“Türk xalqı gələcəyinə səs verdi” - Vüqar Rəhimzadə



 

 

“Ötən gün Türkiyə tarixində kifayət qədər mühüm hadisə baş verdi. Qardaş ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildi və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası seçicilərin etimadını qazandı. Bununla da qardaş türk xalqı öz tarixi seçimini edərək güclü Türkiyənin daha parlaq gələcəyini təmin etdi”. 

“Qafqazinfo” xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. 

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Türkiyə regionda və dünya miqyasında mühüm əhəmiyyətə malik dövlətdir: “Türkiyə Respublikası kifayət qədər mürəkkəb geosiyasi coğrafiyada yerləşir. Xüsusilə Yaxış Şərqdə baş verən hadisələr bunu deməyə əsas verir”. 

O, bildirib ki, Ərdoğanın növbəti dəfə prezident seçilməsi Azərbaycan-Türkiyə dostluq və qardaşlığını, strateji münasibətlərini daha da möhkəmləndirəcək, gələcək üçün yeni perspektivlər yaradacaq: “Bu gün Azərbaycan-Türkiyə birliyi dünyada nümunə göstərilir. Bu birlik tarixi köklərə, milli, dini birliyə, dostluğa, qardaşlığa əsaslanır. Bu birlik möhkəm təməllər üzərində qurulub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət”, türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” dəyərli kəlamları Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunun əyani sübutudur.”