“Əminəm ki, “Real” tərəfdarları bu nəticəyə çox sevinirlər” - Tahir Gözəl



 

“Qarabağ”ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko” ilə 1:1 bitən oyunu şərh edib.

“Qafqazinfo” T.Gözəllə müsahibəni təqdim edir:

- Görüş haqqında nə deyə bilərsiniz?

- Çox maraqlı və gərgin oyun oldu. Qolumuz möhtəşəm idi. Onların vurduğu qol da adlarına yaraşan idi. “Qarabağ” bir daha sübut etdi ki, burda olmağı təsadüfi deyil. Avropa səviyyəsində oyun göstərir. Yarım saata yaxın müddətdə azlıqda oynasaq da, rəqiblə başa-baş mübarizə apardıq. Şükür ki, biz Çempionlar Liqasında, rəqib meydanda Azərbaycan tarixində ilk qolu vura bildik. Bu da bir ilkdir. “Qarabağ” yenə ilklərə imza atır.

- U-19 komandası da qələbə qazandı bu gün...

- O da möhtəşəm nəticədir. O komandamı da təbrik edirəm. Bu gün başımız dik, qürurla ayrılırıq Madriddən. Əminəm ki, “Real” tərəfdarları bu nəticəyə çox sevinirlər. Onlardan bizə mənəvi dəstək var idi ki, əlinizdən gələni edin. Çox məmnunam. Klubumla fəxr edirəm. Bizim əsas məqsədimiz var, o da Qarabağın adını dünyada anlatmaqdır. Şükür, buna nail oluruq. Bütün dünya bizi alqışlayır. “Roma”nın prezidenti də mənə təbrik göndərdi. Belə şeylər məni çox sevindirir.

- İştahınız artırmı? Bəlkə artıq 3-cülük haqqında düşünəsiniz?

- Qarşımızdakı elə komandalardır ki, çox çətindir. Əlimizdən gələni edəcəyik. Ölüm qrupuna düşmüşük. Şansımız var üçüncülüyə, bəlkə də möcüzə olacaq, ikincilik qazanacağıq? Hələ bilmirik axı.

- Qırmızı vərəqədən sonra həyəcan keçirdiniz?

- Vərəqəyə etirazım yoxdur. Ancaq 10 nəfər qalmaq məndə böyük həyəcan yaratdı. Lakin “Qarabağ” özünü itirmədi, bir az da şansımız gətirdi. Yaxşı bitdi hər şey.

- Bu cür oyundan sonra “Çelsi” ilə qarşılaşmada yenidən tribunaların dolacağını güman etmək olarmı?

- Mən ancaq dolu tribunalar gözləyirəm. Bu klubu dəstəkləməmək olarmı? Bu komanda üçün yeri gəlsə, iki saat piyada da getmək olar, çünki buna layiqdir. Bütün Azərbaycanı dəvət edirəm. Biz öz işimizi görürük, gərək Azərbaycan da “Qarabağ”a sahib çıxsın. Stadionu dolduraraq dünyaya sübut etməliyik ki, bu komandanın arxasında durmuşuq.

- Matçdan sonra “Atletiko” rəhbərliyi nə dedi?

- Serezo o qədər centlmen, yaxşı adamdır ki. Gözəl oyuna görə təbrik etdi. Hörmətlə vidalaşdıq.