Kəmaləddin Heydərov özbəkistanlı həmkarı ilə görüşdü
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 3-də ölkəmizdə səfərdə olan Özbəkistanın fövqəladə hallar naziri Rustam Curayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov Rustam Curayevin ölkəmizə ilk dəfə rəsmi səfərə gəldiyini, bu səfərin fövqəladə hallarla mübarizə sahəsində ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışan nazir Kəmaləddin Heydərov baş verə biləcək fövqəladə hallarla mübarizə sahəsində Azərbaycanla Özbəkistanın Fövqəladə Hallar nazirliklərinin birgə, qarşılıqlı fəaliyyətinin mühüm rol oynayacağını vurğulayıb.
Rustam Curayev hər iki ölkənin aidiyyəti qurumları arasındakı mövcud əməkdaşlığın dərinləşməsinin mühümlüyünü qeyd edib. O, fövqəladə hallar sahəsində Azərbaycan və Özbəkistanın Fövqəladə Hallar nazirliklərinin birgə əməkdaşlığının perspektivlərindən danışıb.
Sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında 2018-2019-cu illər üçün əməkdaşlıq üzrə tədbirlər Planı” imzalanıb. Sənədi hər iki ölkənin fövqəladə hallar nazirləri Kəmaləddin Heydərov və Rustam Curayev imzalayıblar.