SeherXeber.org müğənni, Əməkdar artist Şəbnəm Tapdıq haqda maraqlı faktları təqdim edir.
Tapdıqova Şəbnəm İlyas qızı 1962-ci il avqustun 13-də Azərbaycan şairi və tərcüməçisi İlyas Tapdıqın ailəsində anadan olub. 190 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan Mədəniyyət və İncəsənət universitetinin tələbəsi olub.
Elə o vaxt Dövlət Televiziya və Radio verilişləri komitəsinin mahnı müsabiqəsindən başlayıb və həmin müsabiqələrin dəfələrlə qalibi olub.
***
Rəşid Behbudov, Şövkət Ələkbərova, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa görkəmli sənət adamları onun çıxışlarını təqdir etmişlər.
Televiziyanın "Xatirə", "Dan Ulduzu" ansambllarının müşayiəti ilə bəstəkar, xalq, estrada mahnıları və həmçinin fransız, ərəb mahnılarını ifa edib.
***
7 il Azərbaycan Konsert Birliyində, 5 il R. Behbudov adına Mahnı teatrında solist kimi işləyib. İfası bədii film və tamaşalarda istifadə olunub.
***
O, Şəfiqə Axundovanın "Bəyaz Çiçəklər" ansamblı ilə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında anşlaq konsertlərə,
Gəncə, Sumqayıt, Mingəçevir, Şəmkir, Tovuz, Gədəbəy, Balakən, Lənkəran, Saatlı şəhərlərində uğurlu solo konsertlərə imza atıb.
Bu konsertlərdən savayı, Şəbnəm Tapdıq 1989-cu ildə Türkiyə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Ankarada Atatürk adına "türk musiqisi" ocağının qonağı olmuş, məşhur musiqiçi Mehmet Özbəyin rəhbərlik etdiyi ansamblı ilə geniş proqramla solo konsert verib.
***
Məşhur şair İlyas Tapdığın ailəsində böyüyən müğənni uzun müddət Şəbnəm adı ilə bağlı məsələlərdə gündəmə çevrilib. Belə ki, müğənni Azərbaycanda ilk Şəbnəm adının ona məxsus olduğunu vurğulayıb. Hətta o, həmkarı Şəbnəm Qəhrəmanovadan şikayət də edib. Müğənni Şəbnəm Qəhrəmanova proqramların birində Ş.Tapdığın 102-yə zəng vuraraq, ondan şikayət etdiyini deyib. Onun iddiasına görə, Şəbnəm Tapdıq Ş.Qəhrəmanovanın adını dəyişməsini tələb edib. Ş.Qəhrəmanova bir daha bu hal təkrarlansa, Şəbnəm Tapdığı məhkəməyə verəcəyini deyib.
Ətraflı
***
Şəbnəm Tapdıq ad ilə bağlı məsələlərə münasibət bildirərkən deyir:
"Mən 40 ildir ki, sənətdəyəm. Bu sənətə gələndə də Şəbnəm adı ilk məndə olub. Daha sonralar incəsənətdə Şəbnəm adı çoxaldı. Mən də onlardan fərqlənmək üçün adımı patentləşdirməyə qərar verdim. Yəni Şəbnəm adımı dəyişib İlk Şəbnəm qoydum. Bütün televiziya və radiolara rəsmi ərizə yazıb bildirdim ki, mənimlə bağlı hər hansısa bir məlumat və ya ifalarım səslənərsə, adımı İlk Şəbnəm Tapdıq söyləsinlər. Qoy, sənətdə olanlar Şəbnəm olsunlar, mən də İlk Şəbnəm olum".
Müğənni heç bir zaman ailə qurmayıb. Onunla bağlı yayılan şayiələrdən biri isə həmkarı Sərxan Sərxanla sevgili olması olub. O, bu barədə müsahibələrinin birində belə deyir:
"Evlənib xoşbəxt olmayan insanlar çoxdur. Ailə söhbəti gələndə problem yaşayıram. İnsan gərək ailə quranda ağıl dəryası olan birini seçsin. Evlənib başımı cəncələ salmaq istəmirəm. Çox adam var ki, ailə qurub peşman olub. Neçə ildir sənətdəyəm, rahatam. Niyə ərə gedib başımı ağrıdım ki... Qorxuram, ailə qurub xoşbəxt olmayım. Məni ifa etdiyim mahnıya görə Sərxanla nişanladılar. Atam televiziyada baş redaktor idi. Məni Sərxanla o tanış edib. Demişdi ki, Sərxan çəkilişə gəlir, sən də gəl. Atamın dostu atama deyib ki, bütün şəhər danışır ki, Şəbnəmlə Sərxanın toyudur. Atam cavab qaytarıb ki, nə danışırsan sən? O uşağı özüm aparıb, gətirirəm. Onun yanında oturmuşamsa, o demək deyil ki, evlənmişəm".
***
Müğənni Sərxan Sərxan isə müsahibələrinin birində deyir:
"Şəbnəm xanımı çox sevirlər. Hamı, bizim bütün kişilər mənim kimi ona qızılgül vermək istəyərdilər. Tamaşaçılar hər zaman istəyirdilər ki, biz bir olaq. Deyirdilər, guya "Ay gecikən məhəbbətim" mahnısını ona yazmışam. Belə deyil. Bibim oğlu bu şeiri mənə vermişdi ki, ona musiqi bəstələyim. Şəbnəm xanım çox gözəl bir müğənnidir, biz o vaxt verilişlərdə görüşmüşük. Nədənsə, bizim duetlərimiz hamıya maraqlı gəldi və bizi birlikdə verilişlərə dəvət etdilər. Deyirlər ki, mahnılarımı onun üçün oxuyuram. Xeyr, mən mahnılarımı hansısa bir xanıma həsr etməmişəm. Bu kiminsə fantaziyasıdır. Aramızda necə sevgi ola bilər ki, mən həmişə Moskvada yaşamışam. Mən ona bacı gözü ilə baxmışam, kim nə istəyir, qoy danışsın. Bu sözlər məni qətiyyən narahat etmir, əsas odur, onu narahat etməsin".
***
Şəbnəm Tapdıq "İrs" ansamblı ilə 1985-ci ildən əməkdaşlıq edir.
2002-ci ildən müntəzəm olaraq "İrs"lə yeni mahnılar, konsert proqramları hazırlayır.
***
O, 7 mart 2009-cu il Azərbaycan Respublikasında mədəniyyət sahəsində xidmətlərinə görə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.