Cəlilabadda əkin sahələrindən su nasoslarını oğurlayan şəxs saxlanılıb - FOTO



 

Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kənd təsərrüfatı sahələrini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu faktları törədən şəxsin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Qeyd olunub ki, Cəlilabad rayonunda müxtəlif ərazilərdə ayrı-ayrı şəxslərə məxsus kənd təsərrüfatı sahələrində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən rayonun Uzuntəpə kənd sakini Rəvan Mirzəyev saxlanılıb.

Araşdırma zamanı onun ümumilikdə 14 şəxsə məxsus sahədən 16 ədəd su nasosunu oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində həmin qurğuları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladığını və rayonun müxtəlif yerlərində satdığını etiraf edib.

Oğurlanan su nasoslarının bir qismi R.Mirzəyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.