Əli Əsədov nazirləri topladı: Nəzarət gücləndirilir - FOTO
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair məsələləri müzakirə edib.
Baş Nazir Əli Əsədovun sədrlik etdiyi videokonfransda Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyev, Baş Prokuror Kamran Əliyev, Daxili İşlər Naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Səhiyyə naziri Oqtay Şirəliyev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in sədri Ramin Bayramlı və 68 şəhər və rayonun icra hakimiyyəti başçıları, şəhər və rayon prokurorları, daxili işlər və DTX şöbələrinin rəisləri, sanitar–epidemiologiya mərkəzlərinin, rayon mərkəzi xəstəxanaları və səhiyyə şöbələrinin rəhbərləri iştirak ediblər.
Baş Nazir qeyd edib ki, Prezident İlham Əliyev avqustun 6-da keçirdiyi video müşavirədə hökumət və müxtəlif dövlət orqanları qarşısında nəzarətin gücləndirilməsi haqda ciddi tapşırıq verib.
Baş Nazir Əli Əsədov bildirib ki, Operativ Qərargah infeksiyaya yoluxmaların sayının azalmasını və iqtisadi fəallığın artırılması zərurətini nəzərə alaraq avqustun 10-dan bəzi istehsal, ticarət və xidmət sahələrində yumşalmaları elan edib. Tapşırıq ondan ibarətdir ki, sanitar qaydalara ciddi əməl olunmalı, nəzarət funksiyasını həyata keçirəcək orqanlar müəyyənləşməli, nəzarət funksiyası qüsursuz tətbiq edilməlidir.
Baş Nazir vurğulayıb ki, iqtisadi aktivlik ilə sanitar qaydalara əməl olunmasını sinxronlaşdırmaq lazımdır. Yenidən geriyə qayıtmamağımız üçün bu, ən mühüm məsələdir. Qəbul olunmuş qaydalara əməl olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra hakimiyyətləri, hüquq-mühafizə orqanları - Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır.
Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək. Xüsusi qeyd olunub ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir. Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Pezidentə məruzə edəcək.
Müşavirədə son bir ay ərzində bütün ölkə üzrə karantin qaydalarına əməl olunmasına nəzarətin vəziyyəti müzakirə olundu, nöqsanlar qeyd edildi, onların aradan qaldırılması haqda təkliflər səsləndirildi.
Karantin qaydalarına riayət edilməsi üzərində nəzarətin texniki, inzibati və maarifləndirmə aspektləri müzakirə olundu.