“Relax” qalmaqalı İqbal Məmmədovu mandatdan məhrum edir



 

Növbədənkənar parlament seçkiləri ilə kampaniyanın ən qaynar mərhələsi başlayır.

YAP-ın namizədlər siyahısının açıqlamasından sonra bir çox partiya da hansı namizədlərlə seçkilərə gedəcəyini açıqlayacaq.

Yenicag.az-ın əldə etdiyi bir məlumata görə, 78 saylı Lerik seçki dairəsindən deputat olmuş İqbal Məmmədov bu dəfə keçiriləcək seçkilərdə deputat seçilməsi şansını itirəcək.

Qeyd edək ki, deyilənə görə, İqbal Məmmədov bundan əvvəlki seçkilərdə SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin tələbə yoldaşı olduğu üçün Milli Məclisin deputatı seçilmişdi.

Ötən seçkilərdə İ. Məmmədov R. Abdullayevin “kvota”sında deputat mandatı qazanmışdı. Lakin onun sahibi olduğu “Relax” istirahət mərkəzində Dövlət Vergi Xidməti əməkdaşlarına hücum edilməsi, vergidən yayınma halları, özünün lerikli olmasına baxmayaraq, yerli əhali ilə qarşıdurmaları İqbal Məmmədovun yenidən deputat olması şansını sıfıra endirir.

Həmçinin ərəb turistlərin gəlməsindən sonra “Relax” istirahət mərkəzinin “ultra əyləncə məkanı”na çevrilməsi və bu məkanda “partilər”in təşkil olunması mühafizəkar rayon əhalisi arasında ciddi narazılıqla qarşılanıb.

Bu narazlıqdan doğan söz-söhbətin olması İqbal Məmmədovun deputatlıq arzusunun üzərindən xətt çəkir, eləcə də əhali onun yenidən deputat seçilməsini istəmir.
Xalqın və dövlətin gözləntisini doğrultmayan adamın seçilmə ehtimalı yoxdur.