“Tokio-2020”nin maraqlı qadağaları: Şüar səsləndirməyə və alqışa icazə verilməyəcək



 

Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Paralimpiya Komitəsi və “Tokio-2020”nin Təşkilat Komitəsi Yaponiyada keçiriləcək olimpiya oyunlarının ilkin qaydalarını təqdim edib.

TASS agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin saytında məlumat verilib.

Qaydalara əsasən, oyunlarda iştirak edəcək idmançılar öz üzərlərində məcburi şəkildə xüsusi tətbiqetmə vasitəsi gəzdirəcək və sağlamlıqları barədə məlumat verməli olacaqlar.

Həmçinin idmançılar əl sıxmaq da daxil olmaqla başqaları ilə mümkün qədər fiziki təmasdan çəkinməli, aralarında iki metr məsafəni qorumalı və hərəkət qrafikləri barədə məlumat verməlidirlər.

Bundan əlavə, idmançılar yarışlarda tamaşaçı kimi də iştirak edə bilməyəcəklər.

Qadağalar tamaşaçılara da şamil ediləcək.

Belə ki, azarkeşlərin şüar səsləndirməsi və idmançıları alqışlaması qadağan ediləcək.

Təhlükəsizlik tədbirlərinin pozulması idmançının yarışdan kənarlaşdırılması ilə nəticələnə bilər.