Nazir müavini: “Müharibədən qayıtmış gənc əsgərlərimizə psixoloji dəstək verəcəyik”



 

“Gənclər Evlərinin bazasında müharibədən qayıtmış gənc əsgər və qazilərimizə psixoloji dəstək veriləcək”.

Bunu Oxu.Az-a Gənclər və İdman nazirinin müavini İntiqam Babayev deyib.

Nazir müavini 2 fevral - Azərbaycanda Gənclər Günü ilə bağlı danışıb. O, pandemiya şəraitində görülən tədbirlərin əhəmiyyətini vurğulayıb: “Düz 25 il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü və sərəncamı ilə bu gün təsis olunub. Heydər Əliyevin vaxtında Azərbaycan gəncləri üçün davam etdirilən ənənə Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Ötən il pandemiya şəraitində daha çox gənclərlə bağlı tədbirlərimiz onlayn şəkildə baş tutdu. Gənclər və İdman Nazirliyinin Mərkəzi Aparatı tərəfindən 115 tədbir və layihə icra olundu. Bu tədbir və layihələr çərçivəsində çalışırıq ki, gənclərin ölkəmiz üçün potensialını aşkar edək”.

İ.Babayev bildirib ki, nazirlik 2021-ci ildə Qarabağda öz üzərinə düşən vəzifələri icra edəcək, müharibədən qayıtmış hərbçilərə dəstək göstərəcək:

“Vətən Müharibəsi zamanı böyük missiya da Azərbaycan gənclərinin üzərinə düşdü. Prezident də Şuşada olarkən vurğuladı ki, bu gün Azərbaycanda vətənpərvər gənclər yetişib. Yaradıcı gənclər nazirlik tərəfindən keçiriləcək toplantıda mükafatlandırılacaq.

Nazirlik Qarabağ məsələsində iki istiqamətdə fəaliyyətdə olacaq. Birincisi, Qarabağın dirçəldilməsi yönündə gənclərin rolu, həmin ərazilərdə müxtəlif gənclər layihələrinin icrası ilə bağlıdır. Bu layihələr müxtəlif festivallar, konsertlər, düşərgələrin təşkilindən ibarət olacaq. Digər işimiz isə şəhid və qazi ailələri ilə bağlı görüləcək planlarla bağlıdır. Pandemiya imkan versə, şəhid ailələrin uşaqları ilə yay düşərgələri təşkil etmək istəyirik.

Gənclər Evlərinin bazasında müharibədən qayıtmış gənc əsgər və qazilərimizə psixoloji dəstək məqsədilə yardım etmək də nəzərdə tutulub. Bunun üçün ixtisaslaşmış şəxslərin xidmətindən yararlanacağıq”.

Qeyd edək ki, Azərbaycanda gənclər yaşı kimi 16-35 yaş aralığı qəbul edilir. Onların sayı isə təxminən 2 milyon 600 min nəfər təşkil edir.

Səbuhi Musayev