Azərbaycanlı futbolçunun Portuqaliyaya viza almasında yaranan maneə - SƏFİRLİKDƏN AÇIQLAMA
“Zirə”nin futbolçusu Cəlal Hüseynovun Portuqaliyanın “Benfika” klubunun düşərgəsinə yollanması problemə çevrilib.
Belə ki, Lissabon klubu yanvarın 3-dən 16-dək 18 yaşlı mərkəz müdafiəçisini baxışa çağırsa da, viza almaq mümkün olmayıb.
Portuqaliyanın Azərbaycanda səfirliyi olsa da, konsulluq xidməti olmadığından, bu ölkəyə viza məsələlərini Fransanın Bakıdakı diplomatik nümayəndəliyi həyata keçirir. Bəs vizanın yubanmasının səbəbi nədir?
Oxu.Az Fransanın Bakıdakı səfirliyi ilə əlaqə saxlayıb. Məlum olub ki, “Zirə” klubu onlara müraciət edib. Fransa konsulluğu isə öz növbəsində futbolçuya Şengen vizasının verilməsi üçün Portuqaliyanın İstanbuldakı səfirliyinə müraciət edib. Lakin qarşı tərəf hələ ki məsələyə reaksiya verməkdə tələsmir.
Aydın məsələdir ki, Portuqaliya konsulluğunun yubanması bu ölkəyə pandemiya ilə əlaqədar səfərlərin məhdudlaşdırılması ilə bağlıdır. Çünki ilin əvvəlindən Portuqaliyada koronavirusla bağlı vəziyyət gərginləşib. Hətta İngiltərənin “Arsenal” klubu “Benfika” ilə UEFA Avropa Liqası matçı üçün Lissabona getmək istəməyərək, oyunun neytral meydanda keçirilməsini istəyir.
“Zirə”nin meneceri Elman Himayətoğlu da saytımıza açıqlamasında futbolçunun nə vaxt Portuqaliyaya yollana biləcəyini bilmədiklərini qeyd edib:
“Birinci dəfə viza almaq mümkün olmadıqda, “Benfika” tərəfi bunu anlayışla qarşıladı. Onlar özü də məsələyə qarışmışdı ki, viza alınsın. Ancaq mümkün olmadı. Portuqaliyada hazırda pandemiya ilə bağlı vəziyyət gərgin olduğundan, “Benfika” hələ ki futbolçumuzun hansı tarixdə klubun düşərgəsinə qatılması ilə bağlı heç nə bildirməyib. Bizim kimi, onlar da pandemiyanın zəifləməsini gözləyirlər. Bundan sonra yeni tarixi müəyyənləşdirmək olar”.
Qeyd edək ki, Cəlal Hüseynov 19 yaşadək millimizin oyunları zamanı “Benfika” klubunun skautlarının diqqətini cəlb edib.
Səbuhi Musayev