"Onlara ömürləri boyu yüksək maaş vermək məntiqli deyil" - Nazir



 

EMİN ƏMRULLAYEV AKADEMŞƏBƏKƏNİN MÜFTƏXORLUĞUNA ETİRAZ ETDİ - "Onlara ömürləri boyu yüksək maaş vermək məntiqli deyil"

"Alim olan şəxslərin elmi fəaliyyətləri maliyyələşməlidir"

Elm və təhsil naziri Emin Əmrullayev elmi dərəcə, ad və titullara görə ödəniş etməyi məntiqsiz hesab edib. Nazir deyib ki, ödəniş elmi nəticəyə görə olmalıdır. O vurğulayıb: "Tamamilə köklü islahatlara gedib elmi xərcləri elmi nəticələrə bağlamalıyıq, yəni elmi nəticə varsa, elm adamının maaşı yuxarı olmalıdır. İnsan nə vaxtsa elmi ad alıbsa, ona həyatı boyu heç nə etmədiyi üçün yüksək maaş vermək məntiqli deyil..."
Nazir xüsusən qeyd edib ki, elmi adlar önəmli olsa da, alim olan şəxslərin elmi fəaliyyətləri maliyyələşməlidir.
Nə gözəl təkliflərdir! Fəqət dövlətin köksünə daraşıb gecə-gündüz sökən, bütün qazanclarından, status və səlahiyyətlərindən başqa, hər ay müftə-müsəlləh 2000 alıb yırğalanan, elmi fəaliyyət adı altında zay əsərlərlə milləti zay edən müftəxor akademşəbəkə üzvlərini ram etmək olacaqmı?! Müftə pula dadanmış zərərli zümrənin zərərsizləşdirilməsi üçün real addımlar atılacaqmı?!
Əgər E.Əmrullayev bir nazir kimi dediklərini həyata keçirəcəksə, təbii ki, dövlətə və xalqa böyük faydası olacaq, yox, əgər keçirmək gücündə olmayacaqsa, "Gördünmü, necə gözəl çıxış etdim?!" effektindən o yana keçməyəcək...
PS. Təəssüf ki, hal-hazırda elmi-tədqiqat müəssisələrində elmi fəaliyyət yox, yaltaqlıq, oğurluq, riyakarlıq, xəyanət, elmi saxtakarlıq, alverçilik, rüşvətxorluq, plagiatlıq, elm adına dövlət vəsaitinin mənimsənilməsi kimi qəbih əməllər maliyyələşdirilir...

Professor İdris Abbasov

SeherXeber.org