BƏQƏRƏ SURƏSİNİN MESAJLARI
Bəqərə surəsinin nüzul ortamı, mövzu və mesajları
(əvvəli ötən saylarımızda)
XI YAZI
Allah Rəsulu uca Allaha imanı bu ölçülərlə tanıtmışdır:
- iman qəti inanc üzrə haqqı qəbul etməkdir;
- iman ilə elm arasında əlaqə var: “Allahdan ancaq alim qulları qorxar”; (Fatır, 35/28)
- iman qəlbin əməlidir, onun halıdır;
- imanın meyvəsi ümiddir;
- mömin güvəncəsi olan insandır;
- “İslam aşkardır, iman qəlbdə, təqva isə - ürəyini göstərərək – bax, buradadır”; (İbn Hənbəl, Müsnəd, 3/135)
- “Qəlbi istiqamət tapıncayadək qulun imanı istiqamət tapa bilməz. Dil istiqamət tapıncayadək də qəlbi istiqamət tapmaz”; (İbn Hənbəl, Müsnəd, 3/198)
- “İman rəhbər, ağıl sürücü, nəfs isə azğın bir minikdir. Əgər rəhbər qəbul etməsə, sürücüyə əsla tabe olmaz. Sürücü qəbul etmədiyində də rəhbərə uymaz”; (Rağıb əl-İsfahani, Erdemli yol, s. 164)
- iman, təqva, islam anlayışları bir-birinə bağlıdır: “(Cənnət) təqva sahibləri üçün hazırlanmışdır” (Ali-İmran, 3/133), “Eni göylər və yer qədər olan bir cənnətdir ki, Allaha və elçisinə iman edənlər üçün hazırlanmışdır” (Hədid, 57/21), “Əlbəttə! Hər kim ehsan sahibi olaraq zatını Allaha təslim edərsə (islam), Rəbbi yanında əcri var”. (Bəqərə, 2/112)
- iman qəlb ilə təsdiq, dil ilə iqrar (söyləmək), bədən üzvləri ilə əməl etməkdir; (İbn Macə, Sünnə, 9)
- uca Allaha iman iman əsaslarının təməlidir; (Tirmizi, Dəavat, 122; Ənbiya, 21/25)
- insanları uca Allaha dəvət etmək ən xeyirli əməldir, bütün elçilərin ortaq işidir; (Buxari, Həcc, 4)
- uca Allaha iman insanı yoxdan var edənin onun üzərindəki haqqıdır; (Buxari, Elm, 49)
- iman təsdiqdir, təsdiqin məkanı qəlbdir: “Kim qəlbi ilə təsdiq edərək Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna şahidlik edərsə, Allah onu cəhənnəmə haram edər”; (Tövbə, 9/24)
- uca Allaha iman etmək ən çox onu sevmək, ona güvənmək, onu vəkil seçmək, Ona təslim olmaq, Onun buyurduğu həyatı yaşamaqdır: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, həyat yoldaşlarınız, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun elçisindən, Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyədək gözləyin...”;
- kim Allahı Rəbb, İslamı din, Məhəmmədi elçi olaraq səmimi şəkildə ürəkdən mənimsəyərsə, o, imanın dadını almışdır; (Müslim, İman, 56)
- kim Allah üçün sevərsə, Allah üçün nifrət edərsə, Allah üçün verərsə, Allah üçün mane olarsa, o, imanını kamilləşdirmiş, kamala çatdırmışdır; (Əbu Davud, Sünnə, 15)
- Allah Rəsulu imanın dil ilə təsdiqinə də önəm vermişdir, yəni imanı qəlbinizdə canlı/diri tutun, onun qorunmağa ehtiyacı var: “Kim (gündə) yüz dəfə “La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhül-mülkü və ləhul-həmdu və huvə alə kulli şeyin qədir (Allahdan başqa ilah yoxdur, Onun heç bir ortağı yoxdur, mülk Onundur, həmd Onadır. Onun gücü hər şeyə yetər) deyərsə, bu, o insan üçün on kölə azad etmək savabına bərabər olar. Ona yüz savab yazılar və yüz günahı da silinər. (Bu dedikləri o günün axşamınadək onu şeytana qarşı qoruyar...)”; (Buxari, Dəavat, 64)
- Allah Rəsulu imanın əməli yönünə də diqqəti çəkmişdir: “... Bu dinin başlanğıcı Allahdan başqa ilah olmadığına, Onun ortağının olmadığına və Məhəmmədin Onun qulu və elçisi olduğuna iman etmək, bu işin dirəyi namaz qılmaq, zəkat vermək, bu dinin zirvəsi də Allah yolunda cihad etməkdir”; (İbn Hənbəl, Müsnəd, V, 245)
- Allah Rəsulu insanı cənnətə aparacaq əməlləri belə sıralamışdır: “Allaha şərik qoşmadan ibadətə davam et, fərz namazı qıl, fərz olan zəkatı ver, Ramazan orucunu tut, insanların səninlə necə rəftar etməsini istəyirsənsə, sən də onlarla o şəkildə rəftar et, insanların sənə etməsini istəmədiyin davranışı sən də başqalarına etmə!” (İbn Hənbəl, Müsnəd, VI, 384)
- Allah Rəsulu imanın yetmişdən çox şöbəsi olduğunu buyurur (yetmiş sayı çoxluqdan kinayədir): “İmanın yetmişdən çox şöbəsi var. Bunların ən üstünü “la ilahə illallah” (Allahdan başqa ilah yoxdur) sözüdür. Ən alt mərtəbəsi isə insanlara əziyyət verən şeyləri yoldan götürməkdir. Həya da imanın bir şöbəsidir”. (Nəsai, İman, 16; Müslim, İman, 58; Qeyd: İslam alimləri imanın şöbələri ilə bağlı kitablar yazmışlar, məsələn: Beyhəqi, “Şuəbul-iman” (“İmanın şöbələri”), Hüseyn Həlimi, “Kitabul minhac fi şuəbul-iman”)
- Allah Rəsulu imanın sosial yönlərinə, həyatın bütün sahələri ilə əlaqəsinə də diqqət çəkmişdir. Hər kim Allaha və axirət gününə iman edərsə:
- qonşusuna əziyyət etməsin; (Buxari, Ədəb, 3)
- qonağına yaxşı baxsın; (Buxari, Ədəb, 3)
- ya xeyirli söz söyləsin, ya da sussun; (Buxari, Ədəb, 3)
- bir-birini sevsin; (Əbu Davud, Ədəb, 130)
- dürüst olsun; (Müslim, İman, 62)
- vicdanlı olsun; (Müslim, İman, 62)
- Allah Rəsulu uca Allaha imanı zərrə qədər zədələyən hər söz və davranışı rədd etmişdir: “Allah əcdadlarınızın adına and içməyi qadağan etmişdir. And içən Allah adına and içsin, ya da sussun”, (Tirmizi, Nüzul, 8) “Kəbə haqqı deməyin, Kəbənin Rəbbinin haqqı üçün deyin”, (İbn Hənbəl, II, 69) “Uca Allah belə buyurmuşdur: Bəndələrimdən bəziləri mənə iman edərək, bəziləri isə məni inkar edərək sabaha gözlərini açdı. Kim Allahın fəzli və rəhməti ilə yağış yağdı demişdirsə, o, mənə iman etmiş, ulduzun (ilahi gücünü) inkar etmişdir. Kim də filan-filan ulduzun doğması, ya da batması ilə əlaqədar olaraq yağış yağdı demişdirsə, o da məni inkar etmiş, ulduza iman etmişdir”. (Müslim, İman, 125)
Allah Rəsulu uca Allaha iman edənləri müjdələmişdir:
- iman və saleh əməl cənnəti qazanmağın tək yoludur; (Tirmizi, İman, 18)
- Ona ürəkdən bağlanan cənnəti qazanar; (Müslim, İmarə, 116)
- cəhənnəm atəşi uca Allaha iman edənə haramdır; (Buxari, Elm, 49)
- ona əzab edilməz; (İbn Macə, Zühd, 35)
- cəhənnəmdən xilas olar; (İbn Mənbəl, I, 407)
- uca Allah onu bağışlayar; (İbn Macə, Zühd, 35)
- rəhmətinə qovuşdurar: “Kim Allahdan başqa ilah olmadığına, Məhəmmədin Allahın qulu və Rəsulu olduğuna iman edərsə, o insana cənnətin səkkiz qapısı açılar, onların hansından istərsə, oradan içəri daxil olar” (Müslim, Təharət, 17).
MƏLƏKLƏRƏ İMAN
Bu, imanın ikinci şərtidir. Allah Rəsulu buyurur: “Mələklər nurdan, cinlər alovlu atəşdən, Adəm isə sizə (Qurani-Kərimdə) xəbər verildiyi kimi (palçıqdan) yaradılmışdır” (Müslim, Zühd, 60).
Allah Rəsulu buyurur: “İnsanların əməllərini qeyd edən mələklərdən başqa bir də Allahın yer üzündə gəzən mələkləri var. Bunlar Allahı zikir edən qruplara rast gələndə: “Axtardığımız budur, buradadır, gəlin!” – deyərək bir-birini çağırırlar. Dərhal oraya gələrək dünya səmasına qədər onları dövrəyə alıb əhatə edirlər. Allah o mələklərdən soruşar: “Bəndələrimin yanından ayrılanda onlar nə işlə məşğul idilər?” Onlar da: “Biz onların yanından ayrıldıqda Sənə həmd və təzim edir, Səni zikir edirdilər”, - deyə cavab verərlər” (Tirmizi, Dəavat, 129).
Allah Rəsulu buyurur: “Xəstələnmiş müsəlman qardaşına baş çəkməyə gələn insan xəstənin yanında oturana qədər (sanki) cənnət meyvələri içərisində gəzmiş olur. Oturduğu vaxt onu rəhmət bürüyər. Əgər baş çəkməyə səhər vaxtı gedibsə, axşama qədər yetmiş min mələk ona dua edər, bağışlanmasını istəyər. Ziyarət axşam olarsa, səhərə qədər yetmiş min mələk onun üçün dua edər, bağışlanmasını istəyər” (İbn Macə, Cənaiz, 2).
Qurani-Kərim və hədislər mələkləri tanımaq üçün bu ölçüləri verir:
- mələklərə iman qeybə imanın ayrılmaz parçasıdır; (Bəqərə, 2/1-3)
- mələklərin varlığını rədd etmək küfürdür, mələk vasitəsi ilə gələn vəhyi, mələyin vəhy gətirdiyi elçini, vəhyin sahibi olan uca Allahı inkar etməkdir. “Elçi Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış, möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman etdilər” (Bəqərə, 2/285). Ayədə mələklərə iman uca Allaha imandan sonra ikinci sıraya yerləşdirilmişdir;
- uca Allahın tək olduğunun şahidlərindən biri də mələklərdir; (Ali-İmran, 3/18)
- mələklərin varlığını inkar edənlər azar, zillətə, dəlalətə düşər; (Nisa, 4/36)
- mələklərə düşmən olmaq uca Allaha düşmən olmaqdır: “Hər kim Allaha, onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir”; (Bəqərə, 2/98)
- mələklər ancaq uca Allahın buyruqlarını yerinə yetirirlər; (Məryəm, 19/64)
- “mələk” sözünün bu mənaları var: “elçi”, “xəbər gətirən”, “güclü”; (Rağib əl-İsfahani, Müfrədat, s. 1390-1393)
- mələk insandan fərqli varlıqdır; (Rağib əl-İsfahani, Müfrədat, s. 1390-1393)
- yəhudilik və xristianlıqda mələklərlə bağlı bu bilgilər var: uca Allaha itəat edirlər, uca Allahla insan arasında elçidirlər, insanı qoruyan mələklər var, onlar alovdan yaradılıblar, gücün simvolu olan qanadları var, sayları çoxdur, bilgiləri azdır, vəzifə bölgüləri var, yaxşı və pis mələklər var, yəhudilər bəzən mələkləri kişi (erkək) kimi təsvir edirlər, yemək yediklərini söyləyirlər, xristianlar mələklərin cinsiyyətinin olmadığına, bir bədənə sahib olduqlarına inanırlar; (“Melek” maddesi, DİA, XXIX, s. 39)
- cahiliyyə ərəbləri bütpərəst idilər, onlar mələkləri insanı uca Allaha yaxınlaşdıran varlıq kimi qəbul edirdilər, mələklərin Tanrı olduğunu söyləyənlər də var idi, mələklərin dişi olduğuna inanır, onları “Allahın qızları” (Allahın xanımları anlamında) adlandırırdılar; (“Melek” maddesi, DİA, XXIX, s. 37)
- uca Allah yanlış mələk anlayışını rədd etdi: “Həqiqətən, axirətə inanmayanlar mələklərə (onların Allahın qızları olduğunu iddia edərək) qadın adları verirlər. Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz!” (Nəcm, 53/27-28)
- mələklər duyğularla hiss edilməz; (Müslim, Zühd, 60)
- fərqli biçimlərə girə bilirlər; (Müslim, Zühd, 60)
- nurdan yaradılmışlar; (Müslim, Zühd, 60)
- gözlə görünməzlər; (Müslim, İman, 290; İbn Hənbəl, VI, 237)
- elçilər görə bilərlər; (Müslim, İman, 290; İbn Hənbəl, VI, 237)
- cinsiyyətləri yoxdur (erkək, ya da dişi deyillər); (Zuxruf, 43/19)
- yemirlər, içmirlər; (Zariat, 51/24-28)
- güclü və heybətlidirlər; (Təhrim, 66/6; Təkvir, 81/20)
- əlləri var (mahiyyəti bilinmir, məcaz da ola bilər); (Ənam, 6/93)
- qanadları var (məcaz da ola bilər); (Fatır, 35/1)
- mələkləri insanlara, quşlara bənzətmək doğru deyil;
- onlar uca Allaha tam təslim olmuşlar, Onun əmrindən çıxmazlar; (Nəhl, 16/49-50)
- uca Allahdan öncə söz söyləməz, Onun əmri ilə iş görərlər; (Ənbiya, 21/27)
- əsla etiraz etməzlər; (Təhrim, 66/6)
- yalnız uca Allahın izni ilə hərəkət edərlər; (Məryəm, 19/64)
- uca Allahın öyrətdiklərindən başqa bir şey bilməzlər; (Bəqərə, 2/32)
- Ona şövqlə ibadət edərlər: “Rəbbinin yanında olanlar (Allaha yaxın olan mələklər) Ona ibadəti özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə tərif deyər və ancaq Ona səcdəyə qapanarlar!”; Əraf, 7/206)
- saylarını uca Allah bilir;
- vəzifələrini uca Allah bilir;
- dərəcələri var; (Saffat, 37/164)
- Cəbrail vəhy mələyidir; (Şüəra, 26/193-195; Təkvir, 81/19-21)
- Mikail ruzi və rəhmət mələyidir; (Bəqərə, 2/98)
- Əzrail ölüm mələyidir (adı Qurani-Kərimdə yoxdur, “ölüm mələyi” kimi tanıdılmışdır); (Səcdə, 32/11)
- İsrafil qiyamətin qopduğunu xəbər verəcək (adı Qurani-Kərimdə yoxdur); (Beyhəqi, Şüəbul-iman, I, 312)
- mələkut aləminə aiddirlər;
- uca Allaha yaxın mələklər var; (Nisa, 4/172)
- ərşi daşıyan mələklər var; (Haqqa, 69/17)
- yazan mələklər var (mötəbər/etibarlı katiblər: “kiramən-katibin”); (İnfitar, 82/10)
- qoruyucu mələklər var; (Ənam, 6/61; Rəd, 13/11)
- cənnət və cəhənnəmin nəzarətçisi olan mələklər var; (Zümər, 39/71-73; Zuxruf, 43/77)
- zəbanilər (əzab mələkləri) var; (Ələq, 96/15-18)
- möminlərə yardım edən mələklər var; (Fussilət, 41/30-32)
- möminlərin bağışlanması üçün uca Allaha dua edən mələklər var; (Mömin, 40/7-9; Şura, 42/5)
- mələklər cümə namazına gələnlərə şahidlik edərlər; (Müslim, Cuma, 24)
- saxura qalxana, oruc tutanlara rəhmət diləyərlər; (Tirmizi, Savm, 67)
- namaz qılanla birlikdə amin deyən mələklər var; (Müslim, Səlat, 74)
- namazda möminlərlə birlikdə olan mələklər var; (Məsai, Səlat, 21)
- Allahı zikir edən, Quran oxuyan müsəlmanlara baş çəkən mələklər var; (Müslim, Zikir, 38)
- elm öyrənənlərin üzərinə qanadını gərən mələklər var; (Tirmizi,Elm, 19; Əbu Davud, Elm, 1)
- savaşlarda yardım edən mələk ordusu var; (Müslim, Cihad, 58)
- mələklər Allah Rəsuluna dua və yardım edərlər; (Əhzab, 33/56)
Nurani varlıq olan mələklərə iman insanı tövhid inancına bağlayar, onu dünyəviləşməkdən (dünya malına kölə olmaqdan, yalnız bu dünyanın varlığına inanmaqdan) xilas edər, tənhalıqdan ümidsizlikdən, ölüm qorxusundan qurtarar. Mömin mələyin bu sözlərini xatırlayar: “... Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey var. Bağışlayandan, rəhm edəndən (Allahdan) ruzi (ziyafət) olaraq!” (Fussilət, 41/30-32)
Ardı var...
Sıracəddin Hacı