“Qızı xəstəxanadadır, atasının öldüyünü bilmir” - Eks-nazirdən kömək istədilər



 

Keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarovun da adının hallandığı Xətai rayonunda baş verən yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən Uğur Vəliyevin yaxınları qəzaya səbəb olanların ailəyə köməklik etmələrini tələb edir.​

Bununla bağlı “Qafqazinfo”ya müraciət edən  Nailə Mirzəyeva bildirib ki, Uğur Vəliyevin 3 övladı var: “O qızı ilə kirayə tutduqları evdə yaşayırdı.  Qızı ailəsindən ayrılıb. Himayəsində də 12 yaşlı bir övladı var.  Evin tək köməyi ata idi. O qazanıb kirə pulunu və qızının xəstəxana xərclərini ödəyirdi. İndi qızı Ağciyər İnstitutunda  ağır vəziyyətdə müalicə alır. Heç atasının rəhmətə getdiyini də bilmir.  Biz hadisəyə səbəb olan hər iki sürücüdən, keçmiş  xarici işlər nazirimiz Tofiq Zülfüqarov və Rasim Əsgərovdan ailəyə bu çətin vəziyyətdə kömək etmələrini, onlara dəymiş ziyanın ödənilməsini xahiş edirik”. 

Tofiq Zülfüqarov

Xatırladaq ki,  hadisə sentyabrın 15-də Bakıda Xətai rayonunda baş verib. Uğur Vəliyev Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobilin yan güzgüsü ilə vurulub, daha sonra piyadanın üstündən Rasim Əskərovun idarə etdiyi “Ford” markalı yük maşını keçib. Nəticədə piyada  aldığı xəsarətdən  yerindəcə dünyasını dəyişib.

Günel Türksoy