Jurnalistlərin ölümündə terror izi...



 

Mərkəzi Afrikada jurnalistlərin qətli ilə bağlı yeni versiyalar irəli sürülüb.  

“Qafqazinfo” xəbər verir ki, ilkin ehtimallarda jurnalist Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkonunun qarət məqsədilə öldürüldüyü yazılsa da, “Corbeau News Centrafrique” kanalı MAR hakimiyyətindəki mənbələrinə istinad edərək yeni iddia səsləndirib. Ehtimal edilir ki, jurnalistlərin ölümündə “Seleka” islam terror qruplaşması döyüşçülərinin əli var.

“Luka Ndele” radiosunun məlumatına görə isə rusiyalılar təxminən on adam tərəfindən oğurlanıblar. Məmur Marselin Yoyonun sözlərinə görə, Orxan Camalla həmkarlarının olduğu maşına Sibyu şəhəri yaxınlığında hücum edilib. Bütün cinayətkarların başında qara çalma, üzündə maska olub və onlar yalnız ərəb dilində danışıblar.

Rusiya XİN-i isə Mərkəzi Afrikada öldürülən jurnalist Orxan Camal və həmkarları ilə bağlı növbəti açıqlama verib. 

Nazirliyin sözçüsü Mariya Zaxarova jurnalistlərin səfəri və öldürülməsinin dəqiq səbəbini bilmədiklərini, onların səyahətlərini turist kimi rəsmiləşdirdiklərini deyib: “Səfərin məqsədi ilə bağlı əməkdaşlarını ora göndərən şəxslər cavab verməlidirlər. Mən əlimizdə olan sənədlərə əsasən onu deyə bilərəm ki, Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko Rusiyadakı MAR səfirliyində səfər məqsədlərini turistik olaraq rəsmiləşdiriblər”.