Trampın keçmiş vəkili sorğuya çəkilir



 

ABŞ-da Nyu-York Prokurorluğunda ölkənin keçmiş liderinin maliyyə fəaliyyətlərinə dair istintaq çərçivəsində onun keçmiş vəkili Maykl Koen dindirilib.

Bu barədə “Reuters” mənbələrə istinadən xəbər yayır.

Təfərrüat açıqlanmasa da, hökumətin “Trump Organization”ın maliyyə əməliyyatları barədə vəkilin nə deyəcəyi ilə maraqlandığı bildirilir.

Qeyd edilir ki, Koen artıq beşinci dəfədir ki, sorğuya çəkilir.

Sözügedən istintaqla bağlı yaxın zamanlarda başqa bir neçə nəfərin də dindirilməsi planlaşdırılır.

Koen 2018-ci ilin dekabrında vergidən yayınma, seçki kampaniyası qabağı maliyyə pozuntuları, bank fırıldaqçılığı və ABŞ maliyyə qurumlarına yalan məlumat vermək kimi bir sıra cinayətlərə görə üç il həbs cəzasına məhkum edilib. Maliyyələşdirmə qaydalarının pozulması seçki kampaniyası üçün ayrılan vəsaitlərin düzgün istifadə edilməməsi ilə əlaqələndirilib.

Bildirilir ki, bu vəsaitlərin bir hissəsi Trampın keçmişdə nikahdan kənar əlaqələr qurduğunu iddia edilən iki qadının susması üçün ödənilib.

2019-cu ildə vəkil Sayrus Vens Trampın və onun “Trump Organization” şirkətinə 2011-ci ildən bəri vergi ödəmələri barədə məlumat təqdim etməsi üçün çağırış göndərib. Prokuror iştirak etdiyi məhkəmə prosesi ilə əlaqədar olaraq bu materiallar ilə tanış olmasının vacibliyini vurğulayıb. Bu sənədlərə Trampın keçmişdə münasibət qurduğunu iddia edilən qadınlara susması üçün pul ödəməsi, vergi və bank sahələrində mümkün qanun pozuntuları aiddir.