“İstəməzdim ki, Rəşad millidən getsin” - Qurban Qurbanov
Xəbər verdiyimiz kimi, “Qarabağ” yoxlama görüşündə “Sumqayıt”la qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.
Matçdan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Qafqazinfo”ya müsahibəsində matçı dəyərləndirib:
- “Sumqayıt”la yoxlama görüşündən gözlədiklərinizi ala bildinizmi?
- Yaxşı oyun alındı. Kiçik vaxtımız var idi. Onu da yoxlama görüşü ilə başa vurduq. Rəqibə təşəkkür edirəm ki, razılaşdı, gəlib Bakıda oynadıq. Maraqlı qarşılaşma oldu. Futbolçuların yüklənməsini istəyirdik və ona da nail olduq. Yaxşı sürət və mübarizə oldu. Tam razı qaldım.
- Çempionlar Liqasının 3-cü turunda “Atletiko” ilə oyunun hazırlıqları nə zaman başlayacaq?
- Heyət tam hazır olanda. Milli komandalarda olan futbolçular ayrı günlərdə qayıdacaqlar. Ondan əvvəl çempionat oyunumuz var. “İnter”lə matça komandanı hazırlamalıyıq. Ağır olacaq. Ondan sonra “Atletiko” matçı haqqında düşünəcəyik. İnşallah, futbolçular millidən zədəsiz qayıtsınlar.
- Hazırlıq matçında Yakub Jezniçak heyətdə yox idi. Zədəsi necədir?
- Sabahdan fərdi məşqlərə başlayacaq. Qaçışlara start verəcək. Çox da ciddi zədə deyil. Sadəcə 4-5 gün vaxta ehtiyac var idi.
- Dani Kintana tam hazır deyil?
- Onun zədə ilə bağlı problemi yoxdur. Sadəcə başqa sistemdə çalışır. Həkimlər onun ayağını daha da gücləndirməyi məsləhət görüblər. Bir proqram var ki, onunla ayağı güclənir. 3 seansı başa çatıb, 2 seansı qalıb. Ondan sonra tam hazırdır. Komanda ilə məşqlərə qoşulub. Bir neçə gün öncə çox yükləndi və ona görə məsləhət olmadı.
- Rəşad Sadıqovun millidəki vida matçı haqqında fikirləriniz? Bu barədə sizinlə məsləhətləşdimi?
- Bəli, demişdi. Mən istəməzdim ki, bitirsin. Amma bu onun şəxsi qərarıdır. Ən doğrusunu özü bilir. Hamımız bu qərara hörmət edirik. Bir tərəfdən də üzülürük ki, o getdi. Digər tərəfdən sevinirik ki, uğurlu karyerası oldu. Həm lider oyunçu olaraq, həm kapitan olaraq millidə olmağın haqqını verdi.
- Rəşad Sadıqovdan sonra Rahid Əmirquliyev millinin kapitanı oldu...
- Bunlar mənə aid olmayan məsələlərdir. Ola bilər ki, dəyişikliklər olsun. Həm kapitanla, həm də futbolçularla bağlı. Səhv etmirəmsə, əvvəl də Rəşad olmayanda Rahid kapitan kimi meydana çıxırdı. Bu ilk deyil. Yeni bir şey də deyil. Tsikl artıq başa çatır. Bundan sonra hər şeyə qərar veriləcək.
- Razısınız ki, milli komanda Çexiyaya qarşı istəksiz oynadı?
- Açığı, biz meydanda gördüyümüzü deməliyik. Oyundan əvvəlki müsahibələrdən oxuyurduq ki, komanda hazırdır və əhval-ruhiyyə yüksəkdir. Bəzən olur ki, sən istədiyini edə bilmirsən. Rəqib imkan verməyəndə bəzən inam itir. Ola bilər ki, ona görə kənardan motivasiyasız görünsün. Amma bir neçə yüz faizlik qol epizodlarımız oldu. Elə ikinci hissə başlayanda komanda aqressiv başladı və qol da vurdu. Kənardan belə görünə bilər. Amma düşünmürəm ki, millidə qol vurmaq, qələbə qazanmamaq istəyən futbolçu olsun. Bəzən rəqibin gücünü də düşünməliyik.
- “Qarabağ”ın heyətindəki oyunçuların bir çoxu milli Almaniyaya qarşı çıxış edəcəklər. Həmin oyundakı temp “Atletiko” ilə matç öncəsi futbolçularınıza müsbət təsir edə bilər?
- Ola bilər ki, rəqib yığmanı öz qapısına sıxışdırsın və heç temp olmasın. Belə komandalara, futbolçulara qarşı oynamaq daima təcrübədir. Çünki belə komandalara qarşı oynamaq daim tez düşünməyə məcbur edir.
- İcraiyyə Komitəsinin son iclasında verilən qərarlar nə dərəcədə özünü doğruldacaq? Məsələn, “Regional liqası”nın yaradılması futbolumuza nə xeyir verəcək?
- Hər bir halda futbolun sevilməsinə kömək edəcək. Bölgələr futbolsuz qalmayacaq. Azarkeşlər də meydanlara gedəcəklər. Ən azından rayonların komandaları futbola maraq yaradacaqlar. Faydası mütləq olacaq. Oradan futbolçu çıxmasa belə, futbol yaşayacaq. İlk dəfə keçiriləcək.
- Mükafat fondunun qoyulması nə qədər xeyirli olacaq?
- Məncə, yaxşıdır. Hər bir komanda hansısa turnirdə oynayanda istəyir onun qalibi olsun. Qalib olarkən də hər hansı mükafat əldə etmək sevincli olacaq. Turnirin də normal səviyyədə keçməsinə təsir edəcək. Birinci liqa komandaları da Premyer Liqaya çıxmaq istəyirlər.
- Topaz Premyer Liqanın 8-ci turunda “İnter”lə matç süni stadionda olacaq. Düşünümürsüz ki, “Atletiko” ilə matç öncəsi təbii örtüklü meydançada çıxış edəsiniz...
- Açığı, buna qərar verməmişəm. Bu gün onun haqqında fikirləşdik. Bəlkə də dəyişdirəcəyik. Bununla bağlı “İnter”ə müraciət edə bilərik. Hələ tam qərar verməmişik. Yenə də görək milli komandadan futbolçular nə vəziyyətdə gəlirlər? Hansı oyunçular meydana çıxıb, kim çıxmayıb. Onları nəzərə alaraq qərar verəcəyik.
- Bu gün heyətdə oynatdığınız gənc futbolçular gələcəyə ümid verirmi?
- Kiminsə adını çəkə bilmərəm. Cəlb edirik və yoxlayırıq. Bizim tələblərimiz daha çoxdur. Onlara güvənib böyük uğur dalınca getmək olmaz. “23-lüy”ə salırıq, toplanışlarda yoxlayırıq.