Fransa Azərbaycanlıları Koordinasiya Şurası hesabat verib
Fransa Azərbaycanlıları Koordinasiya Şurası hesabat verib.
Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, videokonfransı giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Fransadakı diaspor üzvlərinin pandemiya dövründəki fəaliyyətini və Ermənistanın iyul təxribatları zamanı Parisdə izdihamlı aksiyalar keçirmələrini müsbət qiymətləndirib.
O, Koordinasiya Şuralarının, o cümlədən Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yaranmasının diaspor hərəkatına mütəşəkkillik və dinamika gətirdiyinə diqqəti cəlb edib.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Qarabağ” məktəbinin və Azərbaycan-Fransa Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov Şuranın və Fransanın Nant şəhərində yerləşən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə açılan “Qarabağ” Azərbaycan məktəbinin fəaliyyəti barədə məlumat verib.
Toplantı iştirakçıları görülən işləri müzakirə edib və gələcək planlar, yeni layihələr barədə təklif və rəylərini bildiriblər.
Tədbirdə Fransada fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri, diaspor fəalları və ölkəmizin Fransadakı səfirliyinin səlahiyyətli şəxsləri iştirak edib.
Komitə sədri Toğrul Zeynalovun əlaqələndirici kimi gördüyü işləri yüksək qiymətləndirib və onun təşəkkürnamə ilə mükafatlandırıldığını bildirib. Videokonfrans Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yeni əlaqələndiricisinin seçilməsi ilə başa çatıb.