Elektromobil almaq istəyənlər üçün AÇIQLAMA



 

Elektrik avtomobilləri üçün dünyanın ən böyük akkumulyator istehsalçısı – Çinin CATL şirkəti bu il akkumulyatorların qiymətini 50 faizədək ucuzlaşdıracağını iddia edir.

Belə ki CATL və digər bazar lideri BYD hazırda Konqoda uşaq əməyi və təhlükəli mədənçilik hesabına başa gələn bahalı və nadir metal olan kobaltdan istifadə etmədən akkumulyator istehsalına başlayıb.

Çin elektrik və hibrid avtomobillər üçün ən böyük bazardır.

Son vaxtlara qədər elektromobil akkumulyatorlarının istehsalı əsasən litium, nikel, manqan və kobalta əsaslanırdı. İndi isə istehsalında kobaltdan istifadə edilmədiyi üçün bu akkumulyatorlar daha ucuz başa gələcək.

Qeyd edək ki, Çinin CATL “Volkswagen”, “Mercedes-Benz”, “BMW”, “Ford”, eləcə də Tesla da daxil olmaqla, demək olar ki, bütün dünya avtomobil istehsalçılarını akkumulyatorlarla təmin edir. 

Bu ucuzlaşma nə ilə bağlıdır və Azərbaycanın avtomobil bazarına necə təsir edəcək?

Bizim.Media-nın bu və ya digər suallarını cavablandıran elektromobillər üzrə mütəxəssis Eyyub Əliyev, hazırda beynəlxalq bazarda bu nəqliyyat vasitələrinə ciddi ehtiyacın olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, bu gün bütün dünya belə avtomobillərə keçid edir:

“Bu istiqamətdə də istər-istəməz bu sahənin mütəxəssisləri qiymətlərin ucuz və əlçatan olması üçün müxtəlif metodlardan istifadə edirlər və elmi araşdırmalar aparırlar. Şirkətin qeyd etdiyi ucuzlaşma isə bazardakı tələbatla bağlıdır və buna da uyğun şəkildə qiymətləri aşağı salırlar”. 

İlk elektromobilərin 2021-ci ilin sonlarında Azərbaycana gəldiyini xatıraladan müsahibimiz, bildirdi ki, onlar ilk illərdə çox baha qiymətə, yəni 100 min manata təklif olunurdu: 

“2023-cü ildə isə dəyəri 20 min manata qədər düşdü. Bu da həm beynəlxalq, həm də daxili bazardakı tələblərlə bağlıdır. Əgər tələb çox olarsa, istehsalçılar da bunun daha ucuz yollarını araşdırırlar. Hansı məhsul ucuz başa gəlirsə, onu da istehsal edirlər”. 

Ölkəmizdə elektromobillər ucuzlaşacaq?

Ucuzlaşmanın daxili bazara təsir imkanlarına gəlincə, ekspert vurğulayıb ki, əgər avtomobillərin dəyərində hansısa bir dəyişiklik olarsa, bu, özünü bizim bazarda da göstərir:

“Bu zaman rəsmi istehsalçıların ölkəmizdəki dilerləri də ucuzlaşmaya getməli olurlar. Bundan başqa, ötən il gömrük rüsumları və ƏDV-lər də aşağı salındı ki, bu da bazara təsir edən amillərdən biri oldu. Hazırda isə qiymətlərin olması zavod istehsalı və logistika xərcləri ilə bağlıdır. Əgər Çin ixrac etmək istədiyi avtomobilləri ucuzlaşdırmaq istəyirsə, bu da daxili bazarımızda 2-3 il ərzində özünü göstərəcək. Bu dövrdə də başqa detalların bahalaşması olacaq. Ona görə də, ən azından qiymətlərin stabilləşməsini müşahidə edəcəyik”.

Çinin daxili bazarındakı azalmalara gəlincə, E.Əliyev, bunun mümkün olduğunu söyləyib:

“Bu ölkə uzun illərdir ki, ekoloji təmiz avtomobillərə əlavə subsidiyalar ayırır və öz vətəndaşlarını avtomobillərlə təmin edirdi. Amma Çindən digər ölkələrə daşınmaları da nəzərə almaq lazımdır. Təkcə ölkəmizdə 20-dən çox Çin brendinin distribütoru fəaliyyət göstərir. Hələ Avropa və Asiya ölkələrindəki nümayəndəliklərini demirəm. Bu baxımdan da ixracla yanaşı, daxili bazarı da təmin etməli olur”.