“Sumqayıt” əmioğlularla müqavilələri yenilədi
“Sumqayıt” Futbol Akademiyasının yetirmələri – yarımmüdafiəçilər Rüfət və Səbuhi Abdullazadə komanda ilə 2019/2020 mövsümündə bağladıqları peşəkar müqavilələri yeniləyib.
Belə ki, onların mövcud müqavilələri 2022/2023 mövsümünün sonuna qədər uzadılıb.
Qeyd edək ki, Rüfət Abdullazadə Premyer Liqada bu mövsüm 8, ümumilikdə 12 oyun, Səbuhi Abdullazadə isə bu mövsüm 8, ümumilikdə 22 oyun (1 qol) keçirib. U-21 millimizin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə Premyer Liqada debüt edib.
Rüfət qeyd olunmuş mövsümün XI turunda “Keşlə” ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura XIV turda “Kəpəz”lə oyunda (3:0) nail olub. Onu da bildirək ki, Rüfət və Səbuhi 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.
Qeyd edək ki, Rüfət və Səbuhi Abdullazadələr əmioğludur.