anasının səsini tanıyır, onu eşidir. Bu üzdən qadın anasının ürək döyüntüsünün səsindən tutmuş digər bütün fizioloji proseslərə bağlı səsləri eşidən və səs-küylü mühitdə böyüyən uşağı ilə daimi psixoloji kontakt qurmağa çalışmalıdır”.

Sonda bütün həkim heyəti zaldakı hamilələrin suallarını cavablandırıb və hər kəs bu önəmli təşəbbüsünə və həyata keçirdiyi böyük bir işə görə cərrah mama-ginekoloq Səbinə Mirzəyevaya təşəkkürlərini çatdırıb.