AAK təmsilçiləri avroparlamentin üzvləri ilə görüşüblər
Avropa Azərbaycanlıları Konqresinin təmsilçiləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Avropa ölkələrində təşkil edilən tədbirlər çərçivəsində Avropa Parlamentinin üzvləri ilə görüşüblər. Bu barədə AAK prezidenti Sahil Qasımov məlumat verib.
"Qafqazinfo" xəbər verir ki, görüş Avropa Parlamentinin Bolqarıstandan olan millət vəkili İlhan Kuçuklə keçirilib. O bildirib ki, Parlament üzvləri ilə görüş böyük əhəmiyyət daşıyır və hər bir dövlətin diaspora təşkilatları Avropa Parlamenti ilə sıx əlaqədə olmalı, ölkələri haqqında çıxarılan qərəzli, haqsız qərarlara görə hesabat tələb etməlidirlər.
Növbəti görüş Avropa Parlamentinin Latviyadan olan üzvü İveta Qriqule ilə keçirilib və hər iki deputatla Avropadakı Beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları müzakirə olunub.
Sonda Parlament üzvlərinə ingilis dilinə tərcümə olunmuş "Əli və Nino"kitabı hədiyyə edilib.
AAK-ın prezidenti və idarə heyətinin üzvləri Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovun dəvəti ilə ADR-ın 100 illiyi münasibəti ilə əlaqədar təşkil edilən rəsmi qəbulda istirak ediblər.