AMADA 10 illik strategiyasını açıqladı
Azərbaycan Milli Antidopinq Agetntliyinin (AMADA) növbəti 10 illik fəaliyyət strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında hazırlanır.
Oxu.Az saytının məlumatına görə, bu barədə qurumun rəhbəri Şəfəq Hüseynli açıqlama verib.
Şəfəq Hüseynli AMADA-nın 2016-cı ilin dekabr ayında təsis edilməsindən sonra qəbul olunan 4 illik Davamlı Strateji Planının icrasının yekunları ilə bağlı da məlumat verib. Bildirib ki, Azərbaycanda müstəqil milli antidopinq təşkilatı qismində təsis edilmiş publik hüquqi şəxs olan AMADA ictimai əhəmiyyət daşıyan dopinqlə mübarizə funksiyasını həyata keçirir.
Əsas missiyası ölkə ərazisində antidopinq proqramını həyata keçirmək olan AMADA-nın 26 nəfərdən ibarət işçi heyəti və mülki müqavilə əsasında fəaliyyət göstərən 31 nümunə toplama heyəti vardır.
Ölkənin milli antidopinq təşkilatı və Ümumdünya Antidopinq Məcəlləsinə imza təşkilatı olan AMADA Azərbaycanda dopinqlə mübarizəni Məcəlləyə və beynəlxalq standartlara uyğun, şəffaf qaydada həyata keçirir. Qurumun əsas fəaliyyətinə test etmə, təhsil, təhqiqatlar, elm və nəticələrin emalı daxildir.
AMADA 4 illik fəaliyyətini və hədəflərini əks etdirən Davamlı Strateji Planının hazırlanmasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsas götürüb. Hansı ki, bu, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında təsdiq edilmiş və bütün dünya ölkələri tərəfindən dəstəklənmiş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əksini tapıb. Gündəlikdə 2030-cu ilədək daha yaxşı və dayanıqlı gələcəyə çatmaq üçün 17 qlobal məqsəd müəyyənləşib. Bu qlobal çağırışı nəzərə alan AMADA özünün Davamlı Strateji Planında həmin 17 məqsəddən 11-nin əks olunduğu beş istiqamət bəlli olub: sağlamlıq və təhlükəsizlik, təhsil və profilaktika, dürüstlük və insan hüquqları, innovasiyalar və artım, ətraf mühit öhdəliyi.
Əminliklə demək olar ki, AMADA 4 illik fəaliyyəti dövründə bütün bu qlobal dəyər və prinsiplərə sadiq qalıb və Davamlı Strateji Planını uğurla icra edib.
AMADA Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Milli Prioritetləri rəhbər tutaraq yeni 10 illik Davamlı Strateji Planını hazırlamağa başlamışdır. Bu plan 4 illik müsbət təcrübəyə, yüksək davamlılıq standartlarına və yeni inkişaf öhdəliklərinə əsaslanacaq.