Qorxudan, çarəsizlikdən çırpınıb oyanırsız...



 

“Yuxudan qəfil boğulma hissi ilə oyanırsınız, sanki üstünüzdə biri oturub və sizi boğur. Bəzən onunla əlbəyaxaya da çıxa bilirsiniz. Sonra yoxa çıxır... Nəfəsiniz kəsilir, səslənə bilmirsiniz. Hətta elə həddə gəlib-çatır ki, əllərinizi və ayaqlarınızı tərpədə bilmirsiniz. Qorxudan, çarəsizlikdən çırpınıb durursunuz. Dünyanın, demək olar ki, bütün mədəniyyətlərində fərqli adlar (jinn, qarabasma) verilən bu qorxulu vəziyyətin elmi izahı var: yuxu iflici”.

“Qafqazinfo” psixoterapevt Şəbnəm Sadıqova yuxu iflicinin yaranma səbəbləri ilə bağlı yazdığı məqaləni təqdim edir:

“Bir insanın yuxudan oyandığı halda hərəkət edə və ya danışa bilməmə halıdır. Bu, tez-tez REM yuxusundan canlı röya ərəfəsinə (bütün əzələlərin iflic yaşadığı paradoksal yuxu mərhələsinə) keçiş zamanı bədənin yuxudankənar hərəkətlərini əngəlləmək üçün baş verir. Yəni qoruyucu funksiya yerinə yetirir. 

Yuxu iflici zamanı, zehin hələ yuxu dünyasında duyğu səpələnməsı (sensory spill)  yaşadığı üçün bulanıq (dumanlı) olur və bu, şəxsin hallüsinasiya görməyinə səbəb ola bilir. Həmin an hissedilən nəfəs ala bilməmə, döş qəfəsindəki ağırlıq hisslərinin səbəbi də əzələlərin hələ də paralij vəziyyətində olmağıdır. Hansısa mövcüd olmayan, bədbaxt bir canlı deyil.

Psixoterapevt əzələlərdə paralij vəziyyətinin niyə yaranmasına da aydınlıq gətirib:

“Yatdığımız zaman beynimiz müxtəlif aralıqlarla REM və NonREM deyilən mərhələlər yaşayır. Yuxular REM ərəfəsində görülür. Ruxu zamanı qaçmaq, hoppanmaq, yerimək və hətta uçmaq kimi hərəkətləri yatağınız üzərində etməməyiniz üçün bədən iflic vəziyyətində oluruq. Əvvəllər yuxu zamanı beynin öldüyünü deyərdilər. Bunun mif olduğu sonralar araşdırıldı və görüldü ki, beyin elə sahibi yatarkən də zəhmətkeşcəsinə işləyir. Yuxu zamanı yatan sadəcə bədəndir. “Lunatik”lərdə isə vəziyyət bir qədər başqadır.

Yuxu iflici: beynin oyanıb, zehnin açıldığı bir zamanda bədəndəki paralijin davam etməyi deməkdir. İnsan bədənini hərəkət etdirməyə, danışmağa, nəfəs almağa çalışır, amma iflic olduğu üçün bunu edə bilmir. Bu vəziyyət çox nadirən uzun sürə bilir. Adətən bir neçə saniyə vəya dəqiqə çəkir. Şəxs REM yuxusuna geri döndükdə hərşey əvvəlki halına qayıdır. Ya da o, tamamilə yuxudan oyandığı zaman bu işgəncəsi bitmiş olur.

Hərkəs ömründə bir dəfə də olsa yuxu iflicini yaşayır. Bunun üçün yuxu pozuntusu və ya hansısa patalogiyanın olmağı vacib deyil. Düzənsiz yuxu rejimi, stressli iş-həyat, yanlış qidalanma, qəbul edilən bəzi dərmanlar yuxudakı narahatçılıqlara səbəb ola bilər. Bunlara nəzər yetirsəniz, yuxu iflici problemində azalmanın olması yüksək ehtimaldır. Cin çıxartma “əməliyyatları”na verəcəyiniz pullarla da özünüzə rahat yastıq-yorğan alın, şəraitə bağlı yuxu problemləriniz aradan qalxmış olsun. Əgər hərşeyə rəğmən, bu problem davam edirsə, bir EEG çəkdirməyinizdə fayda var”.