O şəxslərin fəaliyyəti sonlanacaq, nazirlik xəbərdardır - AÇIQLAMA



 

Azərbaycanda insanların bir çoxu ancaq ən son anda stomatoloqa müraciət edirlər. Lakin unutmaq olmaz ki, mədə-bağırsaq sistemi birbaşa dişlərin sağlamlığı ilə əlaqədar olur.

Bəs öz sahəsinin peşəkarı olmayan stomatoloqlara necə etibar etmək olar? Diş həkiminin peşəkar olub-olmamasını hansı yollarla ayırd etmək mümkündür?

Mövzu ilə bağlı Bizim.media-ya danışan stomatoloq Simurq Məmmədov bildirib ki, pasiyent həkim seçərkən mütləq onun, diplomunun olub-olmamasını sorğulamalıdır:

“Ümumiyyətlə, düşünürəm ki, əhalimizi bu mövzuda maarifləndirmək vacibdir. Çünki reallıq budur ki, nəinki kollec bitirmiş diş texnikləri, hətta heç bir ali təhsili olmayan şəxslər də stomatoloji kabinet açaraq və ya icarəyə götürərək fəaliyyət göstərirlər. 

Təbii ki, əhalimizin bu barədə məlumatsız olması ağır fəsadlara yol açır. İlk olaraq gigiyenik qaydalara riayət edilməməsi və sonunda Hepatit C kimi ağır xəstəliklərin yayılmasını qeyd etmək olar. Məhz buna görə də vətəndaş mütləq getdiyi stomatoloqun diplomunun olub-olmamasını sorğulamalıdır. Təəssüf ki, son illərdə Ukrayna və Gürcüstanda attestatla qiyabi təhsil alıb ölkəmizdə stomatoloq kimi fəaliyyət göstərənlər də çoxdur. Düşünürəm ki, bütün bunlardan Səhiyyə Nazirliyi xəbərdardır və yaxın aylarda saxta diplomlu və diplomsuzların fəaliyyəti sona çatacaq”.
İmplantın cərrahi bir prosedur olduğunu vurğulayan stomatoloqun sözlərinə görə, günümüzdə bu işi bilən də, bilməyən də icra edir:

“Bu işi ixtisaslaşmış üz-çənə cərrahları icra etməlidirlər. Bunun üçün beşillik təhsil verən stomatologiya fakültəsini bitirdikdən sonra, ölkəmizdə, ya da xaricdə üz-çənə cərrahiyyəsi ixtisasını da oxuyub bitirmək lazımdır. 

Təəssüf ki, bu işi bilən də, bilməyən də icra edir. Məhz buna görə implantoloji prosedurdan sonra və ya onun icrası zamanı ciddi fəsadlar, ağırlaşmalar olur. Ən kiçik fəsadlar kimi implantın sümüyə osteointegrasiyanın olmamasını və ya sonrakı dönəmlərdə implant ətrafında iltihabi prosesin olmasını misal göstərmək olar. 

Aparılan araşdırmalar göstərir ki, qoyulan implantlarla bağlı ağırlaşmaların olmasının səbəbi daha çox həkimin bu işlə bağlı planlamasının düzgün olmamasından qaynaqlanır. Bütün bunlar isə onu göstərir ki, həkimlərimiz diş implantasiyası ilə məşğul olmaq üçün mütləq üz-çənə cərrahiyyəsi ixtisası üzrə beş il təhsil almalıdırlar”.