“Gecə sobanı yanılı qoyub yatıblar, qaz da dolub evə...”



 

Xəbər verdiyimiz kimi, jurnalist Əfqan Muxtarlının bacısının ailəsində faciə baş verib.  Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında kirayədə yaşayan Nuranə Sabir qızı Muxtarlı və onun bir azyaşlı övladı, o cümlədən qardaşı Ramazanın azyaşlı qızının meyitləri aşkar edilib.

"Qafqazinfo" xəbər verir ki, hadisə barədə Meydan TV-yə Əfqan Muxtarlının qardaşı Elşən Muxtarlı məlumat verib. Onun sözlərinə görə, meyitlər dekabrın 31-də saat 14 radələrində aşkarlanıb:

“Qaz sobası işlədirdilər. Gecə yanılı qoyub yatıblar. Bərk külək olub, qazı söndürüb, xəbərləri olmayıb. Qaz da dolub evə”.

Elşən Muxtarlı deyib ki, hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb.

E. Muxtarlı bildirib ki, hazırda meyitlər tibbi müayinə olunmaq üçün Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.

Hadisə barədə Əfqan Muxtarlıya məlumat verilib. "Bastainfo" saytının baş redaktoru Mustafa Hacıbəylinin sözlərinə görə, Əfqan Muxtarlı onunla əlaqə saxlayıb: "Əfqan Muxtarlı zəng etmişdi. Çox üzülüb. Dedi: "Vəkillərim Penitensiar Xidmətə müraciət etsinlər, dəfnə gəlib çatım".

Vəkil Elçin Sadıqov Əfqan Muxtarlının dəfndə iştirak etməsi üçün Penitensiar Xidmətə müraciət edib. Vəkil deyib ki, hazırda Penitensiar Xidmətə gedirəm və hələlik dəfndə iştirakına icazə verilməyib.