Sertifikasiyanın xoş olmayan nəticələri və bunun səbəbləri - Dos. İlham Əhmədov



 

Sertifikasiyanın heç də xoş olmayan nəticələrinə görə daha çox müəllimləri, bəzən də müəllim hazırlığı aparan təhsil müəssisələrini qınayırlar. Bu məsələyə səthi yanaşmadır.
Müəllim hazırlığı keyfiyyətini yüksəltmək istəyiriksə, müəllimləri və onları yetişdirən təhsil müəssisələrini sorğu sual etməzdən əvvəl, məsələnin kökünü araşdırmaq lazımdır.
Bu məqsədlə aşağıdakı suallara cavab tapmalıyıq:
1. Zəif müəllimləri yetişdirən universitet və kollecləri hansı qurum təsis edib?
2. Onların fəaliyyətlərinə illər ərzində necə nəzarət edilib ki, nəticəsi belədir?
3. Bu universitet və kollecləri təhsil standartları, tədris-metodiki və normativ resurslarla hansı qurum təmin edib?
4. Bu universitet və kolleclərin inkişafına illər ərzində hansı dəstək verilib ?
5. Bu universitet və kolleclərə 30 ildə neçə qrant verilib?
6. Bu universitet və kolleclər üçün hansı dərsliklər nəşr olunub?
7. Bu nəşrlər real ehtiyacın neçə faizidir?
8. Təhsil standartları, tədris-metodiki və normativ resursların hazırlanmasına 30 ildə nə qədər investisiya qoyulub?
9. Bu universitet və kolleclərin müəllim hazırlığında istifadəsi üçün hansı elektron resurslar yaradılıb?
10. Müəllim hazırlığı problemləri araşdırılıbmi, prosesin monitorinqi aparılıbmi?
11. Müəllimlərin fasiləsiz hazırlanması üzrə milli strategiya varmı?
12. Bu universitet və kolleclər necə akkreditasiya edilib?
13. Bu universitet və kolleclər niyə ehtiyacdan dəfələrlə az maliyyələşib ?
14. Ölkədə müəllim kadrlarına olan ehtiyac və proqnozları necə təyin edirsiniz?
15. Niyə 30 ildə ehtiyacdan dəfələrlə çox müəllim kadrları hazırlanıb, indi də bu davam edir?
Təbii ki, ETN bu suallara cavab verməlidir, əgər vəziyyətin düzəlməsini istəyirsə. Amma təkcə cavab yox, həm də bu suallardan doğan xeyli problemlərin konkret olaraq yaxın 5 ildə həll yollarını təyin etməlidir, proseslərə əlavə investisiyalar etməlidir. Yoxsa belə bir sual yaranır ki, ETN özü üçün müəllim kadrları hazırlaya bilmirsə, ölkə üçün 100-lərlə ixtisas üzrə kadrları necə hazırlayacaq?
30 il ərzində səmərəsiz fəaliyyət göstərən, heç bir ehtiyac olmadığı halda AMİ və onun 11 filialını açan, bununla da müəllim hazırlığı səviyyəsini aşağı salan, bu sahə üzrə keyfiyyətsiz strategiya və dövlət proqramları hazırlayan, onları çox pis icra edən bir qurum əvvəlcə bir özünü akkreditasiya etsin, əməkdaşlarını sertifikasiya etsin, öz fəaliyyətində olan ciddi problemləri aşkar etsin, öz peşəkarlığını yüksəltsin. Onda aşağı pillələrdə olan digər problemlər də öz təbii həllini tapacaqdır.
Əks halda universitet və kolleclər keyfiyyətsiz kadr hazırlamağa davam edəcəkdir. Çünki, onları idarə edən qurumun özü problemlər içindədir.

SeherXeber.org