London nəhəngi, Ronaldonun klubu... - “Qarabağ”ın rəqibləri kimdir?



 

UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edən “Qarabağ”ın rəqibləri bəlli olub. Ağdam klubu qitənin ikinci dərəcəli klub turnirində İngiltərənin “Arsenal”,  Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” klubu ilə üz-üzə gələcək.

Qurban Qurbanovun komandasının bəxtinə o qədər də asan qrupun düşmədiyini əvvəlcədən söyləmək olar.

London “Arsenal”ının gücü hər kəsə bəllidir. Çempionlar Liqasının daimi “sakini”nin AL-ə gəlməsi bir az qeydi-adi hal olsa da, faktdır. Ağdam təmsilçisinə rəqib olan Unay Emerinin komandası Avropa nəhənglərinin turnirindən kənarda qalsa da, ikinci mükafata sahib çıxmaq niyyətinə olacaq. Bir sözlə qrupun deyil Avroliqanın əsas favoritlərindən biri sayılır.

Qrupun digər iddialı komandası isə Lissabon “Sportinq”idir. Kriştianu Ronaldo kimi superulduzu dünyaya bəxş etmiş yarımada təmsilçiləri də “Qarabağ” üçün kifayət qədər ciddi rəqibdir. Lakin ötən il komandada bir sıra ciddi problemlər ortaya çıxdı. Klubun prezidenti Rikardo Karvalyo Avropa Liqasında “Atletiko”ya məğlubiyyətdən sonra klub futbolçularını təhqir etmişdi.

19 futbolçu isə onun bu təhqirlərinə cavab verərək heyətdən kənarlaşdırılmışdı. Mövsümün sonunda isə demək olar ki, həmin futboçuların əksəriyyəti ilə yollar ayrıldı. Bir neçəsi isə üzr istədikdən sonra komandada saxlanıldı.

Nəticədə heyət tamamilə dəyişdirildi. Komandanın başına yeni mütəxəssis də gətirildi. Bu Joze Pezeyrudur.  O, artıq yeni heyət qrup. Komandanın kapitanı isə ulduz futbolçu Luiş Nanidir.

“Sportinq”in tarixinə gəlincə, bu komanda 1906-cı il iyulun 1-də qurulub.  Klub Portuqaliyanın 3 nəhəngindən biri sayılır. “Porto” və “Benfika” ilə yanaşı daim çempionluq üçün mübarizə aparır. Oyunlarını 50 min tutuma malik “Joze Alvalade” stadionunda keçirən “Sportinq” son mövsümdə 3-cü yeri tutaraq Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.

Komandanın son illərdə ən böyük uğuru isə 2005-ci ildə Avropa Liqasının finalında oynamaq olub.

“Sportinq”lə bağlı daha bir maraqlı məqam isə bu il komandadan “Qarabağ”a transferin olmasıdır. Bolqarıstanlı yarımmüdafiəçi Simeon Slavçev Lissabon təmsilçisindən Ağdam klubuna gəlib.

O, komanda yoldaşları kimi “Sportinq”dən problemlə ayrılıb.

“Qarabağ”ın daha bir rəqibi isə Ukrayna təmsilçisidir. Poltava “Vorsk”lası Ağdam klubu ilə mübarizə aparacaq. 1955-ci ildə yaradılan klubun nəticələri də az deyil.

Bu komanda yarandığı ildən cəmi 1 il sonra SSRİ kubokunun qalibi olub. 1956-cı ildə Poltava təmsilçisi bütün rəqiblərini qabaqlayaraq kuboka sahib çıxıb.

1997 və 2018-ci illərdə isə Ukrayna çempionatının bürünc medallarını qazanıb. İndiyə qədər Ukrayna çempion olmağa nail ola bilməyib.

“Vorskla”nın daha bir uğuru isə 2009-cu ildə olub. Həmin vaxt bu komanda gözlənilmədən Ukrayna kubokuna sahib çıxıb.

2 dəfə Ukrayna Superkubokunda oynasa da, onların birində yalnız – 2009-cu ildə qalib adını qazana bilib.

Ötən il komanda oyunu ilə diqqət çəkib və təsadüfi deyil ki, “Şaxtyor” və “Dinamo” kimi nəhənglərdən sonra üçüncü yeri tuta bilib.

Komandanın baş məşqçisi Vasili Saçkodur.

Poltava təmsilçisi oyunlarını Aleksey Butovskov adına “Vorskla” stadionunda keçirir. Arenanın tutumu 24 586 nəfərdir.