Braziliyalı hücumçu: “Azərbaycana çempion olmaq üçün gəlmişəm”



 

“Zirə”yə gəldiyim üçün özümü çox yaxşı hiss edirəm. Komandam yaxşı heyətə malikdir və avrokuboklara vəsiqə verən yerlər üçün mübarizə aparır. Artıq bir müddətdir ki, Braziliyadan kənardayam. Ona görə də hesab edirəm ki, komandaya tez uyğunlaşacağam”.

Oxu.Az xəbər verir ki, bunu “Zirə” klubunun yeni transferi Filipe Paştman Braziliyanın istoe.com.br saytına açıqlamasında deyib.

“Zirə” yanvarın 30-da Ukraynanın “Lvov” klubundan Filipe Paştmanı icarəyə götürdüyünü açıqlayıb. 20 yaşlı hücumçu ilə  6 ay + 3 illik müqavilə imzalanıb. “Zirə” maraqlı olacağı halda, mövsümün sonunda onu birbaşa transfer etmək hüququna malikdir.

İki gün əvvəl “Neftçi”yə səfərdə 1:0 qalib gəldikləri kubok oyununun 77-ci dəqiqəsində meydana daxil olan futbolçu Azərbaycanda debütünü rəsmiləşdirib. 99 nömrəli formanı geyinən gənc forvard “Zirə” ilə çempion olmaq istədiyini bildirib:

“Bütün Avropa komandalarının arzusu Çempionlar Liqası və ya Avropa Liqasında oynamaqdır. “Zirə”yə klubun çempion olması üçün kömək etməyə gəlmişəm. Ancaq hazırkı yerimiz (“Zirə” üçüncü yerdədir – S.M.) də önəmlidir. Çünki belə də avrokuboklara gedə bilirik”.

Səbuhi Musayev