“ABŞ-da erməni uşaqlar terrorçu Monte Melkonyan adına məktəbə gedirlər, nişan taxırlar” - SƏFİRLƏ MÜSAHİBƏ



 

 “ABŞ-ın Azərbaycan icması ədalətli fikrini ifadə etdi. Hər kəs bu aksiyaların necə mədəni olduğunu gördü. ABŞ azərbaycanlıları Ermənistanın təcavüzkar siyasəti ilə əlaqədar etirazlarını güc tətbiq etmədən bildirdilər. Aksiyalara qoşulan etnik türklərə, eləcə də, Azərbaycan cəmiyyətinə çox təşəkkür edirəm. Bu, Vətənə bağlılığın təzahürü idi”.

Bunu Media.Az-a müsahibəsində Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov deyib.

Azərbaycanlı diplomatın sözlərinə görə, insanlar son vaxtlar Ermənistanın Azərbaycanla sərhəddə təcavüzündən narahat olduqlarını dilə gətirirlər:

“Biz cəmiyyətimizin aydın təşkilatçılığının şahidi olduq, bu, çox vacibdir. Başqa bir məqam. Digər məsələyə gəldikdə, diqqət yetirin, azərbaycanlılar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında aksiya təşkil etdilər, ermənilər isə 30-a yaxın adamla toplaşaraq, Azərbaycanın diplomatik nümayəndəliyi qarşısında aksiya keçirməyə çalışdılar.

Təxribatçı ifadələr səsləndirildi. Azərbaycanlılar daha çox - təqribən 200 nəfər idi. Ancaq erməniləri heç kim təhdid etmirdi”.

Müsahibimiz Los-Ancelesdə və digər şəhərlərdə baş verənlərə diqqət yetirməyə çağırır.

“Erməni radikalları toplaşaraq, soydaşlarımızı vəhşicəsinə döydülər. Bu qəzəb doğurmaya bilməz. Səfirliyə giriləcəyi də daxil olmaqla, təhdidlər alırıq. Los-Ancelesdəki Baş Konsulluğumuza da eyni təhdidlər edilir. Mənə elə gəlir ki, ABŞ tərəfi Vyana Konvensiyasını nəzərə alaraq, buna daha diqqətlə yanaşmalıdır, çünki onu qəbul edən dövlətdir”, - Elin Süleymanov qeyd edir.

- ABŞ-da söz azadlığından danışırlar...

- Bir şəxs bəzi xuliqan dəstəsi tərəfindən döyüləcəyindən qorxaraq küçəyə çıxa bilmirsə, bu normaldır? İnsanlar xəstəxanalara düşürsə, hansı sərbəst toplaşmaq azadlığından danışa bilərik?

Erməni radikalları tərəfindən görünməmiş bir təcavüzlə qarşılaşırıq. Bu da başadüşüləndir. Təsəvvür edin, şagirdlər terrorçu Monte Melkonyanın adını daşıyan məktəbə gedirlər. Onlar böyüyüb kim olacaqlar? İnsanlar nişan taxırlar, nasist ortağı Qaregin Nidjenin davamçıları olduqlarını iddia edirlər... ABŞ-da, -Los-Ancelesdə erməni terrorçuların türk diplomatlarını öldürdüklərini unutmaq olmaz.

Bir sualım var: Ermənistan, doğrudan da, özünü təcridetmə, özünü məhv etmək kursunu davam etdirmək istəyir? Faşist ideyalarının hakim olduğu bir cəmiyyət olaraq qalmaq istəyir? Söhbət yalnız Ermənistanın xarici təcavüzündən getmir. Biz onların öz vətəndaşlarını, siyasətçilərinı və millət vəkillərini güllələyəndə ölkə daxilindəki zorakılığı da gördük. Ermənilərin özləri bu barədə düşünməlidirlər.

Los-Ancelesdəki hadisələrə qayıdaraq, nəinki soydaşlarımızın, eyni zamanda, amerikalı polisin ermənilərin aqressiv hərəkətləri nəticəsində zərər çəkdiyini qeyd etmək istərdim. Qeyd edim ki, bununla bağlı cinayət işi başlanıb.

Cəmiyyətimiz, səfirliyimiz və Los-Ancelesdəki baş konsulluğumuz hüquq-mühafizə orqanlarının əməkdaşları ilə fəal əlaqə qurur, ABŞ-da yaşayan adi azərbaycanlıların və diplomatik korpusun nümayəndələrinin təhdid altında olduğunu bildiririk.

Soydaşlarımızı erməni tərəfinin təxribatlarına uymamağa çağıran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya çox minnətdaram. Bu, çox vacib və vaxtında alınmış qərar idi. Bu gün Azərbaycana qarşı informasiya müharibəsi aparılır. Bu hər kəsə aydındır, maskalar yırtılıb. İnformasiya müharibəsi şəraitində Mehriban xanımın müraciətinin əvəzi ödənilməzdir.

- Bir gün əvvəl Ermənistan tərəfi ABŞ-ın Texas ştatında bir sıra kütləvi aksiyalar barədə anons etdi. Sonra məlum oldu ki, aksiya baş tutub, amma heç kim bunun fərqinə varmayıb...

- Hyustonda kiçik bir aksiya oldu, ancaq düzgün qeyd etdiyiniz kimi, heç kim bundan xəbər tutmadı. Hyuston Bakının əkiz şəhəridir. Orada çox güclü Azərbaycan icması var. Lakin ABŞ-ın bütün şəhərlərindəki yerli hakimiyyət orqanları çox diqqətli olmalıdırlar.

Bizim üçün əsas prioritet həmvətənlərimizin həyatını və sağlamlığını qorumaqdır.

Azərbaycanlılar təxribatlara uymamalıdırlar. Ermənilər isə sakitləşməlidirlər. Aqressiya dalğasına özləri başladılar və buna özləri son qoymalıdırlar. ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşlarının ölkədəki bütün çətinliklərə rəğmən, reaksiyası qəti və sürətli olmalıdır.