500 illik məscid məhv olmaq üzrədir: “Pulumuz yoxdur...” - FOTO



 

Xaçmaz rayonunun Qaraqurdlu kəndindəki XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi baxımsızlıq ucbatından tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Kompleksə kənardan baxdıqda, ətrafının çəpərlə əhatəli olduğu və mühafizə altında saxlandığı görünür. Əslində isə daxili hissəsi ikimərtəbəli olan məscid-mədrəsənin tavanı çöküb. Bu isə onu göstərir ki, yaz və payız yağışları, həmçinin qışın qarı bu tarixi abidənin içərisinə tökülür. Sözsüz ki, belə təbii proseslər abidənin günü-gündən məhvinə aparır. 

Lent.az -ın əməkdaşı məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Xaçmaz rayonu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.

Qurumdan verilən cavabda bildirilir ki, abidə xidmətin mühafizəsindədir:

“Bilirik ki, abidə qəzalı vəziyyətdədir. Bu barədə lazımı qurumlara yazılı və şifahi məlumatlar verdik və büdcədən həmin abidə üçün yardım ayrılacağı deyilib”.

Amma kompleksi təmir edib Xaçmaza gələn turistlərin diqqətinə təqdim etmək olar.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyir ki, əslində Azərbaycanda bu tipli yüzlərlə abidə var. Əlbəttə ki, onların hamısı turizm potensiallı ola bilər:

“Biz istəyərdik ki, onlar bərpa edilsin, qorunsun ki, turistlər də ora cəlb edilə bilsin. İndi siz dəqiq bir obyektin adını çəkirsiniz. Təbii ki, bu işlə bağlı məşğul olan konkret dövlət strukturları var.

Biz özümüz də Dövlət Turizm agentliyi olaraq strukturumuza daxil olan səkkiz mədəni tarixi qoruğu daim diqqətdə saxlayırıq. Bunlar Yuxarı Baş, Kiş, Lahıc, Basqal, Xınalıq, Yanardağ, Atəşgah və sonuncu yaradılan Beşbarmaq qoruqlarıdır. Bizim bu qoruqlarda əsas iş prinsipimiz ondan ibarətdir ki, ilk növbədə, turist gəldi, ya da gəlmədi fərqi yoxdur, onları qoruyaq. Daha sonra həmin məkanların turizm potensialını inkişaf etdirək. Biz sistemli olaraq, tabeliyimizdə olan qoruqlarda bu işləri aparırıq. Hər bir qoruğumuzda konsepsiya hazırlanır və ona uyğun olaraq da işlər həyata keçirilir”.

Şah Abbas məscid-mədrəsəsi Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında da qarşımıza çıxmadı. Amma həmin siyahıda Xaçmazın Piritəpə və Çobantəpə kurqanları, Şəhərgah, Təpəyatağı, Molla Burxan, Çileyir yaşayış yerləri, Dəyirmantəpə, Şiştəpə daxil olmaqla ümumilikdə 24 abidənin adı yer alıb.