BƏQƏRƏ SURƏSİNİN MESAJLARI
Bəqərə surəsinin nüzul ortamı, mövzu və mesajları
(əvvəli ötən sayımızda)
X YAZI
Uca Allah elçilərin qeybi bilmədiyini israrla buyurur:
- hz. İsa qeybi bilmədiyini söyləyir; (Maidə, 5/116-117)
- hz.Yaqub qeybi bilmir; (Yusuf, 82/1-111)
- hz.Məhəmməd qeybi bilmir: “De ki, mən peyğəmbərlərin ilki deyiləm. Mənə və sənə nə olacağını da bilmirəm. Mən sadəcə mənə nazil edilən vəhyə tabe oluram”; (Əhkaf, 46/9)
Qurani-Kərimdə qeyb möminliyin əlamətidir. Möminlər idrak olunmayanlara, beş duyğu ilə qavranılmayanlara, ağılın dərk etməkdə aciz olduğu məsələlərə - Allaha, axirətə, cənnətə, cəhənnəmə, mələklərə... iman edirlər.
Alimlər qeybi iki yerə ayırırlar:
- nisbi / izafi qeyb – bir şey bəlli bir zaman qeyb olar, sonra bilinər, məsələn, divarın o biri üzündəki sənin üçün qeybdir, ancaq oradakılar üçün qeyb deyil, sən divarın o biri üzünə keçsən, qeyb ortadan qalxar;
- mütləq qeyb / həqiqi qeyb, bilinməsi mümkün olmayan qeyb. Bu qeybi uca Allah bildirməsə, bilinməz. Onu ancaq uca Allah bilir: “Qeybin açarları Allahın yanındadır, qeybi Ondan başqası bilməz”, (Ənam, 6/59) “De ki, qeybi bilmək ancaq Allaha aiddir”; (Yunus, 10/20)
Uca Allah qeybdən dilədiyi qədər elçilərinə bildirir: “O, qeybi biləndir. Öz qeybini razı olduğu elçilər xaric kimsəyə bildirməz”, (Cin, 72/27) “Bunlar qeyb xəbərləridir. Sənə (elçiyə) vəhy edirik”, (Hud, 11/49) “Ey həbibim, de ki: sizə Allahın xəzinələri yanımdadır demirəm, qeybi də bilmirəm” (Ənam, 6/50; Hud, 11/31).
Qeyb keçmiş, indiki və gələcək zamana aid ola bilər. İnsanın bir sıra məsələləri bilməməsi onun üçün rəhmətdir. Belə ki, insan irəlidə başına gələcəkləri öncədən bilsə idi, həyat işgəncə / zindan olardı.
Qeybə iman edən hidayətdən pay alar, Qurani-Kərim qeybə inananlara yol göstərər. Qeybə iman deyir ki, həyatın məqsədi var, o da axirətdir.
Mələklər, cinlər qeybi bilməzlər, qeybi bilən ancaq uca Allahdır: “De: “Göylərdə və yerdə Allahdan başqa heç kimsə idrakı aşan həqiqətləri (qeybi) əsla qavraya bilməz, heç kimsə öldükdən sonra nə zaman dirildiləcəyini də bilməz”. (Nəml, 27/65)
Uca Allah buyurur ki, Qurani-Kərimin sənin hidayət rəhbərinin olmasını istəyirsənsə:
a) müttəqi (təqvalı) ol;
b) qeybə iman et;
c) namaz qıl;
d) infaq et;
Həqiqi möminlər:
- uca Allaha təslim olarlar;
- bütün elçiləri təsdiq edərlər;
- qiyamət gününə, cənnətin, cəhənnəmin, cəza və mükafatın varlığına iman edərlər;
- elçilər arasında fərq qoymazlar;
Təqva sahiblərinin birinci özəlliyi qeybə inanmaqdır (Bəqərə surəsinin ilk beş ayəsində möminlərin özəllikləri sayılmış, ilk sıraya qeybə iman qoyulmuşdur).
Qurani-Kərim varlıqları iki yerə ayırır: görünməyən, idrak edilməyən varlıqlar. Bunlar qeyb aləminə aiddir, elmin deyil, imanın mövzusudur, təcrübə, müşahidə, ağılla bilinməz. İkincisi, idrak edilən varlıqlardır, bunlar da şəhadət aləminə daxildir. Uca Allah varlığı iki yerə ayırmışdır: qeyb, şəhadət. Qeyb aləmi “kainatın ruhudur”. (Süleyman Ateş, Kurani-Kerim tefsiri, c.I, s. 93)
Böyük alim Məhəmməd Əsəd yazır: “Qeyb yanlış olaraq “görünməyən” biçimində tərcümə edilir. Qurani-Kərimdə insanın qavrayış imkanının xaricində olan, onun qavraya bilməyəcəyi həqiqətin bütün səhifələrini ifadə etmək üçün istifadə edilir. Buna görə də elmi müşahidə ilə isbatı, ya da rəddi mümkün deyil... Məsələn, Allahın varlığı, kainatın yaradılış məqsədi, ölümdən sonrakı həyat, zamanın gerçək mahiyyəti, ruhi varlıqlar, onların bir-biri ilə əlaqələri... Ancaq əsl həqiqətin müşahidə edilə bilən çevrədən daha çoxunu əhatə etdiyinə inanan insan Allaha imana və bu yolla həyatın bir anlamı, qayəsi olduğu inancına qovuşa bilər. Qurani-Kərim ancaq idrakı aşan həqiqətlərin varlığına inananlar üçün bir rəhbər olduğuna işarə edir. Bu yolla da qapısının zehinləri bu təməl ölçünü qəbul etməyənlər üçün məcburi olaraq qapalı olduğunu vurğulayır”. (Muhammed Esed, Kuran mesajı, meal-tefsir, s.4)
Qeybin ziddi şəhadətdir: “De: “Allahım! Ey göylərin və yerin yaradıcısı! Ey idrakı aşan həqiqətləri (qeybi) də, idrak edilənləri (şəhadət) də bilən! Qullarının mübahisə etdikləri məsələlərdə aralarında son sözü söyləyəcək olan yalnız Sənsən, Sən!” (Zumər, 39/46)
Bəqərə surəsinin ilk beş ayəsindəki qeybə iman iman əsaslarına, namaz uca Allaha olan ibadətlərə, infaq uca Allahın rizası üçün xərclənənlərə işarə edir.
Qeybə iman insana, mələklərə, cinlərə aid özəllikdir. Qeybə imanın praktik qarşılığı var, o, insana bunları verir:
- insana dəyər qazandırır;
- azadlıq bəxş edir;
- tövhid inancına bağlayır;
- deyir ki, varlıq yalnız gördüklərindən ibarət deyil;
- yalnız gördüyünə, qavradığına inanmaq insanı maddənin köləsinə çevirər (materializm bunu etmişdir);
- insan qeybə inanmasa, dünyəviləşər, ancaq bu dünya üçün yaşayar;
- qeybə inanmaq insanın uca Allahla əlaqəsini təmin edər;
- ona ümid verər;
- həyatına anlam yükləyər;
- zaman şüuru verər;
- əxlaqını gözəlləşdirər;
- “... Qeybə iman insanın yüksəlmə nərdivanının ilk pilləsidir, çünki insan yalnız duyğuların hakim olduğu heyvanlıq səviyyəsindən ancaq bu addımla (qeybə inanmaqla) qurtular... zaman və məkanın dışında olan uca bir gücün varlığını hiss edər, kainatın dışında böyük bir gerçəyin olduğunu, bu varlıqların Ondan meydana gəldiyini və Ona möhtac olduğunu anlayar. Bu da gözlərin görmədiyi, ağılların idrak etmədiyi kainatın mütləq hakimi uca Allahdır... O halda, qəlb gözünü açmadan, ruhi güclərdən ilham almadan və ağılın qavraya bilməyəcəyi qeyb aləmini qəbul etmədən, ağılı tək ölçü qəbul edərək metafizik aləmləri anlamaya çalışmaq nəticəsiz, anlamsız şeylərlə məşğul olmaqdan başqa bir şey olmaz... Qeybə iman deyir ki, ağıl mütləq varlığı qavraya bilməz... Qeybə iman insanın heyvanlar dünyasından yüksəlişinin hərəkət nöqtəsidir...”. (Seyyid Kutub, Fi zilalil-Kuran, c.I, s. 56-57)
1) “... İman edərlər” – hidayətə qovuşanlar o kəslərdir ki, idrakı aşan həqiqətlərə (qeybə) bütünü ilə iman edərlər.
“İman” sözü “ə-m-n” kökündəndir. Qurani-Kərimdə eyni kökdən olan sözlərin sayı səkkiz yüz yetmiş doqquzdur, (Mehmet Okuyan, “Çok anlamlılık bağlamında Kuran sözlüğü”, İstanbul, 2015, s. 97-102) bu anlamları var:
a) “iman etmək” – “İnanıb xeyirli işlər edənlərə (gəlincə) imanlarından ötrü Rəbləri onları altından çaylar axan nemət cənnətlərinə daxil edər”. (Yunus, 10/9; Bəqərə, 2/13, 62, 126, 177, 253, 285)
b) “güvənmək” – “Bir-birinizə bir əmanət versəniz, əmanət verilən kimsə əmanəti sahibinə versin və (bu məsələdə) Rəbbi olan Allaha qarşı həssas olsun”. (Bəqərə, 2/283; Yusuf, 12/64; Tövbə, 9/61)
c) “əmanət etmək” – “Allah sizə əmanətləri mütləq əhlinə verməyinizi əmr edir”. (Nisa, 4/58; Bəqərə, 2/283; Ənfal, 8/27)
d) “məsuliyyət” – “Biz əmanəti göylərə, yerə və dağlara təqdim etdik”. (Əhzab, 33/72)
Rağib əl-İsfahaninin “əmn” sözü ilə bağlı bu təsbitləri var:
- “əmn” sözünün əsl mənası qəlb hüzurudur;
- “əmn” qorxunun ortadan qalxmasıdır;
- insanın güvən içindəki halını ifadə edir;
- atəşdən qorunmuş anlamı var;
- tövhidi ifadə edir;
- ədaləti vurğulayır;
- ağıla işarə edir (alim “Biz əmanəti göylərə, yerə təqdim etdik” ayəsindəki “əmanət” sözünə “tövhid”, “ədalət”, “ağıl” anlamlarını verir);
- şəriət anlamı var;
- təslim olmaqdır;
- inanc sistemidir;
- doğru sözdür;
- saleh əməldir;
- təsdiqdir;
- güvəndir; (Rağib əl-İsfahani, Müfrədat, s. 99-101)
Dilçi alim İbn Manzur “Lisanul-ərəb” adlı lüğətində “iman” sözü ilə eyni kökdən olan kəlmələri zidləri ilə tanıtmışdır:
- “əmn” – qorxunun ziddidir;
- “əmanət” – xəyanətin ziddidir;
- “iman” – küfrün ziddidir;
- təsdiq anlamındakı imanın ziddi təkzibdir (yalanlama);
Alimlərin ortaq görüşü budur: iman təsdiqdir, iman qeybi həqiqətlərə olar, iman bir şeyin doğru, gerçək olduğunu təsdiqdir, iman müşahidə və dəlil sahəsinin dışında qalan, başqa bir ifadə ilə qeyb aləminə aid olan təsdiqdən ibarətdir.
İman təsdiqdir, yeri qəlbdir, islam təslimiyyət və bağlılığın elanıdır, dil ilə gerçəkləşir. Hər mömin müsəlmandır, ancaq hər müsəlman mömin olmaya bilər. İman içi (mahiyyəti, özü, ruhu/canı), islam dışı/zahiri təmsil edir.
İman təsdiqdir dedik, təsdiqin üç biçimi var:
a) dil ilə
b) qəlb ilə
c) əməl ilə
İmam Maturidi deyir ki, önəmli olan qəlblə təsdiqdir. İmam Əbu Hənifə deyir ki, iman qəlblə təsdiq, dillə söyləməkdir.
İman Allah Rəsulunun uca Allahdan gətirdiklərinin hamısını qəbul, təsdiq, etirafdır.
Qəlbi ilə təsdiq edib məcburiyyət qarşısında dili ilə inkar edən mömindir. Qəlbi ilə inkar edib dili ilə təsdiq edən münafiqdir (ikiüzlüdür).
Ayədəki “iman edərlər” ifadəsi “təsdiq edərlər” anlamındadır (qeybi təsdiq edərlər, İbn Abbas).
Ayədəki “iman edərlər” ifadəsi “qorxarlar” anlamındadır (Rəbi bin Enes).
Ayədəki “iman edərlər” ifadəsi “əməl edərlər” anlamındadır (Zühri).
İman ağacının dörd hissəsi var:
a) kökü – mərifətdir, elmdir, öyrənmədən iman olmaz, öncə tanıyacaqsan, tanıyan sevər, sevən təslim olar, təslim olan azad olar, azad olan qurtular;
b) gövdəsi – qəlblə təsdiqdir, bilən/tanıyan təsdiq edər;
c) budaqları – dillə söyləməkdir;
d) meyvələri – saleh əməllərdir;
Qurani-Kərimə görə iman artar və azalar: “... Möminlər ancaq o kimsələrdir ki, Allah anıldığı zaman qəlbləri ürpərir. Onun ayələri onlara oxunduğu zaman (bu) onların imanlarını artırır. Onlar sadəcə Rəblərinə təvəkkül edərlər. Onlar namazı dosdoğru qılan, onlara ruzi olaraq verdiyimiz şeylərdən Allah yolunda xərcləyən kimsələrdir. Onlar gerçək möminlərdir. Onlara Rəbləri yanında yüksək mərtəbələr, bağışlanma və səxavətlə verilmiş ruzi var” (Ənfal, 8/1-4).
İman ağıl, qəlb və vicdanın təsdiqi, dilin bunu etiraf etməsi (iqrar), davranışların da bunlara uyğun olması ilə gerçəkləşən bir bütündür/tamdır, mərifət – təsdiq – söyləmə - saleh əməl dördlüsünə əsaslanan sistemdir. Bu dörd sütunun hər hansı biri olmasa, bu sütunlar üzərində ucalan iman sarayı təhlükə ilə qarşılaşar.
İman uca Allaha qul olmağı təsdiq etmək, Onun buyurduğu kimi yaşamaqdır.
Əbul-Həsən Ali əl-Əşari deyir ki, iman üçün qəlblə təsdiq yetərlidir.
İmam Əbu Hənifə deyir ki, iman üçün sadəcə qəlblə təsdiq yetərli deyil, dillə də söylənməlidir. Bu, imanın iki parçasıdır.
Hədisçilərə, Mötəzilə və Xaricilərə görə iman üç şeyin toplamıdır:
a) Haqqa inanmaq;
b) Haqqı dil ilə söyləmək;
c) Əməl etmək;
Qurani-Kərimin üç yerində imanın şərtləri açıqlanmışdır: “Kim Allahı, mələklərini, kitablarını, rəsullarını və axirət gününü inkar edərsə, sapıqlığın / azğınlığın / dəlalətin dibinə gömülmüş olar” (Nisa, 4/136)
Bu ayəyə görə imanın birinci şərti:
UCA ALLAHA İMANDIR
Allah Rəsulu buyurur: “Kim səmimi qəlblə Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna şəhadət edərsə, Allah ona cəhənnəmi haram edər” (Buxari, Elm, 49).
Allah Rəsulu buyurur: “Kim bu üç xüsusiyyəti daşısa, imanın dadını alar: Allah və Rəsulunu hər şeydən çox sevmək, bir insanı yalnız Allah rizası üçün sevmək, Allah küfürdən xilas etdikdən sonra təkrar inkar etməkdən oda atılmaqdan uzaqlaşdığı kimi uzaqlaşmaq” (Müslim, İman, 67).
Allah Rəsulu buyurur: “İmanın yetmişdən çox mərtəbəsi var. Bunların ən üstünü “La ilahə illəllah” sözüdür. Ən aşağı mərtəbəsi isə insanlara əziyyət verən şeylərin yoldan qaldırılmasıdır. Həya da imanın bir mərtəbəsidir” (Nəsai, İman, 16).
Ardı var...
Sıracəddin Hacı